Erməni vandallığına şahid olan, müharibənin od-alovundan sağ-salamat çıxan hər bir soydaşımızın ağrılı xatirəsi bir faciəvi həyat əsərinin mövzusudur. Yazmaqla da nə dərd bitir, nə də söz. Bu insanların məşəqqətli ömür hekayətinin yalnız kiçik bir epizodunu tarixin yaddaşına köçürürük.
Masallı rayonunun Ərkivan qəsəbəsində məskunlaşan Xocalı sakinləri Yusif Məhəmməd oğlu Quliyev və ömür-gün yoldaşı Kamilə Aydın qızı Quliyevanın həyat hekayəti kimi...
Müsahiblərim ağrılı-acılı günlərini yada saldıqca kövrəlirdilər: “31 il öncə, şəhəri tərk edəndə övladlarımız – Zaurun 7, Vüsalənin 4, Vüsalın isə 2 yaşı vardı...”
Kamilə xanım hələ məlum hadisə baş verməmişdən əvvəl yaşadıqları günlərdən danışmağa başladı: “O günləri unutmaq mümkün deyil. Kimi vertolyot qəzasında, kimi yurdunda, meşələrdə öldürülürdü...
Hələ Xocalı faciəsinə qədər – 1988-ci ildən, olmazın müsibətlər çəkmişik. Nə qədər kəndlərimiz, ev-eşiklərimiz dağıldı, adamlarımız qırıldı. Bizimçün –Xankəndindən Xocalıya köçənlər üçün “finski” evlər tikildi, yeni şəhərcik salındı. Sonra Xocalı hadisələri baş verdi. Şəhər 1991-ci ilin oktyabrından blokadada idi. Avtomobil yolları kəsilmişdi, yalnız vertolyotla nəqliyyat əlaqəsi qalmışdı... Ancaq yerli əhali və müdafiəçilərin cəsurluğu sayəsində yaşayırdıq. Əhalidən olan-qalan silahlar da yığılmışdı. Camaat kənd təsərrüfatı alətləri – balta, dəryaz, bilənglə postda durardı. Onları gündüzlər əsgərlər əvəz edərdilər...Çətinliklə olsa da öncədən şəhəri tərk edə bildik.
12 dekabr 1988-ci il. Hələ Xankəndi şəhərində yaşayırdıq. Mən ayaqqabı sexində, həyat yoldaşım isə tikinti sahəsində çalışırdı. Mənimlə yanaşı, tikiş maşını arxasında erməni işləyirdi. Bir yerdə yeyib-içər, bir-birimizin evinə gedib-gələr, ad günlərini birgə keçirərdik. Sonradan Yerevandan gələn ermənilər ciddi qadağalar qoydular. Dinc sakinləri rahat yaşamağa qoymurdular. Ermənilərin azərbaycanlılara qarşı nifrəti, ərazi iddiası hiss olunurdu. İki gündən bir qalmaqal salınır, mitinqlərə çıxırdılar. İş yerindən qovurdular. Küçəyə, dükan-bazara çıxmaq olmurdu. Adama sataşır, hətta döyürdülər. Bizə dükanlardan ərzaq satılmırdı. İki ay erməni qadın qonşumuzun öz adından aldığı ərzaqla keçindik.
İsti yay günlərinin birində, iyunun 10-da iş yerimə getmişdim, əmək kitabçamı almağa. Vüsalə qızım qucağımda idi. Fabrikin rəhbər işçilərindən olan bir erməni qəhvədandakı isti suyu üstümə tökməklə, məni hədələyib otaqdan çıxartdı. Yanındakı digər ermənilər ona iradlarını bildirsələr də heç kimə məhəl qoymadı. O vaxtlar bizi işdən çıxarır, yerimizə erməniləri götürürdülər.”
Quliyevlər ailəsi erməni vəhşiliyini yada saldıqca, o dəhşətli günlərdən nifrətlə söz açdıqca azğın düşmənə qəzəbləri daha da artırdı. Sanki o faciəli günləri yada salmağa, dərdlərini açıb-tökməyə can atmır, 44 günlük Vətən müharibəsindəki Zəfər sevincimizlə qəlblərini ovutmağa çalışırdılar.
Ömrünün 62-ci qışını yaşayan Yusif kişi asta-asta sızıltılı səslə söhbətimizə qoşulur: “Dəmir yolunda, tikinti sahəsində işləyirdim - 9 nömrəli tikinti trestində. Əvvəllər ermənilərlə münasibətlərimiz yaxşı idi. Sonradan hər şey dəyişdi... İdarə rəisimiz Mikayıl Gözəlov idi. Ermənilər onun başına çoxlu pul vəd etmişdilər. Sonradan Şuşa rayon İcraiyyə Komitəsinin sədri, rayonun icra başçısı vəzifəsində çalışdı. Şuşaya silah-sursat gətirir, döyüş əməliyyatlarına rəhbərlik ediridi. 1991-ci ildə, 43 yaşında ikən müəmmalı sui-qəsd nəticəsində qətlə yetirildi. Bir dəfə ermənilər iki həmyerlimizin başına armaturla vurub ölümcül yaralayıb suya atdılar. Mənim üstümə hücum çəkərkən çoxdan tanıdığım bir erməni müdafiəmə qalxdı – tapançasını çıxarıb, onları qovdu. Məni aradan çıxardıb, Şuşanın Malıbəyli taxıl sahəsində gizlədərək quldurlardan xilas etdi. Fəhlə avtobusu ilə evə gəldim – Xankəndiyə. Uşaqlar bağçada, həyat yoldaşım isə işdə idi...”
Bizə qulaq asan Kamilə həyat yoldaşının sözlərini təsdiqləyir: “Xankəndidən 1990-cı ildə çıxdıq. Əvvəl Xocalıya, faciədən iki həftə öncə Şuşaya gəldik – sanatoriyada məskunlaşdıq. Sonra Əli-Bayramlıya (indiki Şirvan şəhəri), ordan da Masallıya gəldik...
Raket, güllə səsi bizi bir o qədər də qorxutmurdu. Çünki belə şeylərə adət etmişdik.
Həyəcan siqnalı veriləndə üçmərtəbəli yaşayış binasının zirzəmisində gizlənərdik. Bir binaya 10-15 mərmi atılırdı. Bir dəfə qapımızı yerindən qoparıb içəri otağa tulladı. Mənzilimiz bərbad vəziyyətə düşdü. Televizorumuz, tikiş maşını, hər şey sıradan çıxdı. Hətta ani olaraq başımı yana çevirməsəydim iri qəlpələr məni tələf edəcəkdi...
Gecələr benzin dolu butulkaları yandırıb evlərə atır, camaatı çölə çıxmağa məcbur edirdilər. Axşamlar yandırdığımız lampanı masanın altında qoyar, pəncərələri qalın ədyallarla örtərdik ki, çölə işıq düşməsin.
Hiss edirdik ki, budəfəki atışma səsləri əvvəlkilərə bənzəmir. Əsl faciənin isə qabaqda olduğunu bilmirdik. Buna rəğmən hər kəs doğmalarını düşünür, qadın, uşaq və qocaları xilas etmək üçün düşmən əlindən qaçırtmaqla, faciədən uzaqlaşdırmaq istəyirdilər...
Yadımdadır. Rəhim Qazıyev Bakıdan Şuşaya 12 ədəd “İkarus” avtobusu göndərmişdi. Silah və tanklar da gətirilmişdi... O vaxtkı hakimiyyətin səriştəsizliyi, məsuliyyətsizliyi Xocalı hadisələrində ən böyük səhvimiz oldu, desək yanılmarıq.”
Müharibə və işğal – təkcə şəhər və kəndləri, evləri deyil, eyni zamanda, insanların taleyini darmadağın edir. Lakin bu insanlar bütün çətinliklərin öhdəsindən gələrək, güclü olmağa qərar verdilər, ümidlərini itirmədilər. Onların hansı müsibətlərlə üzləşdiyini, çəkdikləri əzablarının, yaşantılarının az hissəsini belə sözlə ifadə etməkdə acızəm.
Müsahiblərim danışdıqca ayrı-ayrı hadisələri yada salır, xəyalən adamı o illərə aparırdılar. Odur ki, yazıda onların danışıq tərzinə toxunmamağa çalışdım.
Kamilə xanımı dinləməkdə davam edirəm: “Xocalı qətliamı insanlığa qarşı vəhşilik idi. Bu vəhşiliyə heç nə ilə haqq qazandırmaq olmaz. İndi o günləri xatırlayarkən ürəyim parçalanır, buna rəğmən isə heç ağlamıram da. Allaha şükürlər olsun ki, günahsız insanların qanı yerdə qalmadı. Şəhidlərimizin Xocalıda narahat gəzən ruhları artıq şaddır. 44 günlük Vətən müharibəsində azğın düşmənin lazımi cavabını verdik. Möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü müdrik siyasət nəticəsində torpaqlarımız, o cümlədən Xocalının 9 kəndi (Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşakənd, Muxtar, Daşaltı) işğaldan azad edildi, şəhidlərimizin qisası alındı. Ölkə rəhbərinin ötən ilin yanvar ayında Şuşaya səfəri zamanı səsləndirdiyi kimi: “Sığnaq və Çanaqçı kəndlərinin azad edilməsi Şuşa əməliyyatı üçün xüsusi əhəmiyyət daşıyıb. Ordumuz böyük qəhrəmanlıq göstərib, bu kəndləri işğalçılardan azad edib. Bundan sonra da istiqamət Daşaltı kəndidir, ondan sonra da Şuşa…”
Ailə üzvləri daima dövlətimizin başçısı, Ali Baş Komandanımızın diqqət və qayğısını hiss etdiklərini, məişət və sosial problemlərinin rayon rəhbərliyinin diqqət mərkəzində olduğunu bildirdilər.
Bəli, erməni vəhşiliyi bizə onların güclü olması psixologiyasını aşılaya bilmədi. İnamımızı itirmədik, haqq-ədalətə sarıldıq, terrorçuların yalançı “qüdrətli” mifini dağıtdıq.
Yusif baba, Kamilə nənə nəvələrinə - Zümrüd, Yusif, Əli, Bətul, Səccad və Zəhraya doğma yurdla, ocaqla bağlı xatirələrini, igidlərimizin qəhrəmanlıq dastanlarını danışsalar belə, xoş çağlarını, el-oba ənənələrini canlandırmaqda çətinlik çəkirlər – ta ki Xocalıya qayıdanacan. O gün də uzaqda deyil...
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.