Azərbaycanın azadlıq, müstəqillik və dövlətçilik tarixində yer tutmuş şəxsiyyətlərdən biri də Şeyx Məhəmməd Xiyabanidir. Bu sahədə həm Güney, həm də Quzey Azərbaycanda müəyyən tədqiqatlar aparılıb, yazılıb ortaya çıxsa da, tarixşünaslıqda Xiyabani və onun adı ilə bağlı olan hərəkatın dolğunluqla və ətraflı verilməsi demək deyildir. Bu tərəfdə sovet hakimiyyətinin mövcud olması, İranda Pəhləvi rejiminin şovinist siyasəti, bir sıra başqa mövzular kimi Xiyabani mövzusunun da istənilən səviyyədə tədqiqinə və oxuculara çatdırılmasına imkan verilməmişdi. Buna baxmayaraq Arazın hər iki sahilində yazıb-yaradan tarixçi alimlərimiz ciddi təzyiqlər şəraitində olsa da, müəyyən əsərlər qələmə almış, tədqiqatlat aparmışlar.
Azərbaycan tarixşünaslığı və elmi ədəbiyyatında
1945-1946-cı illərdə Güney Azərbaycanda olmuş, sovet ordusu sıralarında xidmət etmiş məşhur jurnalist, tədqiqatçı-alim Q.Məmmədlinin 1949-cu ildə Bakıda “Azərbaycan” nəşriyyatında çap edilmiş “Xiyabani” (Azərbaycan xalqının milli azadlıq mübarizəsi tarixindən)” adlı əsərində, M.Xiyabani hərəkatının görkəmli tədqiqatçısı, t.e.d., professor Ş.Tağıyevanın 1956-cı ildə rus dilində çap olunan “1917-1920-ci illərdə İran Azərbaycanında milli azadlıq hərəkatı” və Tağıyeva “1920-ci il Təbriz üsyanı” adlı əsərlərində, f.e.d., professor V.Əhmədin “Şeyx Məhəmməd Xiyabaninin həyatı, mühiti və ədəbi fəaliyyətı”, M.İbrahimovun “Cənubi Azərbaycanda milli demokratik hərəkat haqqında” məqaləsində, t.e.d. E.Mədətlinin “İranda Azərbaycan tarixi məsələləri” adlı əsərinin IV fəslində “Cənubi Azərbaycanda Şeyx Məhəmməd Xiyabani hərəkatı”, AMEA-nın Şərqşünaslıq İnstitutunda “Azadlıq uğrunda mübarizə tariximizdən: Xiyabani hərəkatı-90” adlı elmi konfransının məqalələr toplusunda Güney Azərbaycanda ingilis imperializminə və İran irticaçılarına qarşı aparılan mübarizələrin sosial-iqtisadi köklərini araşdırmış və milli azadlıq hərəkatı və onun məğlubiyyətinin səbəblərini, 1920-ci il Təbriz üsyanı, üsyan nəticəsində yaranan Milli Hökumətin fəaliyyəti, Xiyabaninin ictimai, siyasi fəaliyyəti, fəlsəfi görüşləri, publisistikası və s. məsələr tədiq və təhlil eidlmişdir.
Pəhləvilər hakimiyyəti illərində (1925-1979-cu illər) Güney Azərbaycanda milli hərəkat və bu hərəkata başçılıq edən şəxsiyyətlər haqqında yazmaq rəsmən yasaq edilmişdi. 1960-cı illərdə görkəmli tarixçi Əli Azərinin “Təbrizdə Şeyx Məhəmməd Xiyabani üsyanı” adlı fundamental əsərində, kitabın eyni zamanda Ankarada da “Ali Azeri. Azadistan devleti ve Şeyx Muhammed Hiyabani (1918-1920). Ankara, 277 s.” nəşrində, təbrizli tarixçi-alim S.Sərdariniyanın “Azərbaycan məşhurları” adlı kitabın II cildində, S.Cavidin “Xatirə dəftərindən” adlı kitabında Xiyabani şəxsiyyətinə və onun başçılıq etdiyi hərəkata, H.Düzgünün “Şeyx Məhəmməd Xiyabani həmmaməsi” kitabında, H.Nitqinin Şeyx Məhəmməd Xiyabani haqqında şeirində, Ə.Kəsrəvinin kitabının VI fəslində “İşin başa çatması və Xiyabaninin öldürülməsi” adlı bölməsində M.Xiyabani qiyamı adlı kitabının bir çox yerində Xiyabani şəxsiyyətinin böyüklüyünü, savadlı olmasını, alovlu nitqləri Ş.M.Xiyabaniyə xüsusi yer vermiş, Şeyxin yorulmaz mübarizəsini tarixi faktlarla sübut edilmişdir.
Tarixşünaslıqda Xiyabani və Xiyabani hərəkatı haqqında “Azərbaycan” qəzeti tərəfindən nəşr edilmiş “Şeyx Məhəmməd Xiyabani. Azərbaycan və Azərbaycan demokratik qüvvələri” Qafar Kəndlinin müqəddiməsi ilə oxucuya təqdim olunan bu kitabda Xiyabaninin bir sıra məqalələri və nitqləri verilmişdir.
Azərbaycan Milli Hökumətinin rəhbəri S.C.Pişəvəri 1946-cı il oktyabrın 2-də “Gülüstan” bağında Xiyabani büstünün açılışı ilə əlaqədar söylədiyi tarixi nitqində demişdir: “Rəşidlik zirvəsinə baxsaq, Səttar xan qəhrəman imiş. O, düşmən qabağında təslim olmamışdı. Amma fikir, elm və məlumat nöqteyi-nəzərindən baxsaq, Şeyxin məqamı fövqəladə böyükdür. Sərdar rəşid imiş, Şeyx o xasiyyətlərə malik halda, bir də onun alimlik məqamı var idi”. Azərbaycan Milli Hökumətinin (12.12.1945-12.12.1946) mövcud olduğu bir il ərzində Xiyabaniyə büst qoymaqla yanaşı, Xiyabaninin adına məktəb də verilmiş, Xiyabaninin ailəsi üçün Azərbaycan Milli Hökumətinin qərarı ilə xüsusi təqaüd də ayrılmışdır.
Bundan başqa, İran tarixşünaslığında İran müəlliflərindən Ə.Kəsrəvinin “Tarixe-hicdəhsaley-e Azərbaycan”, Turac Atabəkinin “Azərbaycan dər İrane moaser”, Z.Qiyaminin “Şərhe hal və eqdamate Şeyx Məhəmməd Xiyabani be qələme çənd nəfər əz dustan və aşniyane u”, H.Məkkinin “Tarixe bist sale İran”, B.Kavənin “Qiyame lahutiye Təbriz bəhmən 1300” və s. əsərlərində, İran mətbuatı və dərgilərində isə Xiyabani şəxsiyyəti və onun başçılıq etdiyi hərəkat haqqında İranda və Cənubi Azərbaycanda çıxan bir sıra qəzet və jurnallarda xüsusi yer verilmişdir. “Nəvide Azərbaycan”, “Şəmse Təbriz”, “Azərbaycanın səsi”, “Əxtər” kimi qəzetlər, “Varlıq”, “Tribun”, “Xudafərin”, “Azərbaycanın günəşi”, “Yol” və s. dərgilərdə Ş.M.Xiyabani hərəkatı və onun fəaliyyəti haqda məlumatlar öz əksini tapmışdır.
Xarici tarixşünaslıq və elmi ədəbiyyatda Xiyabani hərəkatı və Şeyxin siyasi fəaliyyətini əks etdirən A.A.Vişneqradovanın "İran Azərbaycanında inqilabi hərəkat", Q.Q.İlyinskinin "Şeyx Məhəmməd Xiyabani" adlı məqalələrində, eləcə də amerikalı tarixçi T.Svietoxovskinin "Rusiya Azərbaycanı. 1905-1920" əsərində məlumatlar verilmişdir.
Azərbaycan xalqının ictimai, siyasi və dövlət xadimi olan Ş.M.Xiyabani və onun başçılıq etdiyi o taylı bu taylı Azərbaycan tarixşünaslığında mühüm yer tutur. Lakin bunu qənaətləndirici etmək olmaz. Bu böyük şəxsiyyətin fəaliyyəti hərtərəfli tədqiq və təhlili tədqiqatçıların gündəmində duran məsələ olmalıdır. Xiyabani XX əsr tariximizin bir nöqtəsidir. Onu hərtərəfli öyrənmək yeni və gələcək nəsillərə çatdırmaq hər bir xiyabanişünasın vətəndaşlıq və ziyalılıq borcudur.
Sübhan Talıblı, AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.