Molla Nəsrəddin jurnalının 112-ci ildönümünə həsr olunan elmi konfrans keçirilib - (+FOTO)

“Molla Nəsrəddin” jurnalının 112-ci ildönümünə həsr olunan elmi konfrans keçirilib (+FOTO)

AZpress.AZ xəbər verir ki, AMEA Naxçıvan Bölməsində Azərbaycan mətbuat tarixinin inkişafında müstəsna rol oynayan “Molla Nəsrəddin” jurnalının ilk nömrəsinin çapdan çıxmasının ildönümü ilə əlaqədar elmi konfrans keçirilib.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq jurnalının yaradıcısı, görkəmli ədib Cəlil Məmmədquluzadənin həyat və fəaliyyindən, nəşrin milli mətbuatımızın inkişafında yeri və rolundan ətraflı söz açıb.
Daha sonar bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev ““Molla Nəsrəddin” və dil məsələsi”, Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov ““Molla Nəsrəddin” jurnalı: yaranışı və ənənələri”, həmin şöbənin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Orucova ““Molla Nəsrəddin” şeir məktəbinin banisi Cəlil Məmmədquluzadə” və filologiya üzrə fəlsəfə doktoru Əli Həşimov ““Molla Nəsrəddin” jurnalı və naxçıvanlı müasirləri” mövzusunda məruzə ilə çıxış ediblər.
Qeyd olunub ki, 1906-cı il aprelin 7-dən nəşrə başlayan “Molla Nəsrəddin” jurnalı “Əkinçi”dən başlanılan milli mətbuatçılıq ənənələrini davam etdirməklə bərabər Azərbaycan mətbuatı və jurnalistikasına yeni ənənələr gətirib, zənginləşdirib. Müəyyən fasilələrlə 25 il nəşr olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunub.
Diqqətə çatdırılıb ki, milli ideyalılığı, xalqa bağlılığı, xalq yaradıcılığı ənənələrinə sədaqəti, ana dilinə məhəbbəti, eləcə də müasirliyi və bəşəri dəyərləri təbliğ edən jurnalın 748 nömrəsi çapdan çıxıb. Bundan əlavə, “Molla Nəsrəddin” satirik jurnalının Azərbaycan ictimai fikri tarixində misilsiz xidmətləri olan Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Əli Nəzmi, Mirzə Əli Möcüz və başqa görkəmli simaları ətrafında birləşdirib.
Bildirilib ki, 1918-ci ildə elan olunan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında “Molla Nəsrəddin” jurnalının da xidmətləri əvəzsizdir. Azərbaycan xalqının inkişafı yolunda göstərdiyi xidmətlərə görə ümummilli lideri Heydər Əliyev və ölkə Prezidenti İlham Əliyev “Molla Nəsrəddin” jurnalını və onun redaktoru Cəlil Məmmədquluzadə irsini yüksək qiymətləndirib.
Vurğulanıb ki, “Molla Nəsrəddin” jurnalı “Şərq həyatının ensiklopediyası” adlana biləcək bir məcmuə kimi keçdiyi keşməkeşli mübarizə və mücadilə yolunun millətimizin qarşısındakı böyük xidmətlərinə görə heç zaman öz aktuallığını itirməyəcək, həmişə də yaddaşlarda düşünən və düşündürən publisistika kimi qalacaq.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !