Ürəyə üçdən artıq stent qoymaq xəstədə bu fəsadları yarada bilər - - Kardioloq AÇIQLADI

Ürəyə üçdən artıq stent qoymaq xəstədə bu fəsadları yarada bilər - Kardioloq AÇIQLADI

“Koronar damarlara üçdən artıq stent implant etmək təqdir olunmur. Belə ki, bu xəstənin damarlarında stent yükünün artmasına, təkrar stent darlıqlarına-restenoz, infarkt, opak maddəyə və metala olan müxtəlif allergik reaksiyalara, ritm pozğunluqlarına-aritmiyalara və nəhayət sonu letallıqla-ölümlə nəticələnə bilən daha ağır proseslərə səbəb ola bilər”.
Bu sözləri həkim kardioloq İlahə Ağayeva saytımıza açıqlamasında deyib.
Həkim bildirib ki, üçdən artıq koronar damarlarda problem aşkarlanarsa cərrahi seçim tövsiyyə olunur:
"Stent koronar damar daxilinə yerləşdirə bilinən və mövcud darlıqları genişlədə bilən kiçik ölçülü metal bir qəfəsdir. Stentlər ürək koronar damarlar, beyin serebal damarlar, böyrək və periferik damar xəstəlikləri zamanı istifadə olunur. Hər damara stent qoymaq olmaz. Öncəliklə damar ölçüsü və darlıq lokalizasiyası stentə uyğundursa və mövcud darlıq 70%-in üzərindədirsə, xəstənin yaşı, yanaşı xəstəlikləri ona imkan verirsə o zaman stent qoyulur. Əgər 1 və ya 2 koronar damarlarda mövcud darlıqlar təsbit olunubsa o zaman stent işləmi apararaq və koronar qan axımını bərpa edərək xəstənin klinik vəziyyətini stabilləşdirmək mümkün olur. Yox əgər üç və ya daha artıq koronar damarlarda müvafiq problemlər (darlıq, stenoz, tromboz) qeyd olunursa o zaman xəstəyə aorta - koronar şuntlama əməliyyatı məsləhət görülür. Çox vaxt belə damarlara texniki cəhətdən stent taxmaq mümkün olsa belə üç və ya daha artıq darlıqlar təsbit olunmuş xəstələrə cərrahi seçim tövsiyyə olunmalıdır. Çünki belə xəstələr şuntlama əməliyyatından daha çox fayda görmüş olur.
Lakin bəzən xəstə könüllü surətdə şuntlama əməliyyatından imtina edir və ya yanaşı geden digər xəstəlikləri və ya orqan patologiyaların olması aorta-koronar şuntlama əməliyyatının aparılmasını əngəlləyir. O zaman belə xəstələrə üçdən daha artıq stent işləminin aparılması yenidən müzakirə olunaraq invaziv-kardioloq tərəfindən həyata keçirilə bilər”.
İlahə Hüseynova yeniavaz.com 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !