ƏVVƏLİ: https://azpressmedia.az/news3166
Gedənin dalınca danışmaq; kimə olar, kimə olmaz?
Bizdə tez-tez işlənən bir ifadə var – gedənin dalınca danışmazlar.
Guya həmin şəxs vəzifədə olanda, asıb kəsəndə danışıblar, haray salıblar, indi həmin şəxs gedəndə belələri alicənablıq edib susurlar.
Məncə, o şəxslərin gedənin “dalınca” danışmağa haqqı var ki, həmin rəhbərin ən “bərk gedən”, asıb-kəsən vaxtında onun nöqsanlarını, xoşagəlməz əməllərini üzünə, yaxud efirdən açıq şəkildə deyib. Təvazökarlıqdan bir qədər kənar olsa da, bizim “gedənin”, Şahin Məmmədovun “arxasınca” danışmağa haqqımız var. Yəqin ki, o vaxt yazdıqlarımızı hətta FB-də bəyənməyə cəsarəti olmayanlar, bu gün bizə irad tuta bilməzlər.
Bu mənada gedənin, sabiq icra başçısı Şahin Məmmədovun “arxasınca” danışmaq hüquqmu özümdə saxlayıram.
Onu da xatırladım ki, sabiq İcra başçısı Şahin Məmmədovla heç bir şəxsi problemim yox idi. Yəni, ondan nə torpaq istəyirdim, nə vəzifə, nə də başqa bir maddi umub-küsəcəyim.
Sadəcə, normal informasiya, aşkarlıq istəyirdim.
Son 33 ildə Masallıya 10-a yaxın icra başçısı (RPK-nin 1-ci katibi) rəhbərlik edib. Onların hamısı (Yardımlıda 1 il icra başçısı işləyib Masallıya təyinat alan Qəzənfər Ağayev istisna olmaqla) icra başçısı kreslosuna ilk dəfə Masallıda əyləyiblər. (İltifat Məmmədov, Hüseynağa Qəniyev, Teymur Yəhyayev, Ağaddin Niftiyev, Şirəli Əhədov, Azər Səfərov, Oqtay Əliyev, Rafil Hüseynov, Araz Əhmədov...). Təkcə Şahin Məmmədov 2 rayonda – Samuxda və Ağcabədidə 15 il icra başçılığı təcrübəsi keçəndən sonra Masallıya təyinat almışdı.
Gözləmək olardı ki, Şahin Məmmədov Ağcabədidəki günahlarını Masallıda yuyacaq. Çünki internet resurslarında onun bəd əməlləri, insanlara etdiyi haqsızlıqlar barədə kifayət qədər mənfi yüklü yazılar var.
Amma əksinə oldu. Şahin Məmmədov bütün bilik və bacarığını “Mən Ağcabədidə işləyəndə” deyə-deyə Masallını qarışdırmağa, ən yaxın dostları, qohumları belə üz-üzə qoymağa, hər restorana, çayçıya güdükçü yerləşdirməyə, hər cür həyasızlığa hazır olan böyük “trol” dəstəsi yaratmağa başladı. Mən, bütün bunları rəhbərlik etdiyim cenub.az saytında, cənub xəbər tv-də, ölkənin ən tanınmış internet tv kanallarında – kanal13, tv8, bumerang, eləcə də Azadlıq radiosu və digər mətbu məkanlarındakı çıxışlarımda bütün ölkəyə yaydım.
Xatırlatdım ki, bu insan kobuddur, danışığını bilmir, qeyri-etik ifadələr işlədir, masallıları aşağılayır. (“Deyəsən, --- qapı arasında qalıb”, “Anasının ... kəsənlər” və sair”).
Qarğışlarına da söz ola bilməzdi. Bir dəfə mənimlə 20 dəqiqəlik telefon söhbətində 11 dəfə qarşı etdi. Nə bilim, filankəs irin-qan qussun, onun yazanın balası ölsün, görüm, filankəsi səhərə sağ çıxmasın və sair.
Şahin Məmmədovun kadr siyasətində ən çox diqqət çəkən, az qala Masallıda uzun illər paralel hakimiyyət yaradan Abıyevlərin əsas fiqurlarında biri Nadir Ağayevi 1-ci müavin postundan kənarlaşdırması oldu. Sonra bu addıma görə onu elə peşman etdilər ki, az qala öz kreslosunu onlara verə.
Şahin Məmmədov hakimiyyətə kimləri gətirdi? Səriştəsizliyi göz deşən Məmmədhüseyn Hüseynovu 1-ci müavin, rayonda illərlə mənfi keyfiyyətləri ilə ad açan, abunə adı ilə xalqı soyan Əbülfəz Nuriyevi şəhərin “meri” və sair, olduqca səviyyəsiz insanları baş çıxartdı.
Bəs kimləri işdən çıxartdı – rayon dolusu hörməti olan Kamal Mazanovu, gənc və perspektivli kadrlar olan Ceyhun Bəşirovu, Famil Cəfərovu, Həmid Süleymanovu və sairlərini.
O sanki rayonda mədəniyyətin, mətbuatın, tarixin düşməni idi.
Hamını qorxu altında saxlamaq istəyir. İşçilər açıq-aşkar təhqir edir, bəzilərinə it deyir, YAP rayon təşkilatının sədrini iclasda “Rədd ol burdan deyə aşağılayır, ehtiyac olmadan şənbə və bazar günləri də işçiləri işlədir.
Onun şəhidlərin baş daşı üçün yığılan pullara, şəhid və qazı ailələrinə verilən yardımların paylanmasında xoşagəlməz əməllərinə dair də olduqca şübhəli söhbətlər dolaşırdı.
Bəs Şahin Məmmədov mənimlə, Zahir Əmənovla niyə düşmən olmuşdu?
Yuxarıda dediklərimə, onu konkret faktlarla ifşa etdiyimə, yazdığım tənqidi qeydlərə cavab tapa bilməirdi. “Hamıya “çirkin” olsam da, bağçıya “göyçək” olaydım” yazım isə onun mənfiliklərinin əsil güzgüsünə çevrildi.
Nə yazırdımsa, efirdən nə deyirdimsə, mətbu qanunlara, qaydalara tam əməl edirdim. Qarşı tərəfə meydan təklif edirdim. Məsələn, 1-ci müavin M. Hüseynovu efirə dəvət etdim, dedim canlı olmayacaq, hansı hissəni xoşlamasan, montajda çıxarıq. Amma qorxusundan yenə efirə gəlmədi.
Mənə qarşı bütün pislikləri baş memarı, ssenaristi, rejissoru icra başçısı Şahin Məmmədov idi. Hər addım məni izlədir, mənimlə çay içənləri belə sorğu suala çəkdirirdi. Kimi işə götürmək istəyirdim, ona müxtəlif təsirlər edirdi.
Hər şeydən əli üzüləndən sonra Masallı Kollecində M. Hüseynovla görüşə çağırtdırdı. M. Hüsynov görüşə kişili-qadınlı 40 nəfər məmurla gəlib, ən yaxın dostları belə üzümə durquzdu. Lakin bu tədbirdə də daha gülünc vəziyyətə düşdü. Uşaq Bağçasında işləyən həyat yoldaşımı ayda bir neçə dəfə yoxlatdırır, müavin səviyyəsində yumurtaları, kartofları saydırırdı.
Sonra məni rüşvət almaqda günahlandırırdı. Mən pul alan olsaydım, 1-ci müavin Məmmədhüseyno Hüseynovun otağında YAP sədri Seyfəddin Əliyevlə birlikdə 1 saatlıq söhbətdən sonra M. Hüsenovun məni qəbul otağına çağırı, mənə uzatdığı yüzlükləri alardım.
Bir internet kanal, 3 saytı idarə edirəm. Təbii ki, mənim də xərclərim var. Sadəcə bəzi dostlarımız və fanatlarımız bizə dəstək olurdu.
Yeni icra başçısı Araz Əhmədovun savabı nə, günahı nə?
Açıq desəm, mənim şəxsi zəmində icra başçısı Araz Əhmədova bir minnətdarlıq borcum var. Şahin Məmmədov vəzifəsindən gedəndən sonra belə, çoxlarının mənə salam verməyə qorxduğu günlərdə Araz müəllim Ərkivan qəsəbəsində, Şadlıq Sarayında, bir neçə yüz nəfərin qarşısında bildirdi ki, Zahir Əmənov Masallının dəyərli ziyalısı, hətta ziyalılar ziyalısıdır və s. Tərifi xoşlamasam da, belə gərgin məqamda icra bacısının belə deməsi çox dəyərli idi.
Araz Əhmədov Şahin Məmmədovun sifarişi ilə üstümə durquzdurulan 40 nəfərdən ən azı 10-unu ciddi qüsurlarına görə işindən kənarlaşdırdı. Sanki sübut etdi ki, Zahirin yazdıqları düz imiş.
Şahin Məmmədovun Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilməsi əslində yazdıqlarımın təsdiqi idi. Onu heç məzuniyyət günlərində yerini rahatlamamış bəd əməllərinə görə qəfildən, səfərdə olarkən vəzifəsindən azad etdilər. Təyinat elə sürətlə həyata keçdi ki, onu heç yeni təyin olunmuş icra başçısının təqdimetmə mərasiminə də çağırmadılar. Təsadüfi kadr kimi vəzifəsindən kənar elədilər. (Yalançı yolasalma mərasimi isə onun hansı səviyyənin sahibi olduğunu ortaya qoydu. Guya ölkə rəhbəri bilmir ki, kimi və niyə çıxardır). Onun getməsi ilə icranın qarşısına quraşdırdığı 40-50- min manatlıq at, keçi fiqurları da gorbagor oldu.
Təsəvvür edin, cənub rayonlarına 15-20 il öncə təyin edilmiş Qəzənfər Ağayev, Taleh Qaraşov, kifayət qədər ahıl yaşda olan başçılar İcra başçısı postunda qaldı , cəmi 2 il 8 ay öncə Masallıya təyinat almış Şahin Məmmədov da 62 yaşında vəzifəsi ilə vidalaşdı və heç yerə təyin eilmədi. Kimi deyir tutacaqlar, kimi deyir yoxlayıblar, kimi deyir ağır xəstəliyə tutulub.
Heç kimi ideallaşdırmaq fikrimiz yoxdur. Araz müəllimi də ideallaşdırmaq fikrindən uzağıq. Düzdür, keçmişi qaranlıq olmasa da, halal adam sayılsa da, korrupsiyaya bulaşmasa da, , fəaliyyətində arzu olunan aşkarlıq yoxdur. Aşkarlıq olmayan yerdə isə saflıq olmur.
İcranın saytına baxanda ilk anda elə fikir yaranır ki, diyarşünaslıq muzeyinin, ya da QHT şurasının saytıdır. Hanı 36 bələdiyyənin fəaliyyəti? Ötən il hamısı guya hesabat verdi. İcra hakimiyyətinin də təmsilçiləri həmin hesabatlarda iştirak etdi. Bəs Xalq nə məlumat verdilər? Bələdiyyələr haradan, necə qazanırlar, hara xərcləyirlər - bilən var? Ayda 1 dəfə Şura iclasları keçirilməlidir. Keçirilir? Xalqa məlumat verilir? Yox. Balıqçılıq göllərində yoxlamalar aparıldı, qanunsuz tikililərlə bağlı araşdırmalar aparıldı. Niyə əhaliyə məlumat verilmir ki?
İcra hakimiyyətinin saytında harasa 1 maşın qum tökülməsi, haradasa 1 elektrik dirəyinin təmir olunmasıın, kənd yoluna 1 kv.m-lik yol nişanı qoyulmasını xəbər kimi tirajlamaq kimə lazımdır?
Bir sıra işlərdə hədsiz lənglik var. 6 aydan çoxdur keçmiş 1 saylı uşaq bağçasının binasını söküb qurtara, ora bir maşın qum tökə bilmirlər. Maşınlar o məkanda az qala kəllə-kəlləyə gəlir.
Hər bərk gedən bir “jurnalisti” himayə edir, 230 minlik rayonun cəmi 400 tirajlıq qəzetinin 3 aya cəmi 2 nüsxəsi çıxıb, (yəni 1 manatlıq), amma abunə pulu hər 6 ay üçün 30 manatdan yığılır. Gözgörəsi on min manatlarla pul mənimsənilir. Hara baxır “dünya” birliyi?
Bəziləri Masallını Şəkər xəstəsinə bənzədir. Yəni Masallıda əvvəlki icra başçısınn dövründə bir gərginlik var idi. Yuxarıya şikayətlərin ardı -arası kəsilmirdi. Sanki, rayonun “şəkər”i qaxmışdı. İndi isə əksinədir düşüb. Rayonda bir süstlük yaranıb. Şəkərin qalxması necə qorxuludursa, şəkərin qədərindən çox düşməsi də komaya səbəb ola bilər.
Başa düşürük ki, əsas vəsaitlər işğal olunmuş ərazilərə yönəlir. Bu o demək deyil ki, Masallıda söküntü tikintidən çox olmalıdır. Bütün bunlar və demədiklərim digər məqamlar hərəsi bir yazının mövzusudur.
Bütün bunlarla yanaşı Araz müəllimin zəhmətlərin, əziyyətlərin kiçiltmək istəmirəm. Hiss olunur ki, günbəgün təkmilləşir, onun 8 aylıq fəaliyyəti dövründə kimsə deyə bilməz ki, hansısa kadr hansı təşkilata təmənnalı nəticəsində münasibət təyin olundu. Araz müəllim hər işində halallığa, nəzakətli münasibətə çox üstünlük verir. Qonşu rayonların icra başçıları ilə müqayisə aparası olsaq, görərik ki, indiki reallıqlar baxımından elə ən yaxşısı Araz Əhmədovdur.
Son əvəzi.
Hamını günahkar çıxartmaq istəmirəm. Yəqin ki, mənim də səhvlərim var. Bəzən “qırmızı xətti” çox keçmişəm, bəzən yazının “barıtın” çox etmişəm.
Amma qarşılığında ölkə tanınmışları haqqında 100-dən artıq veriliş hazırlamışam. Bakıya, Sumqayıta, Cəlilabada, Lənkərana, Astaraya, Yardımlıya, Lerikə səfərlər edib, tanımışları Masallıya “gətirmişəm”. Təkcə şəhidlərlə bağlı 20-yə yaxın verilişimiz olub.. Bütün bu zəhmətlərin mükafatıdırmı məni barmaqlıqlar arasına salsınlar.
Bəs digərləri nə edib. Təkcə yardımlar etməklə, ehsan verməklə xalqın mədəniyyətin yüksəltmək olmaz.
Bu olaylar mənə nə verdi, nə aldı?
Kimlər xəyanət etdi, kimlər namərdcəsinə meydandan qaçdı, kimlər mərdanəlik göstərdi?
Axır vaxtlar az yazdığım üçün elə bilirdim unudulmuşam. Amma bu 2 günlük həbsim sübut etdi ki, doğrudan da heç nə unudulmur.
Həbsdən çıxandan sonra sosial səhifələrə baxanda gözümə inanmırdım. Müxtəlif profillərdə ümumilikdə 1000-ə yaxın rəylər var idi. 99 faizi də müsbət. Bəzinin heç tanımırdım. Yaxud unutmuşdum. Demək, neçə illik zəhmətim, 400 nüsxəlik müstəqil mövqeli qəzetlərim, 100-dən artıq veriliş, tariximzə aid kitablarım unudulmamışdı.
Bəlli oldu ki, həbs olunduğum günün səhəri ölkənin mətbuat nəhəngləri – Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Jurnalistlər Birliyin sədri Elçin Şıxlı, professor Qulu Məhərrəmli, Turan Agentliyinin rəhbəri Mehman Əliyev, media ekspertləri Ələsgər Əhmədli, Xalid Ağaləyev, Bahaddin Həzi, yaxın dostlarım İsrafil Hüseynov, Zaur Kəngərli, Mehti Fəyazlı mənimlə bağlı həyəcan təbili çalıblar. Əvəz Zeynallı (Xural Tv), TuranTV, Kanal 13, tv-8 və digər kanallar əsil fədakarlıq etdilər. Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət edib, mənə zamin durublar. Əslində bu vaxta qədər heç bir region jurnalistinin bu şəkildə müdafiəsi olmamışdı. Daxili İşlər Naziri Vilayət Eyvazov cənabları da məsələyə olduqca həssas, obyektiv və operativ münasibət gəstərdi və mən qısa müddətdə azadlığa çıxdım.
Digər dostlarıma və həmkarlarıma da minnətdaram. Astaradan Müstəcəb Məmmədov, fədakar qadın tarixçimiz Nuranə Həmidiva, Lənkərandan İldırım Şükürzadə, i Lənkəran AYB-nin sədir Qafar Səfərli, mübariz şair Tofiq Həsənli, Ceyran Həsənova, Bakıdan hüquq müdafiəçisi Fikrət Cəfərli, paytaxt jurnalistləri Nəzirmməməd, Süçəddin Şərifov, Rasim Sadıqov, Pəviz Əzimov və digərləri (kimi unutdumsa üzürlü saysın) dəstəyini əsirgəmədi. Ən az dəstək Masallıdan gəldi. Alzaman Baxış, Xodaşirin Cəbiyev, Asif Abbazadə, Elşan Hacızadə (Diqqətlə baxsanız, görərsiniz ki, kimlərin adı yoxddur) və digər bir neçə nəfərdən başqa cınqıran çıxaran olmadı. 30-dan artıq ərkivanlı haqda müsbət yönümlü araşdırma yazı yazsam da bu qəhrəman yurdumdan, demək olar ki, bir nəfərin də cınqırı çıxmadı.
Həbsdən çıxan günün səhəri Yeni Nəsil Jurnalistlər birliyinin rəhbəri, ölkənin mətbuat generallarından sayılan Arif Əliyevin həyat yoldaşı ilə Masallıya gəlməsi çox qürurverici idi. Həmin gün cənub xəbərtv-nin “Hamı bildi ki, külək hayandan əsdi” verilişində çox mətləblərə aydınlıq gətirdik.
Yaxın dostum Aydının həbsindən sonra yazdığı möhtəşəm yazı isə, necə deyərlər, dərsliyə düşəsi bir əsər idi.
Üzərlərində haqqım olanlar var idi. Ən çətin günlərdə müdafiələrinə qalmışdım. Amma özlərini karlığa, korluğa vurdular, qəhrəmanlar haqqında dastan yazanlar dar gündə siçan kimi gizləndilər. Üz-üzə gələndə az qaldılar başların paçalarının arasına salsınlar. Gec də olsa bir çoxlarının sifətini daha aydın gördüm.
Hətta bu işdən də xal götürmək istəyib, “demişdim”, “tapşırmışdım” deyib riyakarlıq edənlər az deyildi.
Bir çoxlarını isə qınamıram. Allah kimisə Yaltaq, Qorxaq, Riyakar, Üzəduran, Şərəfsiz yaradıbsa, mən nə edə bilərəm ki. Kişilikdən danışmaq yox e, məqamında kişi olmaq lazımdır.
Toy bayram edən trollar, sadəcə “dənizdən işarəni gözləyirdilər” ki, üstümə hücum çəksinlər. Heç iş məhkəməyə belə gedəsi olmadı. Amma bəzi şərəfsizlər yazısında məni “cinayətkar” adlandırıb, səhəri də yazdıqların sildi, yəni tüpürdüyünü yaladı.
Həbsimin səhəri günü yaxın qohumuma “Balalarım ölsün, xəbərim yoxdur deyən” icra başçısı bu işdən də xal götürmək istədi və hansı səviyyənin sahibi olduğunu bir daha ortaya qoydu.
Əgər həmin olaylar olmasaydı, 27 iyun 20222-ci ildə, 70 yaşın tamamımında yazı-pozu ilə əbədi vidalaşacaqdım. Dedim bəziləri düşünəcək ki, 2 gün həbsə atdılar, qorxdu. Əslində də qorxmuşdum. Həbsdən yox, bəzi insanların biganəliyindən.
Xüsusi qeyd: Kimlərsə bu uzun yazını sona qədər oxudu, ona xüsusi təşəkkürlər.
Zahir Əmənov. Cenub.az
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.