Gülağa Tənha - "Mən Allah adamıyam" ifa: Əməkdar artist Zeynəb Behbudova

Gülağa Tənha "Mən Allah adamıyam" ifa: Əməkdar artist Zeynəb Behbudova

 Xeyriyyəçi-şair Gülağa Tənhanın “Mən Allah adamıyam” kitabının təqdimat mərasimində aparıcı bildirir ki, adı çəkilən kitabda müəllif oxuculara özünü təqdim edir.

Gözü nurdan düşənə, çıraq ünvanıyam mən.
Ürəyi yananlara, bulaq unvanıyam. – deyir Gülağa Tənha.

Şairin yaradıcılığına yaxından nəzər salmaq üçün bu dəfə söz müğənni , Əməkdar artist Zeynəb xanım Behbudavaya verilir. Müşayiət edir “Tənha” xalq çalğı ansanbılı. Eyni zamanda söz verdiyimiz kimi şairin bir neçə şeirini də oxucuların nəzərinə çatdırırıq.

 

 


***



MƏNƏ QAYTAR

Yadındamı, o gecənin qaranlığı
Gözümüzdə damla-damla əriyirdi.
Dar macalda göy üzünün paxıllığı
Boylanırdı, ulduz-ulduz səyriyirdi.
Həsrət əlim tellərinin sığalıydı,
Od nəfəsim tellərində köz olmuşdu.
Gecə üzü göy üzünün şirinliyi,
Dilimizdə bala dönən söz olmuşdu.
Qaranlıqda səsimizi alıb gedən
Küləklərin nəfəsini unutmuşduq.
Unutmuşduq bir təlaşın qorxusunu,
Bir inadın həvəsini unutmuşduq.
Ötüb keçən maşınların işığından
Adamların baxışından gizlənirdik,
Gizlənirdik adamların addımından,
Baxışların yağışından gizlənirdik.
Dünənimin sevgi adlı ovsununu,
Köz-köz yanan ocağını qaytar mənə!
Yüz gündüzü istəmirəm, hər nədirsə,
O gecənin çırağını qaytar mənə!
1982

 

 


***

 

MƏNƏ DÖNƏMMƏZSƏN…

Qayıtma,
geriyə yollar bağlıdı,
Bir də bu ünvana gəlməyin – çətin.
Heç kimi qınama, öz günahındı,
Sonu vüsal olmur hər məhəbbətin.
Mənə dönmək üçün nə vaxtdan bəri,
Dərələr keçirsən, dağlar aşırsan.
Əllərin əlimə çatmır, ah çəkib
mənim xatirəmlə pıçıldaşırsan.
Soyuq baxışınla o vaxtdan bəri,
Sən mənim duyğuma qan uddurmusan.
Səni unutmazdım…
Yox, unutmazdım,
Sən özün özünü unutdurmusan.
Ayrıldıq…
Bu ağır həsrətə görə,
Səni yox, özümü əfv eləmişəm.
Canıma ruh kimi dolan sevgimi,
Qəlbimdə biryolluq dəfn eləmişəm.
Mənə dönəmməzsən…
Yollar bağlıdı,
Gözündə min həsrət bitirmisən sən.
Mənim ürəyimə dönmək haqqını
Ayrılıb gedəndən itirmisən sən!..
Sahil qəsəbəsi, dekabr, 2003

 



***

GÖZÜN İMTAHANIDIR

Qəfil yağış yağarsa,
Közün imtahanıdır.
Əl aç, Tanrıya yalvar,
Sözün imtahanıdır.
İllərimdən qəm dara,
Üz vermə intizara.
Qar ələnir yollara,
İzin imtahanıdır.
Gözdən ümid üzəcək,
Üzüb yerə düzəcək.
Dağa nə var – dözəcək,
Düzün imtahanıdır.
Uğur – ipək, yol – incə,
Nur tökülür gör necə?!
Yola bax, mən gəlincə
gözün imtahanıdır.
Bakı, 04.04.1994

 


***


YUXU

Gedirdi üzü göylərə
Yarı yolda qalan yuxu.
Gecənin gecə vaxtında
Göyə meyl salan yuxu.
Ümidimi güllələdi,
Od qaladı, kül elədi,
Məni qara qul elədi,
Həsrətə tən olan yuxu.
Qurumur gözümün nəmi,
Kim sındırar bu tilsimi?
Bu gecə gözlərin kimi
Yatağıma dolan yuxu.
Gedir, dərdə aman verə,
Yozumsuz bir güman verə,
Gedir həsrətə can verə,
Canımdan can alan yuxu!..
Şamaxı, 13.06.1994

 


***



FÜRSƏT SƏNİNKİDİ

Tanrımızdan aman dilə,
Dilə, fürsət səninkidi.
Gözümə həsrət çisəyi
çilə, fürsət səninkidi.
İnsaf olmaz ipək səsdə,
Durub, yaman durub qəsdə.
Söz daşını yolum ustə
ələ, fürsət səninkidi.
Neyləmişdim sənə axı,
Sən mənə çəkdirdin ahı.
Yaxşı saldın məni axır
dilə, fürsət səninkidi.
Gərək bir gün mən də dinəm,
Onda görərsən ki, kiməm.
Eybi yox, daşürək sənəm,
Hələ fürsət səninkidi.
Masallı, 22.03.2003

 



***



OLMUR

Hərəni bir axar aparıb gedir,
Axar sular kimi çağlamaq olmur.
Aylardan-illərdən qoparıb gedir,
Gedəni yolundan saxlamaq olmur.
Ömür isidəsi köz də qalmayıb,
Ümidə dönəsi söz də qalmayıb,
Aşkar ağlamağa üz də qalmayıb,
Özünə qapanıb ağlamaq olmur.
Varı arzusunda, diləyindədi,
Vicdanı məkrində, kələyindədi,
Əli böyüklərin ətəyindədi,
Dərdin sinəsini dağlamaq olmur.
Bu karvan onsuz da gedir mənzilə,
Yolumdan qalmaram mən bilə-bilə.
İşvəli mələyə, nazlı gözələ,
Gülağa, daha bel bağlamaq olmur.
Moskva, 21.05.2000

 


***



ÖYRƏTDİ

Gözəlim, həsrətin mənə
Sinə dağlamaq öyrətdi.
Ağ ümidi qara daşa
Düyüb bağlamaq öyrətdi.
…qara düşdü,
Qar yağdı, qara düşdü.
Qara günlər əlindən
Qəlbimə qara düşdü.
Tərsə əsən yellər kimi,
Coşub-daşan sellər kimi,
Ümid yoran illər kimi,
Güman haqlamaq öyrətdi.
…ağ gəldi, gəl,
Çarəsiz çağ gəldi, gəl.
Yollarına baxmaqdan
Gözümə ağ gəldi, gəl.
Taledən il kəsə-kəsə,
Görən niyə düşdü nəhsə.
Yadı güldürdü, mənəsə,
Zar-zar ağlamaq öyrətdi.
10.08. 1987

 

 

 


#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #kitab #təqdimatı #şeir #sheir #maxni #mahni #muğam #qiraət #qiraet #Mən #Allah #adam #muğamklub

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !