Sevimli sənətkarımız və Azərbaycanı Rusiyada təmsil edən əziz eloğlumuz Polad Bülbüloğlu! -

Sevimli sənətkarımız və Azərbaycanı Rusiyada təmsil edən əziz eloğlumuz Polad Bülbüloğlu!

 Bu məktubu Sizə ünvanlamağa məni Xalq artisti Canəli Əkbərova olan səmimi münasibətiniz oldu. Və bunu əsas götürərək Sizə, böyük Bülbülə olan sevgimi də qələmə almaq qərarına gəldim.
Canəli Əkbərovun 80 illik yubileyinə xüsusi buraxılış hazırladığıma görə ailə ilə əlaqəliyəm,tez-tez evlərində oluram.
Dünyanı caynağına alan koronavirus pandemiyası dövründə Canəli Əkbərova təbrik məktubu ünvanlamağınız məni heyrətləndirdi. Bakıya  təbrik məktubunu öz əlinizlə gətirməyiniz isə məni kövrəltdi. Axı Siz Bakıya qardaşınız Çingiz Məmmədovun dəfn mərasiminə gəlirdiniz.
Belə diqqət və qayğı çox nadir şəxslərə məxsusdur. Deyərdim ki, istiqanlılığınız şuşalı, qarabağlı olmağınızdan doğur.
Polad müəllim!
Ruhuma o qədər yaxın və doğmasınız, elə bilirəm qan qohumuyuq. Əslində, bəlkə də, belədir. Axı mənim də ata babam Şuşadan gəlib Lənkəranda məskunlaşıb. Ötən əsrin lap əvvəllərində qardaşı ilə Lənkərana köçüb, ömürlərinin sonuna kimi orda yaşayıblar. Lənkəranda ailə qurub, oğul-uşaq sahibi olublar. Məlumdur ki, Sadıq bəy Mehmandarov Talış xanının dəvətilə Lənkərana köçüb. Talış xanının qızı ilə ailə qurub, general Səməd bəy kimi dünya şöhrətli hərbi xadim, Sankt-Peterburqda tibb təhsili alan İbrahim bəy adlı oğlanları və digər övladları dünyaya gəlib. Məlum məsələləri yazmaqda məqsədim odur ki, babamgil Mehmandarovlara qohum olublar, qonşu olublar, dost olublar, bilmirəm. Bildiyim odur ki, babamgil Mehmandarovlardan xeyli sonra Lənkərana gəliblər. Babam 1921-ci ildə vəfat edib. Ticarətlə məşğul olub. Varlı olduğundan boynuna həcc düşürmüş. Hazırlaşdığı dövrdə sovet hakimiyyəti qurulur. Kişini qorxudurlar ki, varlısan, gəlmə adamsan, səni də tutacaqlar. Bəlkə də tutmayacaqdılar. Nənəm deyərdi ki, kişi bu qorxunu ürəyinə saldı, gündən-günə saralıb-soldu (nənəmin ifadəsi) və vəfat etdi. Həmin vaxt 3 aylıq olan atam 1972-ci ildə 51 yaşında vəfat etdi. Beləliklə, biz Şuşaya gedib çıxa bilmədik. Müəllim idi. Qışda deyərdi yayda gedərik və ya başqa vaxtda…
Atam Bəhram müəllim ensiklopedik biliyə malik bir şəxs idi. Qərbə, Avropaya daha çox meylli idi. Qibləgahı Bülbül idi. Bülbül Koroğlunu oynayanda Bakıya getdiyini həvəslə danışardı. Sizə də xüsusi rəğbəti vardı. İfanızı bəyənirdi. Evimizdə Bülbülün həyat və yaradıcılığından bəhs edən kitab vardı. Həmin kitabda atanızı pianoda müşayiət edən tarixi bir şəkliniz indi də gözlərim önündədir.
Bülbülün böyük insanlığı barədə köhnə xanəndələrdən elə gözəl sözlər eşitmişəm ki… Dövrünün çox məşhur xanəndələrindən olan Əlyar Əmirov deyərdi ki, Bülbül hər mənada Bülbül idi – səsdə-sənətdə də, insanlıqda da.
Deyirdi, onun qayğıkeşliyindən günlərlə danışsam, yorulmaram. Hər konsertdə çıxışımdan qabaq mənim barəmdə danışardı. Deyərdi, mən bu Əlyarı tanımırdım. Səsi çox davamlıymış. İyirmi dəqiqə mən oxuyuram, yarım saat o. Çayımı da yoxlardı ki, birdən səsimə təsir edər. Konsertdə mənə başqalarından 100 manat artıq verirdi ki, ailən böyükdür. Azərbaycanın hansısa rayonunda qastrol zamanı Sizin üçün dovşan ovladığını da xoş xatirələrlə anırdı.

Polad müəllim!
2010-cu ildə “İlin adamı” seçilməyiniz hamımızı sevindirdi. “Söz” jurnalında haqqınızda təbrik yazısı da verdik. Dünya Azərbaycanlılarının qurultayında görüşdük, “Söz” jurnalının həmin sayını Sizə təqdim edəndə razılığınızı bildirdiniz.
Polad müəllim!
Aman-zaman bir övladım var. Ailə qurmağımızın on beşinci ili gəlib dünyaya. Toğrulum düz fevralın 4-də dünyaya göz açdı. Sizin 50 illiyinizdə. İndi hər il dünyaya gəlişini qeyd edəndə Sizin də, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin şərəfinə də qonaqlarımız badə qaldırırlar.
Polad müəllim!
Mətləbdən çox uzaqlaşdım. Məqsədim Sizin diqqət və qayğıkeşliyinizə minnətdarlıq etmək idi. Amma hələ ki, əlçatmaz olan Qarabağ yaramız araya girdi.
Canəli Əkbərovun 50 illik yubileyi 1990-cı ilin martında idi. Qanlı yanvar hadisələrindən iki aya yaxın vaxt keçmişdi. Nə xalqımız o hayda idi, nə də Canəli Əkbərov. Amma 60 illiyində bütün ömrünə bəs edəcək yubiley tədbiri keçirildi. Respublika Prezidenti Heydər Əliyev Xalq artistini “Şöhrət” ordenilə təltif etdi. Nazir olaraq yubiley tədbirini yubilyarın uzun illər Məcnunu, Şahı, Aşıq Qəribi, Kərəmi olduğu Akademik Opera və Balet Teatrında keçirmək sərəncamını Siz verdiniz.
Gurultulu alqışlarla qarşılanan səmimi təbrik sözləriniz indi də qulaqlarımdadır: “Hörmətli Canəli müəllim, xanımlar və cənablar! Zəlimxan Yaqub məclisə elə giriş verdi, onun alovlu çıxışından sonra

çalışacağam qısa danışım. Fəxr edirəm ki, Canəli Əkbərovun Əməkdar və Xalq artist adlarının təqdimatına mən imza atmışam. Bu möhtəşəm Akademik Opera və Balet Teatrında 60 illiyini təbrik etmək də mənim qismətimə düşdü. Nazir kimi öz yerində, bir musiqiçi olaraq Bülbül ocağının pərəstişkarları adından yubilyarı təbrik edirəm və inanıram ki, onun şaqraq səsi uzun illər pərəstişkarlarını sevindirəcək. Sevinirəm ki, Zeynəb xanım Xanlarova da burdadır. Səhnədə və zalda çox məşhur sənətçilər və qonaqlar əyləşiblər, Canəli müəllimi təbrikə gəliblər. Bu gecə unudulmaz bir yubiley gecəsi yaşayacağıq”.
Canəli müəllimə diqqətiniz göz önündədir. Bütün yubileylərində təbrik məktublarınız, telefon zəngləriniz, xoş sözləriniz xanəndəyə xoş ovqat bəxş edir. Bunu ailə üzvləri də minnətdarlıqla bildirirlər.
Canəli Əkbərovun bənzərsiz səsinin, ifa tərzinin vurğunlarından biriyəm. “Söz” jurnalının bir sayını Xalq artistinin həyat və yaradıcılığına həsr etmişəm. Bu yaxınlarda işıq üzü görəcək xüsusi buraxılışımızda Sizin təbrik məktubunuz da oxucuların ruhunu oxşayacaqdır.
Çox sağ olun.
Gün olsun, Canəli Əkbərovun şaqraq səsi Qarabağ torpaqlarında – Şuşada, Cıdır düzündə… “Qarabağ şikəstəsi”nə köklənsin.
Amin!
O günü görmək arzusu ilə:


Sevda Əlibəyli,
“Söz” jurnalının baş redaktoru

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !