BƏYBALA MİRZƏYEV:
Deputatlar və televiziyalar...
Milli Məclisin üzvləri bu gün telekanalları sərt tənqid etdilər. Və insaf naminə desək, haqqına tənqid etdilər.
Ancaq televiziyalarımız sadəcə tənqidlə düzələnə oxşamır. Niyə, nə üçün?
Bu suala cavab verməzdən öncə gəlin deputatlardan bəzilərinin Milli Məclisin bu gün keçirilən iclasında etdikləri çıxışlarına ümumi bir nəzər salaq.
Məsələn, deputat Sabir Rüstəmxanlı dedi ki, "televiziyalarda cəmiyyəti pozan verilişlər verilir".
O, həmçinin bildirdi ki, "bu verilişlər milləti millət olmaqdan çıxarır. Hər şey millətin mədəniyyətinə uyğun olmalıdır, xalqın, dövlətin, gələcəyini düşünməlidir. Aktyorlar və başqaları çıxırlar efirə, yarı Azərbaycan, yarı rus dilində danışırlar. Onlara kim imkan verir ki, xalqa belə müraciət edirlər?! Bu məsələlərə diqqət artırılmalıdır”.
***
Deputat Ceyhun Məmmədov da Milli Məclisin bu günkü iclasında etdiyi çıxışında televiziyaların efir siyasətindən gileyləndi və aktual fikirlər səsləndirdi:
“Bütövlükdə media siyasətinə, bir sıra televiziyalarımızın fəaliyyətinə yenidən baxmalıyıq. Televiziyanın funksiyası yalnız insanları əyləndirmək deyil, eyni zamanda maarifləndirməkdir. İnsanlarımızın bizdən gözləntisi budur. Bizə ünvanlanan ən çox narazılıqlardan biri də bununla bağlıdır”.
C.Məmmədov onu da qeyd edib ki, telekanallar milli-mənəvi dəyərlərimizin aşınmasına, ailə dəyərlərinin sarsıdılmasına səbəb ola biləcək verilişlərdən çəkinməlidirlər:
"Bu gün dövlətimizin medianı dəstəkləməyə kifayət qədər imkanı var Biz mənəviyyatımızı zədələyən, ailə sütununu zəiflədən verilişlərdən imtina etməliyik, əsas üstünlüyü maarifləndirici verilişlərə verməliyik. Eyni zamanda hesab edirəm ki, bu gün dünyada gedən informasiya müharibəsi fonunda biz əcnəbi dillərdə - rus, ingilis, fars, ərəb dillərində verilişlərin təşkilinə xüsusi önəm verməliyik. Bu istiqamətdə səylərimizi daha da gücləndirməliyik. Bu gün bir sıra dövlətlər, o cümlədən Türkiyə bu istiqamətdə çox fəal iş aparır. Bizim televiziyalarımız da bu istiqamətdə fəal olmalıdır".
***
Deputatların bugünkü çıxışlarında məsələyə ən peşəkar yanaşmanı isə Zahid Orucun fikirlərində müşahidə etdik.
Z.Orucun çıxışının əsas məqamlarını təqdim edirəm:
“Yerli TV-lərə baxanların sayı 5-6 il öncəki tamaşaçıların sayı ilə müqayisədə ən azı 10 dəfə azalıb. Səbəblər dərin və çoxşaxəlidir. Onlardan biri dünya TV təcrübəsində ən uğurlu proqram formatları yarada bilməmələri, verilişlərin yayım ənənəsi, milli xüsusiyyətləri, janrı, kontenti, hədəf auditoriya, aparıcı peşəkarlığı, təqdimat tərzi və s. aspektlərlə bağlıdır.
Artıq 10 illərlə davam edən bayağı məzmunlu, heç bir sosial funksiya daşımayan şou-proqramların TV-lərin əsas simasına çevrildiyini görürük, onlar tədricən öz qarşılarına qoyduğu məqsədlərə nail olur. Belə ki, üst-üstə 5-6 milyon ölkə əhalisinin yarıdan çoxunun instaqram izləyicisi olması onu göstərir ki, ekrandakı izləyicilərini “xalq” hesab edən 3-4 aparıcının arxasında kifayət qədər zövqsüz və savadsız bir kütlə dayanır. Bütövlükdə, artıq 3-cü onillikdir ki, Azərbaycan tamaşaçısının sosial portreti, onun maraq və istəkləri tamamilə təhrif edilməkdə, dünyagörüş və mədəniyyəti, dəyərləri ciddi deformasiyaya uğramaqdadır.
Bayağı şou proqramlarının ekranlarda getdikcə çoxalması qətiyyən təsadüfi deyil, əksinə düşünülmüş və sistemli xarakter daşıyır. Yalnız kommersiya və biznes maraqları, milli-mənəvi dəyərlərin inkarı, ictimai rəydə ziyalı, alim, intellektual obrazların, Vətən müharibəsinin parlaq simalarının deyil, şou əhlinin-müğənni, rəqqasə, tamada və s. cəmiyyətə əsas ideal, dəyər kimi təqdim edilməsi nəticəsində bir neçə aparıcı və TV kanalı reklam və sərvət toplayır. TV-lərimizin siması Zəfərimizin parlaq tablosuna uyğun deyil”.
Göründüyü kimi Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri və Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc bu çıxışı ilə telekanalları faktiki olaraq “top"a tutsa da, lakin nə o, nədəki onun digər deputat həmkarları telekanalların dəyərlərimizi ciddi deformasiyaya uğratmalarının qarşısını konkret olaraq kimin almalı və necə almalı olduğunu göstərmir.
Əgər hörmətli deputatlarımız telekanal rəhbərlərinin Milli Məclisin iclasında səsləndirilən bu tənqidləri nəzərə alıb özlərini yığışdıracaqlarını və efir siyasətini yaxşılaşdıracaqlarını düşünürlərsə, o zaman ciddi şəkildə yanılırlar. Çünki özəl telekanalların heç biri hazırkı efir siyasətlərindən könüllü surətdə əl çəkməyəcək. Onları xüsusi səlahiyyətləri olan hansısa bir rəsmi qurum buna məcbur etməlidir. Və yaxud, necə deyərlər, hətta döyə-döyə məcbur etməlidir.
Yoxsa, donuza "kiş" deməklə zəmidən çıxarmaq mümkün deyil. Və yaxud, Salavatla öküz darıdan çıxmaz. Düzdür, bu məsəllər biraz kobud səpkilidir, amma nə etməli, həqiqəti olduğu kimi əks etdirir. Bəli, televiziyalarımız öz xoşları ilə dəyişən deyil.
Ona görə də əksər insanlar xarici telekanalları izləməyə üstünlük verir. Bu isə gələcəkdə çox ciddi fəsadlara gətirib çıxara bilər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.