BƏYBALA MİRZƏYEV:
Nə hərb, nə sülh...
Dünən hamımız Birləşmiş Ştatlardan səbrsizliklə xəbər gözləyirdik - görəsən, sülh müqaviləsinin imzalanması razılaşdırıldımı?
Yox, razılaşdırılmadı.
Rusiya, Fransa, İran kimi böyük araqarışdıranların, təxribatçı ölkələrin yerli-yersiz müdaxilələri nəticəsində kifayət qədər mürəkkəbləşmiş, az qala "Qordi düyünü"nə çevrilmiş Ermənistan-Azərbaycan münasibətlərini 4 günlük danışıqlar nəticəsində normal məcraya qaytarmaq və tərəfləri ortaq məxrəcə gətirmək hətta ABŞ kimi super diplomatiya devinin də imkanları xaricindədir.
Lakin hər şeyə rəğmən ABŞ-ın bu təşəbbüsünü və israrlı davranışını alqışlamaq lazımdır. İndiyə qədər heç bir vasitəçi Bakı və İrəvanı sülh sazişinə bu qədər yaxınlaşdıra bilməmişdi.
Başqa sözlə desək, rəsmi Vaşinqton danışıqlar prosesinə yeni məzmun, yeni forma gətirdi, "dalan"a dirənmiş sülh danışıqlarına yeni impuls verdi.
Ermənistan və Azərbaycanın xarici işlər nazirlərini və ekspert-işçi qruplarını bir araya gətirib onların arasında 4 gün davam edən görüşlər, müzakirələr təşkil etmək bir ev sahibi kimi ABŞ tərəfindən əla yenilik idi. Mayın 1-də Vaşinqtonda başlayan Azərbaycan-ABŞ-Ermənistan danışıqları sözün əsl mənasında qızğın müzakirələr şəraitində keçdi. Və bu gün ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində keçirilən xarici işlər nazirləri arasında danışıqların son raundu da yekunlaşdı.
ABŞ Dövlət katibi Entoni Blinkenin də qeyd etdiyi kimi “Son bir neçə gün ərzində Azərbaycan və Ermənistan bir sıra çox mürəkkəb məsələni müzakirə edib və davamlı sülh sazişinin əldə edilməsi istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə etdi".
Ona görə də bu danışıqları ümumən müsbət dəyərləndirmək olar. Lakin bütövlükdə isə danışıqların birdən-birə sülh anlaşması ilə yekunlaşacağını gözləmək sadəlövhlük olardı.
Görünən budur ki, Ermənistan hələ də sülhə hazır deyil. Lakin ABŞ Ermənistanı necə deyərlər, döyə-döyə sülhə məcbur etmək xətini tutub. Bu, ABŞ tərəfindən inqilabi mövqedir. Əgər Ağ Ev bu mövqeyində ardıcıllıq göstərərsə, iyunun 1-də həqiqətən də sülh sazişi imzalana bilər.
Blinken də bu gün danışıqların final mərhələsinin başa çatmasından sonra verdiyi açıqlamasında bəyan etdi ki, "son mərhələ həmişə ən çətin olur, lakin ABŞ bu mərhələdə tərəflərə kömək etmək niyyətindədir".
Bu mənada, Ermənistanın hələ 25 günlük vaxt limiti, bütün "hə" və "yox"ları dərindən götür-qoy edərək müdrik qərar qəbul etmək şansı var.
Ermənistanın sülh sazişini imzalamayacağı təqdirdə isə, bizim alternativ "yol xəritə"miz avtomatik işə düşəcək. Zatən İlham Əliyev də mayın 3-də Şuşadakı çıxışı zamanı bunun anonsunu verdi və bildirdi ki, “əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var...".
Bu yeni paradiqmadır. Azərbaycan bununla problemə və Ermənistanla münasibətlərimizin gələcək perspektivlərinə yeni yanaşma sərgiləyir.
Başqa sözlə desək, bu "nə sülh, nə hərb" doktrinidir ki, Ermənistan özünün absurd və axmaq siyasəti ilə Azərbaycanı məhz bu doktrinə keçməyə vadar edir.
30 illik işğal dönəmində zatən Ermənistan da bizə qarşı eynilə "nə hərb, nə sülh" doktrinini tətbiq edirdi. Bu o vaxt Ermənistan üçün əlverişli və sərfəli idi. Çünki bu doktrin həmin vaxt Ermənistana torpaqlarımızın işğalını dondurulmuş şəkildə ("status-kvo") saxlamağa imkan verirdi.
Lakin 44 günlük müharibənin nəticələri bölgədə vəziyyəti və dəngələri dəyişib. Ona görə də, indi "nə hərb, nə sülh" doktrini artıq ermənilərə yox, məhz bizə sərf edir.
Nəticə etibarilə, "nə hərb, nə sülh" vəziyyəti Ermənistanın bir dövlət kimi bir neçə ilə tamamilə iflasına gətirib çıxara bilər. Nikol Paşinyan özü də bunu çox yaxşı başa düşür. Lakin o, hələlik əyninə "kəfən" geyinib inqilabi addım ata, sülh sazişinə tam və qəti şəkildə "hə" deyə bilmir.
P.S.
2018-ci ilin may ayında hakimiyyətə gəlmiş Paşinyan qarşıdakı 20-25 gün ərzində sülh sazişini bağlamaq üçün özündə güc taparsa, 2023-ün may ayı onunçün böyük siyasət səhnəsində ikinci inqilabi sıçrayış anı kimi tarixə keçəcək.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.