Mirik Abidələri (Yurd yerlərimiz silsiləsindən...) - Faiq İsmayılov yazır..(+FOTOLAR)

Mirik Abidələri (Yurd yerlərimiz silsiləsindən...) - Faiq İsmayılov yazır..(+FOTOLAR)

Laçın rayonunun Mirik kəndi, Həkəri çayı Minkənd qolunun sol sahilində, Bozlu kəndindən qərb tərəfə 2 km hündürlükdə dəniz səviyyəsindən 1440-1520 metr yüksəklikdə yerləşir. Mirik kəndinin yaranma tarixi ilk orta əsrlərə, buradakı ilk insan məskənlərinin mövcudluğu isə ibtidai icma dövrünə qədər gedib çıxır. Bu kəndin ərazisindəki siklop xarakterli memarlıq nümunələri, antik qala, yeraltı mağaralar, tunellər və kəhrizlər Azərbaycan tarixini öyrənmək üçün çox maraqlı, əvəzsiz materiallardır.

Mirik kəndi ərazisindəki, Mirik dərəsi deyilən sahədə təbiət hadisələri zamanı üzə çıxan bitki yağları istehsal etmək üçün daş qurğu ovdan və digər əmək alətlərinin tapılması bu ərazidəki ibtidai insanların, yəni türkdilli etnosların şüurlu, inkişafda olan istehsal münasibətlərinin və yüksək əmək mədəniyyətlərinin olduğunun göstəricisidir.

Qədim dövrlərə aid daş əmək alətləri, daşdan yonulmuş istehsal vasitələri və Azərbaycanın qiymətli Mədəniyyət nümunələrindən sayılan bədii daşlar, qabartmalar, oymalar, ornamentlər və digər dekorativ tətbiqi sənətə aid olan əvəzsiz nümunələr Mirik kəndinin ərazilərində hələ də qalmaqdadır.

Tarixən öz evlərini və ərazilərini xarici düşmənlərdən qorumaq üçün bu kəndin çoxlu sayda biri digərini əvəz edən Ələkbər Qələndər oğlu, Abbas Məmməd oğlu, Fərman Alirza oğlu kimi qoluzorlu kişiləri (sərkərdələri), mərd övladları olmuşdur.

Ermənistanın məlum 1992-ci il işğalından sonra Mirik kəndinin adı Ermənistanın Hökumətinin qərarı ilə dəyişdirilərək gah Merik, gah da Herik adlandırılır. İşğaldan sonra ermənilər kəndin 50%-dən çox yaşayış evlərini söküb dağıdıblar.



Siklop tipli memarlıq abidələri

Azərbaycanın memarlıq abidələrinin çox nadir nümunələrindən sayılan, siklop tipli memarlıq
tikintilərindən sayılan Mirik kəndi ərazisində böyük bir şəhərin xarabalığı hələ də yaşayır. Mirik kəndinin «Kalafalıq» deyilən bu ərazisində palçıqdan istifadə edilmədən sal daşları nizamla düzərək ucaldılan siklon tipli yaşayış tikintilərinin qalıqlarının mövcudluğu tarixi baxımdan maraqlı və öyrənilməsi vacib olan qiymətli abidələrimizdəndirlər. Xatırlatmaq yerinə düşərdi ki, siklop tipli memarlıq abidələrinə Respublikamızda çox nadir hallarda rast gəlinir. Bütün bu kimi tarixi faktların mövcudluğu, Azərbaycanın digər bölgələrində olduğu kimi Laçın ərazisinin də eradan əvvəl II minilliyin sonu və I minilliyin əvvəllərində ibtidai icma quruluşunun dağılması və sinifli cəmiyyətə keçilməsinin göstəricisidir. VII əsrdə islam dininin qəbul edilməsi Azərbaycanın tarixi müqəddaratında əsaslı dönüş yaratdı. İslam dini vahid xalqın və dilin təşəkkülünə güclü təkan verdi. Azərbaycan dövlətçiliyinin gələcək inkişafı üçün daha etibarlı zəmin yaratdı. İslam dini Azərbaycan mədəniyyətinin, xüsusi ilə də memarlığın inkişafına yeni bir stil, yeni bir nəfəs gətirdi.


Mirik qalası


Qala Mirik kəndin qərb tərəfindəki dağın zirvəsində şimala doğru uzanan dağ silsiləsinin cənub qurtaracağında dağın üstündə yerləşir. Qalanın inşa tarixi hələlik müəyyənləşdirilməsədə, qalanın inşaasında siklop memarlığından istifadə edilmnəsi, qalanın inşaasını tariximizin çox qədim dövrlərinə aparıb çıxarır. Qalanın uzunluğu 200 – 250 metr, eni isə 30 – 50 metrdir. Qala 80 x 50 metr ölçüdə təqribən üç bərabər hissəyə bölünüb. Qalanın zirvəsindən kənd qəbistanlığı istiqamətdə təqribən 150 metrlik məsafədə, qalanın qərb hissəsində divarlarının qalınlığı 3 metrə çatan 7 – 8 metrlik dairəvi bir qüllə tikilib. Qüllənin arxa tərəfi qalanın zirvəsinə qədər üst-üstə yığılmış daşlarla örtülüb. Qüllənin çıxışı kiçik həcmli açıq meydançaya açılır.

Qalanın cənubunda 30 metrlik mühaafizə divarı inşa edilib. Mühfizə divarı 15 x 20 metrlik düzbucaqlı qüllə ilə tamamlanır. Buradada divarlar siklop tipli memarlıq üslubu ilə tikilib divarların hündürlüyü 3-4-5 metr, qalınlığı isə 2,5 – 3 metrdir. Qüllənin qapısı qalanın içərisində inşa edilən bir otağa açılır. Qalanın zirzəmisi, müxtəlif istiqamətlərə şaxələnən tunellərdən və müxtəlif ölçülü otaqlardan ibarətdir.

Kəhrizlər


Qədim kəhriz komplekslərinin müasir nümunələrinin qalıqları hələ də Mirik dərəsi deyilən ərazidə qalmaqdadır. Respublikamızda tədqiqatçı alimlərin apardıqları araşdırmalara və gəldikləri nəticəyələrə görə Azərbaycanda hələ eramızdan əvvəl I əsrdən başlayaraq kəhriz sistemlərindən istifadə edilmişdir. Buda onu göstərir ki, Mirik dərəsi adlanan ərazidəki kəhrizlərin yaşı, ərazidə yerləşən digər memarlıq abidələrinin yaşına uyğunlaşdırılarsa bu da nə az nə çox ən azı min illərlə ölçülməlidir.

 

Memarlıq abidələri.


Mirik kəndində ermənilərin daha çox diqqətini çəkən Alban dövrünə aid olan abidə və bu kəndin azərbaycanlı sakinlərinə məxsus məhsuldar torpaqları və fərdi təsərrüfatlardır. Mirik kəndinin qərb hissəsində (Bozlu kəndi istiqamətində) çılpaq sal daşlar üzərində inşa edilmiş və divar daşı üzərində tikilmə tarixi 1655-ci il yazılan Qafqaz Albaniyası dövrünün çox nadir memarlıq nümunələrindən biri olan üçnefli məbəd hal – hazırda istifadəyə yararlı vəziyyətdə qalmaqdadır. Məbədin xaricindən ümumi uzunluğu 20,60 metr eni isə 12 metrdir. Divarın qalınlığı 1,55 metrə bərabər olan abidənin tikintisində yerli pud daşlardan və əhəngdən istifadə olunmuşdur.

Binanın yeganə çıxış qapısının ətrafı və cənub fasadı maraqlı ornamet və oymalarla bəzədilmişdir. Abidənin interyerində daş üzərində günəş saatı oyulmuşdur. Məbədin daxili, içəri tərəfdən genişləndirilən 6 pəncərə vasitəsi ilə işıqlandırılır. Binanın daxili sütunları bərabər məsafədə dairəvi şəkildə formalaşdırılmışdır. Tağ daşlarının çıxıntıları binanın künc daşlarına qədər uzanaraq xüsusi bir dəqiqliklə hörülərək, binaya məxsusi bir gözəllik verir. Binanın tavanı fraqmetləşdirilən daşlarla yan divarların hörgüsünə bərkidilmişdir. Abidənin tikinti quruluşu deməyə əsas verir ki, bu abidənin istifadəsində dini ibadət üçün nəzərdə tutulmayıb.

İşğaldan sonra ermənilərin abidəni qeyri-qanuni bərpa edib, üstünü dəmir təbəqə ilə bağlayıblar. Ermənistan Hökuməti 2006-ci ildən bu abidəyə erməni kilsəsi statusu veriblər. Sovet dövrü bu abidə kəndin əvvəlcə ərzaq ambarı sonralar isə kənd mədəniyyət evi kimi fəaliyyət göstərmişdir.

Tayfa və tirələr: Hopurlar (Hopurru) tayfası. Hopurlar tayfası, Laçın rayonundakı mərkəzi Mirik kəndi olmaqla Mirik, Bozlu, Quşçu kəndlərini əhatə edir. Sonralar Hopurru tayfası Əhmədlər (Əhməduşağı), Alirzalar (Alirzauşağı) adlanan tirələrə bölünmüş və qollara ayrılmışdır. Bundan başqa Mirik kəndində Urtikli(Hurtikli), Qəlilər(Qəllər), Dəmolar, Kolanılar, Niftallar, Qaraxanlar, İmanlar adlı tayfalar da olmuşdur ki, bu tayfaların qohumluq əlaqələri Laçının Mirik, Bozlu, Kamallı, Minkənd, Quşçu, Hacısamlı, Qarıqışlaq eləcədə Kəlbəcər, Qubadlı rayonlarını və Qarakilisə (Sisyan indiki Ermənistan Respublikası) bölgəsinin bir çox yaşayış məntəqələrini əhatə etmişdir.

Etnik tərkibi : Mirik kəndinin etnik tərkibi yalnız azərbaycanlılardan ibarət olmuşdur. Əhalinin əsas məşğuliyyəti bostançılıq, bağçılıq, arıçılıq, heyvandarlıq və qismən də olsa toxuculuq idi. Son zamanlar kənddə ticarətə meyl artırdı. Kənd təsərrüfatı məhsullarının xüsusi ilə də kartof istehsalına görə Mirik kəndi rayonda çox mötəbər yerlərdən birini tuturdu. Əhalinin yaşayış evləri kahalardan, qara damlardan, və sonralar müasirləşən tipli balkonlu kənd evlərindən ibarət idi.

Kəndin ərazisindən axan çaylar: Mirik çayı, Dəlikli suyu, Həkəri çayının Minkənd qolu


Kəndin bulaqları və su hövzələri: Alışan bulağı, Hümmət bulağı, Navlı bulaq, Şor bulaq, Korca bulaq, Daş bulaq, Şirin bulaq, Məmmo bulağı, Turş bulaq, Səlim bulağı, Şərih bulaq, Şeyin bulağı, Kərbəlayi Behbudalı bulağı, Göybulaq, Sona bulağı, Qırxbulaq, Turş bulaq, Qurdlu bulaq, İyli bulaq, Kəhriz bulağı, Şirinlərin bulağı, Qızlar bulağı, Həmzə bulağı, Soyuq bulaq, Mommba bulaq, Allahverdiölən bulaq, Dəlikli bulağı.

Şəlalələr: Imaməllərin şırranı, Qasıməkənin şırranı, Yuxarı şırran, Aşağı şırran.

Kəndin yer adları və örüşləri: Moruq çəməni, Nazdının yeri, Yanığın döşü, Haça daş, Qənşər tələsi, Mirik qüzeyi, Mirik güneyi, Alışanın meşəsi, Təpələr, Qalanın dalı, Qalanın qabağı, Bayqarabaşı, Qülləqən çölü, Kalafalıq, Şeyin mərzi, Yurdlar, Qafar tələsi, Arpa dərəsi, Göybulaq, Qırrov şamı, Enli dərə, Qalax tələsi, Daşbulaq dərəsi, Laleşan dərəsi, Allahverdiölən(ərazi), Allahverdölənin dərəsi, Korcabulaq dərəsi, Dəriz yolu dərəsi, Dəriz yolu, Qızıl qəyə dərəsi, Şirinlərin dərəsi, Qumlaq dərəsi, Dəlikli dərəsi, Bayqara dərəsi, İlan dəliyi dərəsi, İlan dəliyi, Qırxbulaq dərəsi, Mirik dərəsi, Göybulaq dərəsi, Quru dərə, Qalağın dərəsi, Mirik yurdları, Edilxan çuxuru, Bayqarabaşı, Xam kövşən, Qasıməkən, Məşədi Tükanın yurdu, Dəmin quzeyi, Mumlu qəyə, Top daş, Ağ qəyə, Qələnin başı, Şişlər, Qızıl qəyə, Dəlikli, Daş karxanası, İbrahimxəlil arxacı, Qumlaq, Nağıl tələsi, Allahverdiölən tələsi, Şirinbulağın tələləri, Korca bulağın tələləri, Mumlu qəyənin güneyi, Məmmədbağır pul tapan qaya, Alışanın meşəsi, Qırxbulaq meşəsi, Mirik çayları, Kərimlərin bağı, Qorçuların bağı, Misirin bağı, Bəylərin şamı, Bayramların bağı, Niftalların bağı, Hümbətlərin bağı, Ələkbərlərin bağı, Cabbarın bağı, Novruzların şamı, Enli dərənin meşəsi, Xalıqverdinin meşəsi, Həsənlərin meşəsi, Qırxbulağın meşəsi, Ziyarət dağı, Yanıq dağ, Sarı təpə, Zirişli təpə.

Kənd ərazisindəki abidələr: Məbəd alban dövrü, Kərbəlayibehbudalı bulağı, Antik qala, Kalafalıq Siklop tipli yaşayış mərkəzinin qalıqları, Niftalların kahası, Həşimlərin kahası, Şirinlərin kahası, Bahadurun kahası, ismixanın kahası; Dörddirəkli qara damlar; Nitlalların damı, Şirinlərin damı, Allahverdinin damı, Qədmalların damı, Balakişilərin damı, Qaranlıq kaha neqtoru, Qədim qəbristanlıq – Göybulaq yaaylağı nektoru, Sovmə alban dövrü – Mirik dərəsi adlanan ərazi.

Faiq İsmayılov
AMEA Hüquq və İnsan Haqları İnstitunun əməkdaşı.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 

 


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]