Sözün keşiyində dayanan, onu ucaldan jurnalistlərdir - Azay Quliyevdən TƏBRİK MESAJI

“Sözün keşiyində dayanan, onu ucaldan jurnalistlərdir” Azay Quliyevdən TƏBRİK MESAJI

Millət vəkili, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Azərbaycan Milli Mətbuatının yaranmasının 145 illiyi münasibətilə kütləvi informasiya vasitələrinin əməkdaşlarına təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

Hörmətli jurnalistlər,

Bəşər tarixində mədəniyyətin, mənəvi təşəkkülün tarixi sözlə, yazıyla bağlıdır. Doǧru, dəyərli söz hər zaman böyük qiymətə malik olub. Bu sözün keşiyində dayanan, onu ucaldan, ondan abidələr yaradanlar isə qələm adamları, jurnalistlərdir.


Böyük maarifçi Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə yaratdığı “Əkinçi” qəzeti Azərbaycanda milli mətbuatın bünövrəsini qoyub. Zəngin və şərəfli yolla addımlayan Azərbaycan mətbuatı ötən dövr ərzində müxtəlif mərhələlərdən keçib. Nə qədər çətin də olsa Azərbaycan mətbuatı hər zaman milli dəyərlərin, mənəviyyatın, xalqın tarixi yaddaşının, mədəniyyətinin qorunmasına çalışıb.


Hazırkı plüralist cəmiyyətin əsas atributlarından biri də mediadır. Vətəndaş cəmiyyətinin qurulmasında və inkişafında medianın fəaliyyəti mühüm əhəmiyyətə malikdir. Ermənistanla 30 ildən artıq müddətdə davam edən münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında da Azərbaycan mediasının böyük əməyi var. Heç zaman atəşkəsin olmadığı informasiya müharibəsində, Azərbaycanın milli maraqlarının qorunmasında və vətəndaşların informasiya təminatında jurnalistlər əvəzsiz rol oynayırlar.

Əziz dostlar,

Peşəkar tələbləri, milli dəyərləri və dövlətçilik maraqlarını fəaliyyətində hər zaman uca tutan bütün kütləvi informasiya vasitələrinin əməkdaşlarını, Azərbaycanın fədakar jurnalistlərini 145 yaşı olan Milli Mətbuat Günü münasibəti ilə ürəkdən təbrik edir, büyük Zərdabinin əsasını qoyduğu müqəddəs yolda uğurla irəliləməyi arzulayıram.

Bayramınız mübarək!

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !