BƏYBALA MİRZƏYEV:
Türkün yolu...
Bu gün Azərbaycan insanında böyük bir həyəcan var. Ən azından Türkiyə türkləri qədər həyəcanlıyıq. Çünki təkcə Türkiyənin deyil, bütün Türk dünyasının taleyinə damğasını vuracaq, gələcəyimizə yön verəcək seçkilərə sayılı günlər qalır.
Digər türk cümhuriyyətlərində də eyni həyəcan, eyni narahatlıq varmı? Təəssüf ki, bu barədə bir bilgimiz yox. Amma Türkiyə ilə Azərbaycanın nəbzi birlikdə döyündüyü üçün həm oradakı proseslərdən, həm də Azərbaycandakı Ərdoğançıların və Kılıçdaroğlu tərəfdarlarının düşüncə və əhvallarından birəbir xəbərdarıq, məlumatlıyıq.
Bəri başdan qeyd edim ki, mən bu iki qanadın, bu iki qrupun, bu iki düşərgənin heç birinə aid deyiləm. Nə Ərdoğançıyam, nədəki Kılıçdaroğlu heyranıyam.
Vaxtilə BDU-nun Tarix fakültəsində diplom işimi Türkiyə-Azərbaycan əlaqələrinin tarixi üzrə müdafiə etmişəm və 90-cı illərin əvvəllərində Azərbaycandan Türkiyəyə gedən ilk tələbə gənclərdən biri olduğuma görə, eləcə də Alparslan Türkeşin dönəmindəki Milliyyətçi Hərəkat Partiyası ilə münasibətlərimdən və Fikrət Türkman, Əli Yavuz Akpınar kimi Azərbaycan sevdalısı olan professorlarla söhbətlərimdən yola çıxaraq 30 ildən çoxdur ki, qardaş ölkəmizdə baş verən bütün prosesləri diqqətlə izləyirəm.
Sözün açığı, əslində çox istərdim ki, bu seçkilərdə dinçilər (Ərdoğanın xətti) və liberallar (Kılıçdaroğlunun liderlik etdiyi düşərgə) yox, məhz milliyətçilər qalib gəlsin. Lakin əfsuslar olsun ki, nə Məhərrəm İncə, nədəki Sinan Oğan Ərdoğan qədər xarizmatik və güclü, Kılıçdaroğlu kimi isə populyar deyil.
Ümumiyyətlə, rəhmətlik Başbuğ Alparslan Türkeşdən sonra milliyətçi kəsim hələ də böyük bir çöküş halını yaşamaqdadır. 30 ilə yaxındır ki, milliyətçilərin sıralarından Ərdoğanı və Kılıçdaroğlunu kölgədə qoya biləcək, bütün Türk millətinin səsini, sevgisini qazanmağı bacaracaq hünərli bir lider yetişib meydana çıxa bilmir.
Son 30-40 ildə Turqut Ozaldan Ərdoğana qədər həm Qərbyönümlü demokratlar, həm də Şərqyönümlü ənənəçilər, tradisionalistlər (islamçılar) hakimiyyətdə bir-birini əvəz ediblər. Bu məntiqlə, meydan indi də milliyətçilərə, türkçülərə verilməliydi. Lakin az öncə də qeyd etdiyim kimi milliyyətçi-türkçü qüvvələr hazırda pərakəndə və lidersiz vəziyyətdədir.
Bu gün milliyətçilərin bir qismi Dövlət Bağçalının rəhbərliyi ilə Ərdoğanı dəstəkləyir, digər qismi Məhərrəm İncə və Sinan Oğan arasında bölünməkdədir, üçüncü qismi isə İYİ Partiyanın rəhbəri Maral Akşənərin yanında yer alır və Kılıçdaroğlunun namizədliyini dəstəkləyir.
Bax belə. Gördüyümüz kimi milliyətçilərin hazırkı durumu bu qədər fənadır, acınacaqlıdır. Lidersizlik həqiqətən də böyük problemdir.
Əfsuslar olsun ki, özlərinə "Millət İttifaqı" kimi həqiqətən də çox uğurlu və möhtəşəm bir ad seçən liberal-demokratların namizədi Kamal Kılıçdaroğlu da ötən gün Azərbaycana qarşı gerçək mövqeyini ortaya qoymaqla Türk millətinin səsi yox, anti-Türk qüvvələrin adamı olduğunu ortaya qoydu.
Onun təqdim etdiyi “Yeni İpək Yolu” haqda məlumat və xəritə həm Türkiyədə, həm də Azərbaycanda bir çoxlarını gerçəkdən də şoka saldı.
Kılıçdaroğlunun "xəritə"sində Yeni İpək Yolu Azərbaycandan yox, İrandan, Türkmənistandan, Özbəkistandan və Qazaxıstandan keçərək Çinə birləşir.
Bununla da Kılıçdaroğlu açıq şəkildə deyir ki, "mənim xəritəmdə Azərbaycan yoxdur" və heç zərrə qədər də utanıb-qızarmadan bu xəritəni, bu yolu "Türkün yolu" adlandırır.
Azərbaycanın "oyundankənar" vəziyyətə salındığı bir halda, farsların hakim olduğu ölkədən başlayıb çinlilərin yurdunda bitən bir yolu "Türkün yolu" adlandırmaq bir yandan gerizəkalılıqdırsa, o biri yandan isə böyük bir təxribatdır.
Və üstəgəl, adam bununla sanki həm də Azərbaycandan qisas alır.
Nəyin qisasını?
Bu sualın bir yox, bir çox cavabları vardır.
O cavabları siz özünüz də yaza bilərsiniz...
/Yazının ardı var/
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.