Gülağa Tənha - - "Mən Allah adamıyam" çıxış edir: Xalq artisti Canəli Əkbərov

Gülağa Tənha - "Mən Allah adamıyam" çıxış edir: Xalq artisti Canəli Əkbərov

 Xeyriyyəçi-şair Gülağa Tənhanın "Mən Allah adamıyam" kitabının təqdimat mərasimində, növbəti çıxış üçün söz verilir Azərbaycan Respublikasının Xalq artisti Canəli Əkbərova. Çıxışla bərabər bu dəfə on cildlik kitabın II və III cildində yer alan şeirlərdən bir neçəsini təqdim edirik.

 

Gülağa Tənhanın Seçilmiş əsərlər kitabının II cildində yer alan seirlərdən seçmələr.

 

 

 

UNUTMAQ İSTƏYİRƏM

 


Unutmaq istəyirəm,
Özümü də, onu da
Yarımçıq yuxu kimi,
Unutmaq istəyirəm,
Əvvəlsiz əvvəli də,
İndini də, sonu da
Dərd üstə dərd gətirən
Təntimiş duyğu kimi…
Unutmaq istəyirəm,
Yamaqlı şalvarımdan
utandığım günləri.
İlk uğursuz sevgidən
Novruz tonqalı kimi
Odlandığım günləri.
Unutmaq istəyirəm,
Təlaşlı illərimin
Saçımdakı izini.
Vaxtın üstünə çıxıb,
Şəkildən mənə baxan
Bəxtəvərin üzünü…
Bakı, 15 avqust, 2009

 

 

***

 

 


MƏNİ TANIMAĞA NƏ VAR

 


Dərdin-sərin qardaşıyam,
Qəm-qəhərin adaşıyam,
Sevincimin başdaşıyam,
Məni tanımağa nə var.
Söz mürüdündən biriyəm,
Mürşüd dinə, mən kiriyəm…
Sözün açılmaz sirriyəm,
Məni tanımağa nə var.
Yoxdu dərdimi döyənim,
Yoxdu sözümü öyənim,
«Mənəm…gəlmişəm…» deyənim,
Məni tanımağa nə var.
Kərəm kimi yana billəm,
Sərt sözündən sına billəm.
Buz baxışdan dona billəm,
Məni tanımağa nə var.
Düz görürəm, çaş deyiləm,
Dərdinə adaş deyiləm…
A qəlbidaş, daş deyiləm,
Məni tanımağa nə var.
Bakı, 13 avqust, 2009

 

 

***

 

 

 

QARA GÖZLÜM

 


Ürəyimin sözü sözündə qalıb,
Sözümün sevinci gözündə qalıb…
Dodağımın izi üzündə qalıb.
Silmə gözlərini, ay qara gözlüm.
Hara boylanırsan, hara baxırsan,
Açılıb, sabahdı, ay qara gözlüm.
Məni yandırırsan, oda yaxırsan,
Bu da bir günahdı, ay qara gözlüm.
Həsrətin ömrümdən qar ala bilər,
Həsrəti ömrümdən üz, qara gözlüm.
Dözərdim, səbirim darala bilər,
Dodaqda köz olar söz, qara gözlüm.
Ümidimin şamı qarala bilər,
Qaralar geyinər düz, qara gözlüm.
Ömür deyilmir ki, hər ötən ilə,
İlləri ömürə yoz, qara gözlüm.
Hicran kəlməsini, həsrət sözünü,
Ömrümdən biryolluq poz, qara gözlüm.
Məni bezdiribdi ayrılıq, indi
Sən də intizardan bez, qara gözlüm.
Xoşbəxtlik yaşını ağ xal əvəzi
Alışan üzünə düz, qara gözlüm.
Gedək ömrümüzün sabahlarına,
Uğurdan qalmayaq biz, qara gözlüm!..
Bakı, 5 avqust, 2009

 

 

Gülağa Tənhanın Seçilmiş əsərlər kitabının III cildində yer alan seirlərdən seçmələr.

 

 

İNAM

 

İnamımdı
insanlarla ünsiyyətim,
İnamımdı yerin-göyün
mat qaldığı heysiyyətim,
İnamımdı
başlanğıcım, nəhayətim.

 

İnam mənim kəhkəşana
azalmayan marağımdı,
İnam mənim
qələmimdi, varağımdı,
Dünənimdən bu günümə
Gələn yolum-yolağımdı,
Bu günümdən
sabahıma sorağımdı.

 

Sərhəddimdə
yağı boyu görünəndə
Qılıncıma bülöv çəkən
inamımdı.
Yer şumlayan,
toxum səpən,
ağac əkən inamımdı.
Ömür yozan,
ömür yazan inamımdı,
Yağılara qəbir qazan inamımdı…

 

İnam verib,
inam verib anam mənə,
Ata olub,
ana olub inam mənə…
Düyün vurdum bir-birinə
ötənləri-keçənləri,
Ömür üzən gümanları,
Dağım-dağım dağlamışam
İnamıma tamahlanan
dumanları.
Görsələr ki, inamsızam,
Əzizlərim basdırsınlar
Mən oğulu diri-diri!..

 

Dekabr, 2005

 

 

 


İNAMIMA DƏYMƏYİN

 

Bu, tale gərdişidi;
Qəribliyin ağrısı
Çiyinimə yük olub.
Güzəranı özünün
yükündən böyük olub...

 

Əyilməz qürurum var,
Qürurumu əyməyin.
Çörək, su istəmirəm,
İnamıma dəyməyin!..

 

May, 2006


BİR ÖMÜR BORCLUYUQ…

Cavad xanın ruhuna sevgilərlə

 

Xalqın oğuluydun heysiyyətinlə
Yadın can evində can yaxan oldun.
Cavad doğulmuşdun,
qətiyyətinlə
Dünyanın gözündə Cavad xan oldun!

 

…qarı dünyanı,
Bəxti gecəsindən qara dünyanı,
Dərdini içində çəkdiyi üçün
Sapsarı saralan sarı dünyanı
Haqq yola çağırdın haqqın diliylə.
Vətən borcu bilib çağırdın…
Bəli,
Danışdın millətin, xalqın diliylə!

 

Niyə bilmədilər vaxtı çatanda
Öz ömrü üzünə ağ olacaqdır.
Qurduğu xaniman günün birində
Çökəcək,
uçacaq,
dağılacaqdır!

 

Sözünün nurunu görən az oldu,
Görüb yollarına hörən az oldu,
O biri xanlıqlar uğurlamadı
Bizə qarşı gələn səhərimizi.
Elə ona görə neçə illərdi
Ovuda bilmirik qəhərimizi.

 

Hərə öz başının hayına qaldı,
Hərə öz qəhrində, dərdi-sərində.
Qırmızı şeytanın toruna düşdük,
Elə ona görə günün birində…

 

Özgə torpağında gözün yoxuydu,
Könül adamıydın,
gözün toxuydu.
Çölləri, düzləri gülləndirirdin.
Qeyrət qalasıydın…
Azərbaycanı
Ömrünə-gününə Gəncə bilirdin…

 

Sənin də ruhunun eyni açılıb;
Ruhun xeyir-dua verir nə vaxtdı
bəli,
azadlığın təntənəsinə.
«Azadlıq verilmir, alınır!»,
onda
bir ömür borcluyuq,
Cavad xan, sənə!..

 

Aprel, 2009

 

 

 

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #kitab #təqdimatı #şeir #sheir #maxni #mahni #muğam #qiraət #qiraet #Mən #Allah #adam #muğamklub

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !