Qusarda bizim möhtəşəm mədəniyyət qalamız - - Ağalar İDRİSOĞLU yazır.. (+FOTOLAR)

Qusarda bizim möhtəşəm mədəniyyət qalamız - Ağalar İDRİSOĞLU yazır.. (+FOTOLAR)

Faik Qardaşov:“Hansı ölkənin ki, teatrı var, o ölkənin dünəni bu günü və sabahı var”.

 

XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində Azərbaycanda böyük maarifləndirmə dövrü idi. Ziyalılarımız xalqın maarifləndirilməsilə bağlı böyük işlər görürdülər. Məktəblər açırdılar, qəzetlər yaradırdılar. Onlar xalqın maarifləndirilməsini əsasən teatrda gördüklərinə görə çoxlu teatr truppaları yaradırdılar. Belə teatr truppasından birini də milliyatca ləzgi olan ziyalılar Bakı şəhərinin Balaxanı qəsəbəsində yaratdılar. Elə həmin vaxtı Dağıstanın Axtı şəhərində də teatr truppası yaranmışdı. Axtı şəhərinin camaatı Bakı ilə çox sıx təmasda olduqlarına və çoxlu axtılılar Bakı neft mədənlərində işlədiyinə görə orada olan ziyalılar Bakıya gəlib burada yaradılan teatr truppasının tamaşalarına baxıblar və çox xoşlarına gəlib. Sonra onlar belə qərara gəliblər ki, hər iki truppanı birləşdirib, bir teatr yaratsınlar. Onlar razılığa gəlib və beləliklə, bu truppaları birləşdiriblər. Əsas məkan və yer isə Axtı şəhəri olub. Beləliklə də, həm Azərbaycanda və həm də Dağıstanda tamaşalar oynayıblar. Sovetlərin dövründə bu teatr Dövlət Teatrı statusu alıb və Dərbənd şəhərinə köçürülüb. Həmin teatrn əslən Qusardan olan bir qrup fədakarı Qusara gəlib və burada da teatr truppası yaradıb və Azərbaycanın şimal bölgəsində, Bakıda həm ləzgi və həm də azərbaycan dilində tamaşalar oynayıblar. Sonra bu kollektivə Xalq teatrı statutu verilib. Bundan sonra isə işlər daha çox canlanıb. Yadıma gəlir ki, hələ keçən əsrin 70-ci illərində bu Xalq teatrı çox məşhur idi. Bir-birindən maraqlı tamaşalar hazırlayırdılar.
1992-ci ildə isə Xalq teatrının bazasında Qusar Dövlət Ləzgi Dram Teatrı yaradılıb. 2017-ci ilin iyun ayında bu teatrın yaranmasının 25 illiyi Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən çox möhtəşəm keçirildi. Teatrın bir qrup işçiləri diplomlara, fəxri fərmanlarla layiq görüldü, aktyorlar Həsrət Nəsirullayev, Kifayət Yusifova və Yalçın Qaraxanov isə “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olundular.
Mənim bu teatrla yaxın tanışlığım 2012-ci ildə olub. Belə ki, həmin il Azərbaycanın ilk peşəkar dramaturqu Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ilə əlaqədar Azərbaycan Mədəniyyət və Turizm Nazirli tərəfindən müəllifin “Xırs quldurbasan” tamaşasına həmin teatrda qurluş verdim. İş prosesində gördüm ki, kollektiv çox mehribandır və işləməyə, yaxşı rollar oynamağa həvəsi həddindən artıq çoxdur. Kollektivdə istedadlı insanların çox olması məni onlarla işləməyə daha çox həvəsləndirirdi. Hətta onlar məşqdən sonra belə evə getmir, məndən pyes üzrərində necə işləməyi, dünya, rus teatrları haqqında bilmədiklərini öyrənmək istəyirdilər. Ona görə də biz, çox yüksək səviyyəli bir tamaşa hazırladıq. Tamaşanı qəbul etmək üçün Mədəniyyət və Turizm Nazirliyindən gələn nümayəndələr- Fərəh Əliyeva və Nahidə İsmayılzadə bu tamaşanı yüksək səviyyədə qəbul etdilər. Tamaşaçılar da “Xırs quldurbasan” tamaşasına böyük həvəslə tamaşa edirdilər. Aktyorların oyunlarını tez-tez alqışlayırdılar. Həmin vaxtı teatrın direktoru Faik Qardaşov bir neçə ay idi ki, bu teatra direktor təyin olunmuşdu. Baxmayaraq ki, mən 26 il ayrı-ayrı teatrların bədii rəhbəri və direktoru olmuşdum, amma bu insanın çalışqanlığına, təşkilatçılığına, mehribanlığına heyran qalırdım. Elə həmin vaxtdan da mən çox istəyirdim ki, bu kollektiv haqqında bir yazı yazım, amma imkan yaranmırdı. Bu yaxınlarda Faik müəllimlə telefonla danışıb, onlar haqqında yazmaq istədiyimi bildirəndə çox sevindi. Beləliklə, bu yazı ərsəyə gəldi. İlk öncə müsahibim Faik Qardaşov haqqında oxuculara qısa məlumat vermək istəyirəm.
Qısa arayış: Faik Qardaş oğlu Qardaşov 15 iyun 1960- ci ildə Qusar rayonunun Əcəxur kəndində anadan olub. Uşaq yaşlarından musiqiyə böyük həvəsi olan Faik bir neçə musiqi alətində çalmağı Qusar mədəniyyət evindəki müəllimlərdən öyrənib. Hətta həmin vaxtı Qusardakı Xalq teatrında da bir-birindən maraqlı rollar oynayıb. 1977-ci ildə orta məktəbi bitirib mədəniyyət evinə işə qəbul olunub. Artıq o, həmin vaxtı həvəskar bəstəkar kimi də mahnılar yazırdı və onun mahnılarını müğənnilər böyük həvəslə ifa edirdilər. 1982-ci ildə Dağıstan Respublikasının Dərbənd şəhəri orta ixtisas musiqi məktəbinə daxil olan Faiq Qardaşov, 1986-ci ildə həmin məktəbi yüksək qiymətlərlə bitirib. Yenidən Qusara qayıdıb və rayon Təhsil İşçiləri Evində, sonra Uşaq Musiqi məktəbində müəllim kimi çalışıb. Onun çox bacarıqlı insan, yaxşı təşkilatçı olduğunu görüb, 2000-ci ildə rayon Mərkəzi Mədəniyyət Evinin direktoru vəzifəsinə təyin ediblər. 2000-2001-ci illərdə Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialinda iki illik kurs bitirib. 2003-ci ildə Dağıstan Respublikası Dərbənd şəhərində İncəsənət və Mədəniyyət İnstitutuna daxil olub və 2009-cu ildə həmin İnstitutu yaxşı qiymətlərlə bitirib. O, bəstəkar kimi 150-yə yaxin mahnın müəllifidir. 2011-ci ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Qusar Dövlət Ləzgi Dram Teatrına direktor təyin olunub. 2015-ci ildə Azərbaycan Respublikasının “Fəxri mədəniyyət işçisi” adına layiq görülüb. Gənc əskərlərin ruh yuksəkliyi və vətənpərvərlik hisslərinin yüksəlməsinə həsr olunmuş əskər marşının bəstəsinə və təbliğinə görə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin medalına layiq görüldüm. Və nəhayət 27 may 2018-ci il tarixində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Faik Qardaş oğlu Qardaşov Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Əməkdar mədəniyət işçisi fəxri adına layiq görülüb.


-Nə vaxtdan Qusar Dövlət Ləzgi Dram Teatrının direktoru işləyirsiz və bu vaxta kimi hansı işləri görmüsünüz?


- 2011-ci ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Qusar Dövlət Ləzgi Dram Teatrına direktor təyin olunmuşam. Ulu öndər Heydər Əliyeva, cənab prezident İlham Əliyeva həsr olunmuş şeirlərə mahnılar bəstələmişəm. Bir tarixi hadisə ilə də fəxr edə bilərəm ki, Azərbaycanda ilk dəfə Ramiz Qusarçaylının “Azərbaycan bayrağı” şeirinə musiqili kompozisiyanı mən bəstələmişəm. Bu mahnı-kompazisiya indi çoxlu müğənnilər tərəfindən yüksək peşəkarlıqla ifa olunur. Bir işə də sevinirəm ki, Əbdürrəhim bəy Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini”, Asəf Mehmanın “Xarıbəy-Sarıbəy” , “Şurşurali”, “Sevimli Sədəf” , Zəlimxan Yaqubunun “Böyük Ömrün Dastanı”, Əli Əmirlinin “ Köhnə ev", Rafiq Səməndərin “Şəhidlər”, Mirzəli Rüstəmovun “Yeni zavmaq” (Yeni müdir) , Şafiddin Gərəyxanovun “Eşqin odu”, Etibar Sturvinin “Kiri Buba” əsərlərinə bir rejissor kimi quruluş vermişəm və eyni zamanda həmin tamaşalara mahnıları da mən özüm bəstələmişəm. Onu da vurğulayım ki, yerli dramaturqlardan Asəf Mehmanın, Mirzəli Rüstəmovun, Şafiddin Gərəyxanovun və başqa yazarların əsərlərindən yararlanan teatr, həm Azərbaycan, həm dünya klassiklərinin, həm də müasir dramaturqların yaradıcılığına tez-tez müraciət edir və hazırladığımız tamaşalar böyük tamaşaçı rəğbətini qazanır. Bu tamaşalarda oynayan aktyorlarımız da öz peşəkarlıqlarını artırırlar.


-Bu gün teatra rəhbərlik etmək və həmin teatrı aparıcı teatrlardan biri etmək çox çətindir. Bütün bu problemli işlər sizi yormur ki?-


-Əlbəttə, çox çətindir. Bütün bunların öhdəsindən bacarıqla gəlmək adamdan böyük səbir, çoxlu vaxt və təşkilatçılıq tələb edir. Amma bütün bunlarla yanaşı öz kollektivimizə çox inanıram və bilirəm ki, onlar bütün işlərin öhdəsində bacarıqla gəlməklə məni də daha çox işlər görməyə ruhlandırırlar. Həm də bir şeyə sevinirəm ki, Qusarda bütün ziyalılar əllərindən gələni eləyirlər ki, bizim işlərimiz yaxşı getsin. Qusar camaatı çox teatraldır. Onlar hər bir tamaşalarımıza gəlməklə, bizi yaradıcılığa daha çox həvəsləndirirlər.
-Direktorun ən əsas işi kollektiv arasında mehribançılıq yaratmaqla, işlək bir komanda yaratmaqdır. Bu sahədə hansı işləri görürsünüz?
-Direktor və kollektiv ümumi məqsəd uğrunda səylərini birləşdirərək yüksək nəticələr əldə etdikdə inamla yaradıcı vahid kollektivin formalaşdığını təsbit etmək olar. Teatr elə bir müəssisədir ki, orada formalaşan iş mühiti və üslubu, ilk növbədə, teatr direktorunun şəxsiyyətindən, təşkilatçılığından, dünya görüşündən çox asılıdır.
Xalqımız, dövlətimiz teatrın qarşısında çox mühüm, məsuliyyətli vəzifələr qoyub. Teatr bir məktəbdir. Özü də çox müqəddəs məktəb. Biz də bu məktəbdə əlimizdən gələni edirik ki, tamaşaçılar bizim tamaşalardan çox şeyləri əxz etsinlər. Burada əlbəttə, direktorun rolu çox böyükdür. Axı direktor latınca “yönəldən”, “istiqamət verən” mənasını bildirir, geniş mənada isə “sənaye, elm, təhsil, mədəniyyət müəssisəsinin rəhbəri” deməkdir. Əgər o, yaxşı təşkilatçı, bacarıqlı insan olacaqsa, kollektiv də yaxşı olacaq.


-Kollektivin uğuru direktorla baş rejissorun birgə yaradıcılığı üstündə qurulur. Bu sahədə siz, baş rejissor Laləzar xanım Hüseynova ilə birlikdə hansı işləri görürsünüz?


- Hal-hazırda teatr çiçəklənən bir dövrünü yaşayır. Biz, keçən il 25 illik yubileyimizi yüksək səviyyədə qeyd etmişik. Bundan ruhlanan kollektiv daha əzmkarlıqla işləyir. Teatr da günü-gündən inkişaf edir. Teatrda səhnələşdirilən hər bir tamaşa bədii tərtibatı ilə və dolğun rejissor işi, aktyor oyunu ilə seçilir. Bu işdə teatrın baş rejissoru Laləzər xanım Hüseynova, quruluşçu rejissor Bağır Əhmədov, quruluşçu rəssam Marina Mahmudovanın xüsusi xidmətləri var. Əgər onlar yüksək peşəkarlıqla işləməsələr, mən direktor kimi heç bir iş görə bilmərəm. Axı teatr kollektiv sənətdir. Burada hər bir adam öz işinin öhdəsindən yaxşı gəlməlidir ki, peşəkar tamaşa yaransın. Azərbaycanın Əməkdar mədəniyyət işçisi və Dağıstanın Əməkdar artisiti Laləzar xanım da yaradıcı kollektivi ətrafına toplamaqla böyük ustalıqla uğurlu işlərə imza atır.
-Hər bir teatrın bel sütunu onun aktyor kollektividir. Sizin teatrda işləyən aktorlar haqqında nə deyə bilərsiniz? Onlar haqqında qısa da olsa məlumat verin.
-Bəli, Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi də öz tamaşaçısı ilə dil tapa bilən, onunla danışa bilən, təmas qura bilən teatrlardandır. Yarandiği ilk günlərdən bəri Azərbaycan milli mədəniyyətində özünə məxsus rolu olan bir çox sənət adamlarının adı bu teatrın səhnəsində minnətdarlıqla çəkilir. Onlardan Pirverdi Pirverdiyev, Lalə Qurbanova, Kifayət Yusifova, Rəhilə Hacıbəyova, Rübabə Qasımova, Tamara Məmmədova, Kəmalə Qasımova, Tacir Şahbazov, Yuriy Kərimov, Namik Mustafayev, Həsrət Nəsrullayev, İsmət Sədiyev, Sədaqət Əlimuradova, Aysel Qiyasova və başqaları milli teatr mədəniyyətinin inkişafı üçün var qüvvəli ilə çalışırlar. Tamaşaçılar teatrımızın aktyorlarını, aktrisalarını çox sevir və hətta küçədə də onlarla rastlaşanda böyük etiramla salam verir və hal-əhvallarını soruşurlar. Onların oynadığı tamaşalara çoxlu gül dəstələri gətirirlər. Məgər aktyor üçün bundan da böyük sevinc ola bilərmi?
Bu ərəfədə teatrımızın kollektivi bölgələrdə qastrol tamaşaları oynamaqla geniş tamaşaçı kütləsinin də rəğbətini qazanır. Belə ki, qonşu Xaçmaz və Şabran
rayonlarında Ramiz Duyğunun “Xarı bülbül”, Üzeyir Hacıbəylinin yeni quruluşda “O olmasın, bu olsun” , uşaqlar üçün İskəndər Coşqunun “Çal oyna” nağıl- tamaşaları teatrsevərlər qarşısında nümayiş etdirildi və tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Elə bir neçə gün bundan qabaq Xaçmaz rayonundakı qastrolumuz da tamaşaçıların marağına səbəb oldu. Biz orada İsi Məlikzadənin “Hərənin öz ulduzu” tamaşasını oynadıq. Bölgə televiziyası bizimlə müsahibələr apardı. Moskva şəhərinə qastrol səfərimizdə “Çayka” Mədəniyyət Sarayında Üzeyir Hacıbəylinin “Arşın mal alan” və Asəf Mehmanın “Sədəf” tamaşaları tamaşaçılara təqdim olundu. Hər iki tamaşa da çox böyük uğurla qarşılandı.
Keçən ilin noyabr ayının 7-də Mədəniyyət və Turizm Nazirliyyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Millli Elmlər Akademiyasının təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə “ Multikulturalizm və teatr” mövzusunda IX Bakı Beynəlxalq Teatr Konfransında iştirak edən Rusiyalı teatr tənqidçisi noyabrın 9-da Mədəniyyət və Turizm Nazirliyi tərəfindən onların əməkdaşları ilə bizim teatra ezam olunmuşdu. O, teatr kollektivi ilə yaxından tanış olaraq bir neçə tamaşadan parçalara da baxdı. Rusiyalı teatr tənqidçisi aktyorların oyunlarını bəyənərək, bizim kollektivin paytaxt teatr aktyorlarından heç də geri qalmadıqlarını çox səmimi etiraf etdi. Bu, bizim üçün böyük qiymət idi.
Mədəniyyət və Turizm Nazirliyində ( indiki Mədəniyyət Nazirliyi) Qusar teatrının inkişafına xoş sözlər söyləyən Rusiyalı qonaq Qusarın təmizliyinə, gözəlliyinə qonaqpərvərliyinə də valeh olduğunu gizlətmədi. Buradan xoş təəssüratla ayrıldığını bildirdi. Teatrımızın kollektivi 12-19 may tarixlərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cumhuriyyətin yaradılmasının 100 və Azərbaycan Milli Peşəkar Teatrının 145 illiyinə həsr olunmuş “Sərhədsiz Teatr” adlı III Şəki Beynəlxalq Teatr Festivalında Əbdürrəhim bəy Haqverdiyevin “Pəri Cadu” əsəri ilə festivalda təmsil olunaraq, Nazirliyin Diplomuna layiq görülüb.Bütün bunları deməkdə məqsədim odur ki, biz, böyük həvəslə işləyirik.


-Teatr məskunlaşdığı yerin ən böyük mədəniyyət ocağıdır. Bunu həmin bölgənin rəhbərləri başa düşməli və teatra köməklik etməlidirlər. Tamaşaların təşkilində və kollektivin sosial sahələrində rayon rəhbərliyinin sizə köməyi dəyirmi?


-Teatrın inkişafında bizə öz diqqət qayğısını əsirgəməyən Qusar rayon İcra Hakimiyyətinin başçısı cənab Şair Alxasova öz dərin minnətdarlığımızı bildiririk. O, özü başda olmaqla İcra Hakimiyyətinin bütün işçiləri əllərindən gələni edirlər ki, teatrımız yaşasın və bir-birindən maraqlı tamaşalar hazırlasın. Bəli. Axı dövlət teatrı hər rayonda yoxdur. Azərbaycanın Şimal bölgəsində təkcə Qusarda Dövlət Dram Teatrı var. Bu teatrı qorumaq da bu bölgənin bütün İcra Hakimiyyətləri başçılarının əsas məqsədlərindən biri olmalıdır. Axı teatr, mədəniyyət qalası deməkdir. Mədəniyyət qalasının möhkəm olması üçün bizimlə birlikdə həmin rayonların rəhbərləri də var qüvvələrilə çalışmalıdırlar. Qonşu rayonlarda bizim qastrolarımızı təşkil etməlidirlər.


-Azərbaycan Mədəniyyət Nazirliyi son illərdə məmləkətimizin teatrlarının inkişafı üçün lazım olan işləri görməyə çalışır. Azərbaycanın şimalında yuxarıda dediyiniz kimi mədəniyyət qalamız olan sizin teatra Nazirlik hansı köməklikləri edir?


-Dövlətin Qusar teatrının fəaliyyətinə verilən yüksək qiymət teatr kollektivinin hər bir üzvünü qəlbən sevindirir. Bu, bir daha sübüt edir ki, Azərbaycan dövləti teatr sənətinin inkişafını, milli mədəniyyətin, müasir cəmiyyətin inkişafı hesab edir. Son illərdə ölkəmizin mədəni həyatında xususi önəm kəsb edən teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədlərinin imzalanması məgər bu sahənin sürətli inkişafından xəbər vermirmi? Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 18 may 2009-cu il tarixli 277 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı” teatrlarımızın inkişafı yolunda atılmış mühüm və alqışa layiq bir addımdır. Azərbaycan teatr sənətinin 10 il ərzində inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət Proqramı fəliyyəti ilə milli mədəni sərvətə çevrilmiş Azərbaycan teatrının zəngin bədii irsinin qorunması, ümümbəşəri və milli dəyərlərin təbliği, teatr sahəsində islahatların aparılması, teatr sənətinin bütün janrları və peşə istiqamətləri üzrə gənc istedadların dəstəklənməsi, kadr hazırlığı və ixtisas artırma sisteminin təkmilləşdirilməsi, milli teatr sənətinin tərəqqisi, yeniləşməsi və beynəlxalq teatr məkanında layiqli yer tutması məqsədlərinə xidmət edir.
Azərbaycan teatrşünaslığı, milli sənətşünaslıq məktəbimizin ən qocaman sahələrindən olmaqla, İlham Rəhimli, Məryəm Əlizadə, Vidadi Qafarov, Aydın Talıbzadə, Nərminə Ağayeva kimi tanınmış teatrşünasların elmi fəaliyyəti zəminində inkişaf edir. Bir daha inandıq ki, Azərbaycan dövləti teatr sənətinin inkişafını milli mədəniyyətimizin və müasir cəmiyyətin inkişaf prioritetlərindən hesab edir. Çünki, hansı ölkənin ki, mədəniyyəti, incəsənəti var, o ölkənin gələcəyi var. Hansı ölkənin ki, teatrı var, o ölkənin dünəni bu günü və sabahı var


-Keçən il sizin teatrınızın 25 illik yubileyi oldu. Bu yubiley necə keçdi və kollektiv həmin yubileydən sonra necə işləyir?


-2017-ci il Qusar Dövlət Ləzgi Dram teatrının tarixində daha məhsuldar, daha yadda qalan illərdən biri olub desəm yanılmaram. Çünki 2017-ci ildə Qusar Dövlət Ləzgi Dram Teatrının dövlət teatrı kimi yaranmasının 25 illiyi yüksək səviyyədə qeyd olundu. Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Əbülfəs Qarayevin iyunun 30-da teatrın yubiley tədbirində iştirakı və teatr kollektivi haqqında söylədiyi xoş sözləri uzun müddət qusarlıların qəlbindən silinməyəcək. Yubiley tədbirində cənab nazir teatrımızın 3 aktyoruna “Fəxri mədəniyyət işçisi” döş nişanlarını təqdim etdi, teatr kollektivinə “Ford Tranzit” markalı maşını hədiyyə etdi. Bu, bizim üçün çox böyük hədiyyələr oldu. İndi kollektivimiz bu maşınla çox rahat qastrol səfərlərinə gedir. Onu da vurğulamaq istəyirəm ki, Əbülfəs müəllim Azərbaycan mədəniyyəti, teatrları, incəsənət kollektivləri üçün əvəzsiz işlər görür. Allah onun canını sağ eləsin.


- Bu mövsümdə hansı böyük işləri görməyi planlaşdırırsınız?


-Teatrın adını özümüzün yeni, maraqlı tamaşalarımızla bir qədər də qaldırmaq, həm də aktyor həyyətinə yeni fəxri adların verilməsinə var qüvvəmizlə çalışmaq istəyirik. Axı, aktyor bütün məhrumiyyətlərə, çətinliklərə baxmayaraq az əmək haqqına ömrünü teatra həsr edib. Ona görə də onlara fəxri ad verilməsi, böyük sevinc ola bilər. Və aktyor da fikirləşər ki, öz əməyimin bəhrəsini almış oldu. İnanıram ki, tezliklə bizim kollektivdə də layiq olanlar fəxri adlar alacaqlar. Fəxri adlara layiq isə çoxlu aktyorlarımız və aktrisalarımız var. Biz, öz işinin peşəkarı olan belə insanlarla fəxr edirik.


- Ölkə daxilinə, xarici ökələrə qastrol səfərləri planlaşdırırsınızmı?


-Əlbəttə. Amma ilk əvvəl ölkə daxilində qastrol səfərləri planlaşdırırıq, sonra isə xarici ölkələrdə tamaşalar oynamaq ən böyük ali məqsədimizdir. Ona görə də bir neçə xarici dramaturqların əsərləri üzərində yaradıcılıq işləri planlaşdırmışıq. Sağlıq olsun. Hələ hər şey qabaqdadır. Ən əsası odur ki, biz çalışmalıyıq teatrımıza tamaşaçı marağını daha çox artıraq və günümüzün tələblərinə uyğun tamaşalar hazırlayaq. Bunu idiki zaman da bizdən tələb edir. İndiki elm, texnika, kampüter əsrində, teatr, tamaşaçını öz ardınca aparmağı bacarmalıdır. Buna bütün biliyini, bacarığını, istedadını sərf etməlidir. Teatr işçisi, aktyor dövrün nəbzini tutmağı bacarmalıdır. O, dövrünün, zamanının böyük filosofu olmalıdır.

 

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !