RƏŞAD MƏCİD: Jurnalistlərin böyük dostu
Dövlət müstəqilliyinin bərpasının ilk illərində fərqli mətbu nəşrlərin fəaliyyətə başlaması ilə yeni məzmun alan, bir neçə ildə əhəmiyyətli inkişaf mərhələsi keçən Azərbaycan mediası ötən əsrin 90-cı illərin sonu - 2000-ci illərin əvvəllərinə doğru bəzi obyektiv və subyektiv səbəblərdən iqtisadi çətinliklərlə üzləşdi. Mətbuat və bununla paralel olaraq jurnalistlər sosial problemlərlə qarşı-qarşıya qaldılar. Belə bir situasiyada mətbuatın üz tutacağı ünvan Azərbaycan dovləti və onun başçısı idi. O dövlət başçısı ki, 1998-ci il avqustun 6-da imzaladığı fərmanla Azərbaycanda yüz ildən çox bərqərar olan senzuranı ləğv etmiş, bunun ardınca isə kütləvi informasiya vasitələri üzərindən əlavə dəyər vergisinin götürülməsi, ölkəyə gətirilən qəzet kağızına tətbiq olunan gömrük rüsumunun ləğvi ilə bağlı tədbirlər görmüş, 2000-ci ilin martında kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər proqramını təsdiqləmişdi.
Azərbaycan mətbuatının inkişaf yoluna, müstəqilliyin ilk illərindən bugünə qədərki dövrə nəzər salanda Heydər Əliyevin hakimiyyətə gəlişindən sonrakı illəri mediaya dövlət qayğısının başlanması mərhələsi kimi qeyd etmək lazım gəlir. Heydər Əliyev istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi zaman mətbuatı həmişə diqqətdə saxlayıb, sözün qiymətini bilən böyük siyasi xadim kimi mətbu fikrə xüsusi önəm verib.Bu diqqətin təzahürü idi ki, mətbuatın belə çətin dövrünü yaşadığı illərdə Heydər Əliyev bir neçə dəfə qəzet redaktorları ilə müxtəlif formatlarda görüşlər keçirdi.
2001-ci ilin dekabrında baş redaktorları qəbul edən Ümummilli lider bizi təmkin və səbirlə dinlədi. Görüşdə mən də çıxış elədim, jurnalistlərin mənzil probleminə toxunaraq indiki maddi imkanlarla jurnalistlərin Bakı şəhərində ev almasının bir xəyal olduğunu diqqətə çatdırdım, bir neçə təklif verdim. Görüşün nəticəsi olaraq növbəti mərhələlərdə ardıcıllıqla mətbuatın ayaqda qalması istiqamətində əməli addımlar atıldı, bir sıra qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları donduruldu, sonradan isə birdəfəlik silindi, AzərTAC dövlət agentliyi öz xəbər bülletenlərini qəzetlərə ödənişsiz göndərməyə başladı.
Heydər Əliyev mətbuatın gücünü çox dəqiq qiymətləndirməyi bacaran, jurnalistlərlə işin əhəmiyyətini qəbul edən müdrik siyasi xadim idi. Mən öz çıxışlarımın birində onu jurnalistlərin böyük dostu adlandırmışdım. Məhz milli mətbuatın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi idi ki, 2002-ci ildə o, “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi “Jurnalistlərin dostu” mükafatına layiq görüldü. Heydər Əliyevlə növbəti görüşümüz də elə həmin il martın 22-də “Hyatt Regensy” mehmanxanasında “Jurnalistlərin dostu” mükafatının təqdimolunma mərasimində gerçəkləşdi. Yadımdadır, Ümummilli lider o tədbirdə maraqlı və dərin məzmunlu çıxış etdi. Bu mükafatı yüksək qiymətləndirdiyini bildirən Heydər Əliyev xoş ünsiyyətindən, zarafatından da qalmayaraq “İlk dəfə olaraq, mən jurnalistlərin, nəhayət, xoşuna gəlmişəm və onlar məni mükafatlandırıblar” - dedi, sonra isə əlavə etdi ki, keçmişdə olduğu kimi, bu gün də jurnalistlərin dostudur və həmişə də jurnalistlərin dostu olaraq qalacaq, bundan sonra da jurnalistlərə əlindən gələn yardımı edəcək. Çıxışının sonunda mətbuatın, jurnalistlərin fəaliyyətinə bir daha yüksək qiymət verdi: “Jurnalistika elə bir sahədir ki, ümumiyyətlə, tənqidlə məşğuldur, bütün başqa vəzifələri ilə bərabər, əsas məqsədi tənqid etmək, nöqsanları aşkar etmək, onların aradan qaldırılması üçün çalışmaqdır. Jurnalistika cəmiyyətdə həmişə bu işləri görüb, bu gün də görür və çox uğurla görür”. Ayrı-ayrı məmurların mediaya, jurnalistlərə qarşı kin, qəzəb püskürdüyü bir vaxtda dövlət başçısının bu fikirləri olduqca zəruri və qiymətli idi.
2002-ci ildə Heydər Əliyevin media nümayəndələri ilə daha bir görüşü oldu. İyulun 22-də - Milli Mətbuat Günündə ölkənin aparıcı qəzet redaktorları ilə görüşən dövlət başçısı onlarla üç saat yarımdan artıq söhbətləşdi, geniş müsahibə verdi. Mənim Qarabağla bağlı sualımı olduqca ətraflı, təxminən 45 dəqiqə cavablandırdı - məxsusi vurğuladı ki, indiyədək heç kimə demədiyi məsələləri açır. Dedi ki, siz ziyalı insanlarsınız, redaktorlarsınız, bu məsələləri bilməlisiniz. O, Qarabağ danışıqlarının bağlı qapılar arxasında keçirilən, bizim heç ağlımıza da gətirmədiyimiz məqamlarını açıb danışdı. Eyni zamanda Azərbaycanın iştirakı ilə regionda türk zolağı yaradıla biləcəyindən bəzi dünya siyasətçilərinin narahatlıq keçirdiklərinə toxundu. Şübhəsiz ki, müdrik siyasətçi bu sirləri təsadüfən faş etmirdi. Görünür, kimlərisə təkcə bağlı qapılar arxasında deyil, həm də ictimai tribunadan, mətbuat vasitəsilə, necə deyərlər, Azərbaycan xalqının gözü qabağında ifşa etməyin vaxtı-məqamı çatmışdı.
Heydər Əliyev o zaman mənim sualıma cavab verərkən indi aktual olan Zəngəzur məsələsi ilə bağlı da çox maraqlı bir nüansa toxundu. Bildirdi ki, hələ 1920-ci ildə bu sərhədləri quranda Azərbaycanın Moskvada heç kimi olmayıb, ermənilərin isə hakimiyyətdə güclü mövqeləri olub. O vaxt Azərbaycanın torpağını - Zəngəzuru, xüsusən onun Mehri hissəsini kəsib Ermənistana veriblər ki, İranla sərhədi olsun. Bu, tamamilə süni bir şeydir. Baxın, hələ 1920-ci ildə ermənilər nə haqqında düşünüblər - İranla sərhədləri olsun!
Prezident vaxtilə Dövlət Təhlükəsizlik Komitəsi sistemində fəaliyyət göstərdiyi illərdə həmin sərhədləri qoruyanlardan biri olduğunu xatırladaraq dedi ki, o zaman sovet respublikaları arasında sərhəd haqqında heç söhbət gedə bilməzdi. Dəmir yolu var idi, Bakı-Yerevan qatarı işləyirdi. Oradan - Mehridən qatar gedib-gəlirdi, heç bir maneə yox idi. Amma baxın, 1920-ci ildə düşünüblər ki, İrana çıxması üçün gərək Ermənistana sərhəd verilsin və veriblər.
Heydər Əliyev o gün bizimlə görüşdə çox ciddi və həssas məqamlar üzərində dayandı. Həmin gün axşam isə Milli Mətbuat Günü ilə bağlı tədbirimizə qatıldı, yenə bir saatdan artıq bizimlə bir yerdə oldu.
Bu il Heydər Əliyevin anadan olmasının 100 illiyidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Bu münasibətlə dövlət və hökumət qurumlarının təşəbbüsü ilə çoxsaylı tədbirlər keçirilir, hələ ötən əsrdə Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Heydər Əliyevin müxtəlif fəaliyyət sahələrində, ən fərqli istiqamətlərdə gördüyü məqsədyönlü işlər barədə cild-cild kitablar yazılır. Hələ Sovetlər Birliyi dönəmində görülən bu işlərə, həyata keçirilən bu tədbirlərin miqyasına nəzər salanda Heydər Əliyevin gələcəklə bağlı uzaqgörən siyasətinin bu gün müstəqil Azərbaycanın tərəqqisi üçün nə qədər böyük əhəmiyyət daşıdığı aydın görünür. Vəfatından 20 ilə yaxın müddət ötsə də, biz yenə onunla bir yerdəyik. Heydər Əliyev öz idealları sayəsində cismani yoxluğunu hiss etdirməyən azman bir şəxsiyyətdir. Bizdən sonrakı nəsillərin də onunla bir yerdə olacağına isə heç bir şübhə yoxdur!..
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.