Gülağa Tənha - "Mən Allah adamıyam" ifa: Sahib İbrahimov

Gülağa Tənha "Mən Allah adamıyam" ifa: Sahib İbrahimov

Xeyriyyəçi-şair Gülağa Tənhanın “Mən Allah adamıyam” kitabının təqdimat mərasiminin növbəti çıxışçısı müğənni-xanəndə Sahib İbrahimovdur. O, şairin “Tənhalıq” adlı şeirinə Alim Əliyev tərəfindən bəstələnmiş mahnını ifa edir. Video link bölməsindən əlavə xeyriyyəçi-şair Gülağa Tənhanın 2004 – ci ildə çap olunan 10 cildliyin I cildində yer alan seçilmiş şeirlərini bir neçəsini təqdim edirik. Beləliklə, şairin bütün seçilmiş şeirləri ilə, silsilə olaraq sizinlə tanış edəcəyik...

 

 

 


YAXA ƏLƏ VERƏN DEYİL

 

Udammırıq möhnəti biz,
Ürəkdəki heyrəti biz,
Hey qovuruq həsrəti biz,
Vüsal bizi görən deyil.
Ömür zərdi, həyatım nərd,
Ürəyimdə qaldı bu dərd,
Tapılsa da mənə həmdərd,
Ömrü uzun sürən deyil.
Hicran bağrımı çeynədi,
Qəlbim sızladı, göynədi,
Dünya qocadı, köhnədi,
Dərdi-qəmi dərən deyil.
Ömrün sabahı ləngiyir,
Udur min ahı – ləngiyir,
Günümün ağı ləngiyir –
Yaxa ələ verən deyil.
Moskva, 1998

 

 

***


YADA DÜŞƏR XATİRƏLƏR

Bir anlıq qayıdam ötən illərə,
Ömrümdən-günümdən itən illərə.
Yenə yolun üstə duram, gözləyəm,
Yenə gecikəsən…
Ağ yağış yağa.
Kövrək ümidimdən qopan damlalar
Vüsal toxumutək düşə torpağa.
Yenə yolun üstə durub gözləyəm,
Yenə də boynumu burub gözləyəm,
Yenə ağ ümidim, ağca ümidim,
Qara gümanlardan asılı qala.
Dağ çəkib yolların tərs inadına,
Dəli inadımı yorub gözləyəm…
Boylanam sən gələn yollara sarı,
Səni gətirəsi yolu nur kimi
Darıxa-darıxa yığam gözümə.
Qara bulud kimi dolan həsrəti
Zəmzəm suyu bilib sıxam gözümə.
Öz dərdi, öz qəmi az imiş kimi,
Dərdimə bələnə dağ-dərə burda.
Göydən insaf umam, yerdən muştuluq,
Gah göyə boylanam, gah yerə burda.
Gələsən can verən cana ruh kimi,
Bir ağ göyərçinə dönə əllərim.
Qara buludların tozunu silib,
Qara tellərinə enə əllərim.
…Bir anlıq qayıdaq ötən illərə,
Ömrümdən, günümdən itən illərə.
Qayıdaq xatirə cığırlarıyla;
Yoluna səpdiyim qızılgüllərin
Qızılı qanına boyanam yenə.
Bir vaxtlar gözündən həsrət dərdiyim,
İntizar üzdüyüm, möhnət dərdiyim
Həmin pəncərədən boylanam yenə…
Həmin pəncərənin mən tərəfində,
Yayın bu vaxtında sazaqdı, gülüm.
Həmin pəncərənin sən duran üzü,
Mənim ürəyimə bir ömür qədər,
Uzaqdı, uzaqdı, uzaqdı, gülüm!..
İspaniya, avqust, 2000

 


***

 

BU, QEYRƏTDİMİ?

Baş açmadım bu dünya
namərddimi, mərddimi?
Görən çörəyi, suyu
Sevincdimi, dərddimi?
İllərdən gül dərəsən,
Sevgiyə can verəsən…
Dərd çəkməyi, görəsən
dərdə də öyrətdimi?
Kərəm sevdi, duruldu,
Ömrünə tor quruldu.
Yarı yolda yoruldu,
Tənha, bu, qeyrətdimi?
Bakı, 30.08.2003

 


***

ÖLDÜRÜR MƏNİ

Qollarıma vurulan
Zəncir öldürür məni.
Yoxsa ömür qəbirdi? –
Qəbir öldürür məni.
Kəlməm, sözüm üyüşüb,
Yolum-izim üyüşüb,
Daha dözüm üyüşüb,
Səbir öldürür məni.
Ahım aləmi tutdu,
Gümanlarım buluddu.
Gəzdim, tapdım, unutdu,
Bu pir öldürür məni.
Başım üstə daş ələ,
Sevgimə ömür dilə.
Sevgimiz sirdi hələ,
Bu sirr öldürür məni.
Yasamal, 21 noyabr, 1993

 



***

BİLMƏDİN

Duyğularım sənə sarı
Çağlayan çaydı, bilmədin.
Ağlayır, ömür dağlayır
Gör neçə aydı, bilmədin.
Dərdə yığılan ömürə,
Sənsiz sıxılan ömürə,
Yanıb-yaxılan ömürə
Haraydı, haydı, bilmədin.
Talan olub talan ömrüm,
Yalan olub yalan ömrüm.
Sənsiz bağlı qalan ömrüm
Bir ağ saraydı, bilmədin.
Təksən, dərdi tək çək, sənəm,
Taleyinə dərd ək, sənəm,
Adını, daşürək sənəm,
Dərd elə yaydı, bilmədin…
Bakı, 10. 09. 2004

 


***



BİRİYƏM

Dərd-qəmini baş pərdədə əridən,
Yüyrək dilli ozanlardan biriyəm.
Xoş kəlamı, şirin sözü, xoş sözü,
Ömrə-günə yozanlardan biriyəm.
Bu dünyada hər sevginin öz yolu,
Sevgi yolu – ocaq yolu, köz yolu,
Əzəl başdan çınqıllıqdı söz yolu,
Öz dərdini yazanlardan biriyəm.
Söz sinəmdə qaynadı, yar, daşdı, yar,
Kim deyir ki, qəlbim qara daşdı, yar?!
Qəlbidaşı qəlbidaşlar daşdıyar,
Daş yollarda azanlardan biriyəm.
Kim aşardı bu aşılmaz hasarı,
Dözümünə inamını ha sarı.
Ürəyində öz eşqinə məzarı
Öz əliylə qazanlardan biriyəm.
Bakı, 3 sentyabr, 2003

 


***


DƏRDİN DƏRDİ NƏDİR

Sevincin bələyi dərd,
Bələyi nədi dərdin?
Nə vaxtdı qılıqlayır,
Kələyi nədi dərdin?
Ürək döyüntüsüdü,
Qolu-qanadı dərdin.
Dözdük, günün birində
qəlbi qanadı dərdin.
Qanını bizə verir,
Neyləyir özü dərdin?
Donsaq can isidərmi
ocağı, közü dərdin?
Nəfəsi də, canı da
Qəmdi, qəhərdi dərdin.
Bizim dərdimiz – vüsal,
De, nədi dərdi dərdin?..
Moskva, 1999

 


***



GÖYLƏRİN GÖZLƏRİ DOLAR

Əzib mum edərəm kədəri, qəmi,
Ahımla yandırram bütün aləmi,
Günlərin birində Xan Kərəm kimi
kül olsam,
göylərin gözləri dolar.
Həsrət üzə gülüb de nə vaxt, haçan?!
Biz olduq, çiçəyim, dərddən dil açan.
Saçını üzünə dağıdıb qaçan
yel olsam,
göylərin gözləri dolar.
Ürəkdi özünü odlara yaxan,
Gözdü sən getdiyin yollara baxan.
Ay sarı çiçəyim, gözündən axan
sel olsam,
göylərin gözləri dolar.
8 mart, 2004

 

 

 

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !