Nitsşeni öldürən mərhəmət -

Nitsşeni öldürən mərhəmət

Ömrünün ən yaradıcı illərində mərhəməti zəiflik əlaməti olaraq kəskin tənqid edən Fridrix Nitsşenin həyatı ağlı başındaykən son gördüyü canlıya göstərdiyi mərhəmətdən sonra məhv oldu.
İtalyanın Torino şəhərində yaşayan Nitsşe şəhər meydanlarının birində gördüyü səhnə qarşısında öz fəlsəfi konsepsiyaları ilə birgə ağlayaraq çökmüşdü. Meydanda dayanan və olduqca yorğun görünən atı hərəkətə keçirtmək üçün faytonçu acımasızca qamçılayırdı. Bu səhnəni görən Fridrix faytona doğru qaçıb, faytonçunu uzaqlaşdırdıqdan sonra döyülmüş və bitkin atın boynunu qucaqlayaraq hönkürtüylə ağlamışdı.
Ağlayaraq bihuş olan Nitsşe ağlını tamamilə və sonsuzadək itirmişdi. Ondan sonra onun qısa həyatını dəlixana və bacısının evindəki xəstə yatağı, ardınca isə iflic keçirərək ölüm tamamlamışdı.
Nitsşenin içində boğduğu ya da boğmağa çalışdığı mərhəmət hissi dəlilik sərhəddini aşacaq səviyyədə partlamışdı. Zərdüştün artıq danışacaq və yazacaq halı qalmamışdı. İnsan sürüsündən “übermensch”(üst-insan/fövqəlbəşər) yaratmaqdan və Salome(Nitsşenin sevgisinə qarşılıq verməyən qadın) kimilərindən/kimi insanlardan sevilmək duyğusunu almaq yerinə bir atı qucaqlayaraq həyatdan bağını qoparmışdı.
Ağıllı Nitsşe son hərəkətilə belə bu günümüz üçün böyük fəlsəfi miras buraxmışdı. Mənfəəti üçün qamçı vuranları, eqo və boşluqları üçün insan duyğusunu və şəxsiyyətini qurban seçənləri yox boynu qucaqlanası canlıları, insanları sevmək lazımdır. Süni və kölə insanlar var olduqca bəşəriyyət daim xoşbəxtlik axtarışında tarix vərəqlərini dolduracaqdır.
O özünün ideal xoşbəxtliyinin iki formasından birinə çata bildi. Fridrixə görə ideal xoşbəxtliyi yaşamaq üçün; insan ya doğulmamalı ya da tez ölməlidir. Və o tez ölümə nail ola bildi. Əslində isə onun doğuluşu insanlığa xoşbəxtlik, ölümü isə sadəcə özünə xoşbəxtlik gətirdi.

Yaşar Şəkari, Röya İsrafilova

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !