Bakıda 17-ci Azərbaycan Beynəlxalq Turizm və səyahətlər sərgisinin açılışı keçirildi - +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

Bakıda 17-ci Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisinin açılışı keçirildi +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

Aprelin 5-də Bakı Ekspo Mərkəzində 17-ci Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisi (“AITF 2018”) qapılarını ziyarətçilərinin üzünə açıb. Builki sərgi “Bütün dünya – bir sərgi” şüarı altında keçirilir.

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “İteca Caspian” və onun tərəfdaşı “İTE Group plc” şirkətlərinin (Böyük Britaniya) təşkilatçılığı ilə gerçəkləşən ənənəvi sərgi Xəzəryanı regionda turizm sənayesinin ən böyük tədbiri sayılır. AITF Dünya Turizm Təşkilatı və Asiya-Sakit Okean Turizm Assosiasiyası tərəfindən də dəstəklənir. “AITF 2018” sərgisinin tərəfdaş ölkəsi hər il mütəmadi olaraq öz milli stendi ilə çıxış edən Bolqarıstandır.

 

Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev AITF sərgisinin 17 ildir turizm sənayesi üzrə beynəlxalq görüş platformasına çevrildiyini dedi. Qeyd olundu ki, Azərbaycan turizminin dünya ölkələrində daha geniş tanıdılması üçün böyük təbliğat işləri görülür. Ölkəmizdə turizm sənayesi hər il yüksələn xətlə inkişaf edir.

 

Nazir vurğuladı ki, dövlət başçısının rəhbərliyi ilə ölkəmizin turizm sektorunun inkişafını təmin etmək məqsədilə bir sıra mühüm işlər görülür. Bunun nəticəsidir ki, ötən il ölkəmizin turizm potensialının inkişafında 20 faiz artım müşahidə edilib. 2017-ci ilin ilk üç ayı ilə müqayisədə ölkəmizə gələn turistlərin sayında bu il 12, 5 faiz artım var. Bir sıra ölkələrin vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanılması Azərbaycana səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb. Bu gün ölkəmizə xarici turistlərin daha rahat şəkildə səfər etmələri üçün müvafiq işlər görülür. Eyni zamanda Azərbaycan turizminin marketinq strategiyasına uyğun olaraq, turistlərin cəlb olunması baxımından prioritet hesab olunan ölkələrin vətəndaşları üçün beynəlxalq hava limanlarında sadələşdirilmiş qaydada viza verilir. Bu qəbildən ölkələrin coğrafiyasının genişləndirilməsi nəzərdə tutulur.

 

“AITF 2018”in əhəmiyyətindən söz açan Əbülfəs Qarayev bildirdi ki, sərgi ötən illərdə regionun müasir turizm bazarının ümumi mənzərəsini əks etdirməklə yanaşı, dünyanın müxtəlif guşələrinin koloritini təqdim edən beynəlxalq sərgi statusunu daha da möhkəmləndirib. Builki sərginin də bu ənənələrin nümayişi üçün böyük imkanlar açdığını dilə gətirən nazir beynəlxalq tədbirin işinə uğurlar arzuladı.

 

 

“Beynəlxalq əhəmiyyətli tədbirlər Azərbaycana daha çox turist cəlb edəcək”

 

 

Tədbirdə çıxış edən BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili bildirdi ki, 2017-ci il Azərbaycan turizm sektorunun inkişafı üçün çox gözəl il oldu: "Keçənilki artıma görə Azərbaycan hökumətini təbrik edirəm. Mən görürəm ki, bu sərgidə iştirak edən ölkələrin sayının artması Azərbaycana olan marağı daha bariz ifadə edir. Düşünürəm ki, bu sektorun inkişafı üçün qadınlara və gənclərə imkan yaradılması vacib məsələlərdən biridir. Yeni texnologiyaların tətbiqi bu sahənin daha da irəli getməsinə gətirib çıxaraq. Beynəlxalq əhəmiyyətli tədbirlər Azərbaycana daha çox turist cəlb edəcək və turistlər Bakının necə gözəl şəhər olduğuna özləri şahid olacaqlar”.

 

Bolqarıstanın turizm nazirinin müavini İrena Georgiyeva çıxış edərək ölkəsinin Qafqazın ən böyük sərgisi sayılan “AITF”-in tərəfdaşı olmağından məmnunluğunu dilə gətirdi: “Sərgi çərçivəsində reallaşacaq görüşlər iştirakçı dövlətlər arasında turizm sahəsində əlaqələrə təsir göstərəcək. Əməkdaşlığımızın nəticəsi olaraq bu ilin yanvarında Bakı-Sofiya aviareysi açılıb. Bu da öz növbəsində ikitərəfli turizm axınlarına müsbət təsirini göstərməkdədir. Ötən il Azərbaycandan Bolqarıstana səfər edən turistlərin sayı 3300, ölkəmizdən Azərbaycana səfər edən turistlərin sayı isə 2100 nəfər olub. Ölkələrimizin daha böyük turizm potensialı var və biz bu potensialdan daha səmərəli istifadə edərək qarşıdakı illərdə turist səfərlərini artıra bilərik”.

 

 

Sərgidə 20 ölkədən 277 şirkət iştirak edir

 

 

“İTE Group” şirkətinin regional direktoru Edvard Stroon tədbirə qatılmasından məmnunluğunu ifadə etdi, “AITF 2018” sərgisi haqqında ətraflı məlumat verdi. Bildirdi ki, “Bütün dünya – bir sərgi” şüarı altında keçirilən “AITF 2018” sərgisində 20 ölkədən 277 şirkət iştirak edir. Eyni zamanda ziyarətçilər 90-dan çox xarici turizm istiqaməti və ölkə daxilində istirahət imkanları ilə tanış ola biləcəklər. Bu il sərgidə müxtəlif turizm istiqamətləri, hava yolları və hotel şəbəkələri, eləcə də turizm sahəsi üzrə digər xidmət növləri təqdim edilir. İştirakçılar arasında Azərbaycan, Bolqarıstan, Çexiya, Dominikan, Gürcüstan, İndoneziya, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə və digər ölkələri təmsil edən şirkətlər yer alır. Bu il həmçinin Şərqi Yava (İndoneziya) sərgidə debüt edir.

 

Sərgidə “Tibbi və sağlamlıq turizmi” sektoru geniş təqdim olunur. Bu sektorun iştirakçıları istirahət məkanlarını seçməklə yanaşı, yüksəkixtisaslı tibbi xidmətlərdən də faydalanmaq üçün müxtəlif imkanlar nümayiş etdirəcəklər. Bu il tibbi turizm seqmentində Çexiya, Rusiya, Sloveniya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən 40-dan çox tibb mərkəzi, klinika, sağlamlıq ocağı və sanatoriyalar iştirak edir.

 

E.Stroon vurğuladı ki, sərgi stendlərində tibbi turizm və Bakıda keçiriləcək növbəti Şopinq festivalı barədə də ətraflı məlumat veriləcək.

 

Qonaqlar daha sonra sərgi ilə tanış oldular. Hər zaman olduğu kimi, bu il də paytaxt və bölgələrin turizm potensialı sərgidə geniş şəkildə təqdim olunur. “Ulduz Turizm”, “Pasha Travel” və s. turoperatorlar, eləcə də “Absheron Hotels Group”, “Gilan Hospitality” və digər hotellər şəbəkəsi öz xidmətlərini təqdim edir.

 

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm Assosiasiyası sərgidə ayrıca stendlə təmsil olunur. Azərbaycanın təxminən 25 turizm şirkətini, o cümlədən hotel və sanatoriyalarını öz stendində bir araya gətirən Turizm Assosiasiyası həm ölkəmizdə, həm də xaricdə turizm üzrə geniş təklifləri əks etdirir. Sərgidə İsmayıllı, Lənkəran, Masallı, Şəki, Xaçmaz və Sumqayıtı təmsil edən regional turizm idarələri iştirak edir. Qarabağın mədəni-tarixi irsi də sərgidə nümayiş olunur.

 

Artıq ikinci ildir ki, “ASAN Visa” - elektron viza portalı sərgidə öz stendi ilə iştirak edir. Bu stend vasitəsilə Azərbaycanda elektron vizanın alınmasının bütün incəlikləri və üstünlüklərini öyrənmək mümkündür.

 

Bakının tarixi mərkəzi olan qədim İçərişəhərdə turizmin inkişaf imkanları Nazirlər Kabineti nəzdində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən nümayiş etdirilir.

 

Beynəlxalq tədbir günlərində iştirakçılar və yerli turoperatorlar arasında işgüzar əlaqələrin qurulması üçün geniş imkanlar yaradacaq seminarın keçirilməsi nəzərdə tutulur.

 

Sərgi çərçivəsində 12-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi (“Horex Caucasus 2018”) də start götürüb. “Horex Caucasus” regionda hotel və restoran sektorunun yeganə ixtisaslaşdırılmış sərgisidir.

 

Qeyd edək ki, sərgi aprelin 7-dək davam edəcək. 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !