20 Yanvar Şəhidi Müşfiq İsayev haqqında
Şəhər təlatüm içindəykən canına vahimə düşmüş dinc sakinlər ora-bura vurnuxur, bu gecə nələrin baş verəcəyindən əmin olmaq üçün qışın sərt, havaların isə şaxtalı, sazaqlı keçməsinə baxmayaraq, yenə də meydanlarda və küçələrdə idilər. Şəhərin müxtəlif ərazilərində təşkil edilmiş dayaq dəstələri və onlar ətrafında alovlanan tonqallar, tonqal ətrafına toplaşan əliyalın cavanlar təpədən-dırnağacan Azadlıq eşqiylə silahlanmışdılar. Hələ ki, sakitdi şəhər. Küçə boyu düzülmüş işıq dirəklərinin asfalt üzərinə düşmüş sarımtıl kölgəsi görünməkdədir. Bir azdan bu sarımtıl işıq kölgələri vahimə içində ora-bura qaçışan insan kölgələri ilə əvəz olunacaqdı. Çox heyf ki, bu cansız, quru dirəklər insan deyilən məxluqun ağlasığmaz dərəcədə tələfatının, məhvinin şahidinə çevriləcəkdi. Bu təlatümlü gecədə hər gün öz etiraz səsini ucaltmaq üçün mübarizə meydanına atılan gənclər arasında Vətənini, xalqını, millətini canından artıq sevən güləşçi bir oğlan da var idi. Hərbi xidmətdən beş ay əvvəl qayıtmış Müşfiq. Azadlıq meydanının qoynunda mücadilə verən bacı-qardaşlarının yanından əskik olmazdı o. Gəncdi, qanının qaynayan vaxtı idi, ona görə hər gün məşqə getməzdən öncə neçə dəfə güzgünün qarşısına keçərək, gücünü sınamaq üçün əzələ çıxartdığına əmin olmaq istəyirdi, çünki karyera barədə düşünürdü. Gələcəkdə sevdiyi peşəsində özünü tam doğrultsun deyə səylə məşq edirdi. Əvvəllər idmanın karate növü ilə məşğul olmasına baxmayaraq, artıq o, güləş ustası idi. Bu sahədə də uğur və nailiyyətlər əldə etməyə tələsirdi. Bütün idmançılar kimi, o da yüksək enerjiyə malik olduğu üçün boş-bekar dayana bilmirdi. Həyatın mənasını idmanda görürdü. İdman onun sanki nəfəsi idi. Gün ərzində hara getsəydi də mütləq ən sevdiyi məkana-stadiona dönəcəkdi. Stadion boyunca o baş-bu başa elə hey qaçacaqdı. Orta ixtisas təhsili almasına baxmayaraq, kim bilir, bəlkə o da bir gün, digər idmançı həmkarları kimi, sənədlərini Azərbaycan Dövlət İdman Akademiyasına təqdim etməyi düşünəcəkdi. Bir arzusu var idi: Zirvələri fəth etmək, Vətənin bayrağını göylərə ucaltmaq. Özü də azad və müstəqil Vətənin. Uca boylu, enlikürək, qaraqaş, qaragöz, məsum çöhrəli, yaraşıqlı, gözəl bir oğlan idi Müşfiq. Ailəsi Ağdaşda yaşasa da, Vətəninin ağır günlərində xalqı ilə bərabər olmağı özünə oğul borcu bilmişdi. Xalqdan kənarda qalmaq xüsusiyyəti ona yad idi. Xalq harada Müşfiq də orada. Onu bu nurlu yola salan vətənpərvərliyi və dağlardan da böyük qüruru idi. O gün səhər açılandan hava qaralana qədər dostları ilə şəhərin müxtəlif hissələrində qurulmuş barrikadalara baş çəkərək evə yorğun gəldi Müşfiq. Çörəyini yedi, dincini almaq üçün yatağına uzandı. Hiss etdi ki, bir azca ayaqları sızıldayır.
Onu bu gecə tək buraxmaq istəməyən qonşu uşaqlarına “yatmağa gedirəm” desə də, yuxusu ərşə çəkildi. Düşüncələrə daldı. Bir az bundan əvvəl ailə qurmuş qardaşının yeni evinin təmirinin başa çatdırılmasına tələsirdi. Bu gecə də qəlbində narahatçılıq var idi. Çünki gün ərzində görüşdüyü mitinqçilərdən heç də ürəkaçan sözlər eşitməmişdi. Bilirdi ki, Vətəninin, xalqının başı təhlükədədir. Bu gecə şəhərə qoşun yeridiləcəyi xəbərini hamı kimi o da eşitməsinə baxmayaraq, buna inanmağı gəlmədi. Axı, bu, necə ola bilər ki, 2 il müddətində hərbi xidmət etdiyi bir ordunun əsgərləri əliyalın millətimizin üstünə silah çəksin? Qəlbini təlatümlü hisslər bürüdüyü halda Müşfiqin gözünə bu gecə yuxu gedərdimi? Bu zaman Bakı küçələrində sovet əsgərlərinin xalqa divan tutduqlarının şahidi olan bir nəfər şəxs Naxcıvanski küçəsiylə təşviş içində qaça- qaça qarşısına çıxan beşmərtəbəli binanın həyətinə girdi. Küçələrdə cərəyan edən hadisələri öz gözləriylə görən həmin naməlum şəxs Müşfiqin yaşadığı və qardaşı Xəzərə məxsus olan yeni mənzilin yerləşdiyi binaya yaxınlaşaraq, hövlnak halda var gücüylə qışqırıb, dinc sakinlərə səslənməyə başladı:
-Bu binada başıpapaqlı kimsə varsa, bayıra çıxsın. Nə yatmısınız Eşidirsinizmi, ay kişilər, bizi qırırlar, tez olun, hamınız çıxın bayıra.
Müdhiş təlatüm içində ora-bura vurnuxan naməlum şəxs həmin küçəyə əcəlin əli ilə göndərilmişdi elə bil. Gözləri qan çanağına dönmüş bu kişi “başı papaqlıların” gecənin bu vədəsində evdə oturmasını heç cür qəbul etmirdi sanki. Hirsindən az qalırdı ki, bağrı çatlasın. Buna görə də gücünü səsinə vermişdi. Bağırmaqdan başqa çarəsi yox idi. Çünki hamı kimi, o da tankın, topun qarşısında əliyalın idi. Bu gecə eşitdiyi güllə səsinə oyanıb, hamı kimi, o da eyvana çıxdı. Müşfiqi eyvana çıxmağa vadar edən əslində hiddətindən az qala bağrı çatlayan o şəxsin çağırışı deyildi. Yatağında uzandığı surətdə uzaqdan eşitdiyi güllə səsləri onu dərhal yerindən dik atılmağa məcbur etmişdi. Daha Müşfiq evdə otura bilməzdi. Dərhal hadisə yerinə yollanmağı qərara aldı. Bəli, bu vahiməli və qanlı gecədə, digər məsləkdaşları kimi, onun da ürəyinə nələrsə dammışdı. Havaların sazaqlı olmasına baxmayaraq, otağa keçib, tez-tələsik qardaşı Xəzərin idman geyimini əyninə geyindi. Ötən gün Ağdaşa yola düşməyə hazırlaşan İzafət ana ilə qardaşı Xəzər nə qədərisrar etmişdilərsə də, Müşfiqi fikrindən döndərə bilməmişdilər. Nəhayət, İzafət anayla Xəzər əlacsız qalaraq Ağdaşa Müşfiqsiz yola düşmüşdülər. Küçədə qan qardaşları ölümlə çarpışdığı halda, o, evdə vurnuxa bilməzdi. Odur ki, evdən çıxmağa tələsdi Müşfiq. Qardaşının mənzilinin qapısını bağlayıb, sürətli addımlarla 4-cü mərtəbədən pilləkəni enib, həyətə düşdü. Bir neçə saniyədən sonra Müşfiqə yol yoldaşı olmaq istəyən “başı papaqlılar”ın sayı artmağa başladı...
Şəhərdə güllə səslərinin qulaq batıran saatlarında Müşfiq dostu Elxanla yolda görüşüb, metronun "Gənclik” stansiyasının yaxınlığına gəldilər. Onlar tək deyildilər, bir qrup güləşçi dostları da burada idi. Şəhərdə nələrin baş verdiyini gözləri ilə görsünlər deyə, gözlərini dörd açıb ətrafı nəzərdən keçirirdilər. Müşfiq güləşçi dostları ilə birgə, tamamilə əliyalın olmalarına baxmayaraq, sözləşərək Lenin stadionunun (hazırda Tofiq Bəhramov adına stadion) qarşısında toplaşıb barrikada şəklində tankların önündə çəpər yaratmağı qərara aldılar. Əraziyə hücuma keçən ağır, zirehli tankların qarşısını alsınlar deyə, onların önündə qol-qola, çiyin-çiyinə durmalı idilər. Dostların dayandığı ərazidə hələ ki tanklar gözə dəymirdi. Lakin çox keçmədi ki, tanklar odlu güllələrin müşayiəti ilə bu əraziyə daxil oldu. Müşfiq qəflətən tankların Lenin adına stadiondan çıxdığını gördü. Stadionun dirəklərini vəhşicəsinə uçurub darmadağın edən tanklar surətlə irəli şütüyürdülər. Lakin tanklardan qabaq Müşfiqin diqqətini cəlb edən işıqsaçan güllələr oldu. Bir neçə saniyə ərzində bütün stadion, eləcə də metrostansiyanın dörd tərəfi havada fişəngi andıran rəngli işıqlara qərq oldu. Stadion yaxınlığında dayanmış dostlar çaşqınlıq içərisində təəccüblə bir-birinə baxdılar. Müşfiqin gözlərindən sual, baxışlarından bir heyrət ifadəsi oxunurdu. Elə ki istədi irəliyə doğru addımlasın, tanklar "Gənclik” metrostansiyasının ətrafında dayanmış əliyalın insanları atəşə tutmağa başladı. Hər tərəfi gülləbaran edən bu qansızların niyyəti artıq Müşfiqə bəlli olmuşdu. Odur ki, başının üstündən yağış tək yağan güllələrdən yayınmağın mümkünsüz olduğunu anladı.
Metronun ətrafındakı insanlar təlaş içində o tərəf-bu tərəfə qaçaraq bir-birinə dəydilər. Stadionun Şimal qapısı isə çoxdan hərbçilərin nəzarətində idi. Metrostansiyanınkeçidinə qaçmağa hazırlaşan adamlar arxadan vurularaq elə oradaca yıxılıb qalırdı. Bu ərazidə bir neçə dəqiqə ərzində xeyli sayda tələfat və yaralıların olduğunu görən gənc Oqtay da Müşfiqin səsinə səs verənlərdən idi. O, əlini Müşfiqin əlinə verərək, insan kütləsini yarıb keçməsin deyə, tanklar önündə çəpər olmaq istədi. Bir gənc də qoşuldu onlara. Oldular üç fədai, üç igid: Oqtay, Müşfiq, bir də kimliyi bəlli olmayan və tanklar altında qalaraq cəsədi itkin düşən igid oğlan. Bəli, onlar əl-ələ tutaraq ölümə gedirdilər. Güllələr elə bu anda üç igidin üçünü də haqladı. Elxan başını yana çevirəndə Müşfiqin yerə sərildiyini görərkən ürəyində öz-özünə sual etdi: “Görəsən nə oldu, ayağımı büdrədi, yoxsa kimsə onu itələdi?” Odur ki, dostunun əlindən yapışaraq təşviş içində qışqırdı:
- Müşfiq, sənə nə oldu? Tez ol, dur, qaçaq.
Dostlar hamısı qaça bilmişdi, bircə Müşfiqdən başqa. Əcəlin qara kölgəsi artıq onu yaxalamış, qaçıb canını qurtarmağa imkan verməmişdi. İdmançı dostları içində ən çox sürətli qaçış hərəkətinə malik olan Müşfiq bu dəfə əcəlin əlindən qaça bilmədi. Sinəsi qalan yerdə düşmən gülləsinə arxasını çevirənlərdən deyildi Müşfiq. Yerindən qalxmaq istədi, lakin nə qədər çalışdısa bacarmadı. Hər iki ayağı keyimişdi. Başını azacıq qaldıraraq dostuna səsləndi:
- Elxan, ayaqlarım tutulub, tərpədə bilmirəm. Ovxala bir az.
Elxan əlləriylə Müşfiqin hər iki ayağını ovxalaya-ovxalaya tankların atəş aça-aça sürətlə onlara tərəf gəldiyini gördü.
Həyəcanla qışqırdı:
- Müşfiq, tanklar üstümüzə yeriyir. Tez ol, yat yerə.
Elxan bunları deyən kimi Müşfiqin yanına uzandı. Hər iki dost bir neçə saniyə ərzində nəfəssiz qalaraq özlərini ölülüyə vurdular. İmperiya cəlladları onların öldüyünü zənn etdiklərindən yanlarından sakitcə keçib getdilər. Böyük təlaş içində soyuq asfalt üzərində səssizcə qalaraq tankların ərazidən uzaqlaşmalarını gözləyən dostlar başlarını qaldırarkən qəfil onları haqlayan təhlükənin nisbətən sovuşduğunu zənn etsələr də, lakin ümidləri boşa çıxdı. Odlu güllələrdən biri də dayandığı yerdə Müşfiqə dəymişdi. Güllə ürəyinin başına dəydiyindən qıçlarına, ayaqlarına qan getmirdi. Lakin Müşfiq isti-isti bunu hiss etməmişdi. Həm qəlbini bürüyən şiddətli təlatüm və həyəcanın, həm də qaranlıq gecənin təsirindən Elxan bunu görməmişdi. Elxan Müşfiqin ayağını təkrar ovxalaya-ovxalaya təhlükənin sovuşduğunu zənn edərək Müşfiqə səsləndi:
- Təhlükə sovuşdu, Müşfiq, dur ayağa, buradan qaçaq.
Müşfiqin ürəyinə dəyən güllə bədənində onun qanını dondurmuşdu. Odur ki, ayağını hiss etmirdi. Əlini yaralı ürəyinin üstünə qoyub ağrısını içinə çəkdi, səsi qırıla-qırıla dostuna səsləndi:
- Ayağımı... hiss... etmirəm, Elxan.
Çaşqınlıq içərisində qalan Elxan dostunu qucağına alıb, başını əyə-əyə dərhal ağaclığa yüyürdü. Müşfiqi yerə qoymaq istəyən zaman əllərinin qana bulaşdığını gördü. Bu an özünü itirdi. Məsum baxışlarını dostuna zilləyən Müşfiq ağrının təsirindən ufuldayırdı. Elxan Müşfiqin başını astaca yerdən qaldıran zaman onun bədəninin hər iki tərəfindən qanın su yerinə axdığını gördü. Əynindəki idman geyimi al-qan içində idi. Güllə Müşfiqin ürəyindən dəyərək çiynindən çıxmışdı. Odur ki, Müşfiqin çiyni parça-parça olmuşdu. Elxan dəhşətə gəldi, deməyə söz tapmadı... Bir neçə saniyə içində Müşfiq xeyli qan itirmişdi:
- İndi də ürəyimi ovxala, Elxan, - deyə getdikcə öləziyən səsi ilə pıçıldadı.
Elxan Müşfiqin ürəyini ovxalamağa başladı. Lakin bu da əsər etmədi. Sanki içinə alov düşmüşdü. Aldığı güllə yarası onu daxildən yandırıb-yaxırdı:
- Qarnımın içi yanır. Kaş soyuq su olaydı üstünə tökəydim, yanğısı keçəydi.
Tez-tez nəfəs alan Müşfiq dostuna nə isə demək istəyirdi, lakin ağrı buna imkan vermirdi. Müşfiq artıq son anlarını yaşayırdı. Bunu Elxan da hiss etmişdi. Odur ki, Müşfiqi qucaqlayıb hönkürtü ilə ağlamağa başladı. Çarəsiz vəziyyətdə əlindən heç nə gəlmədiyini bilə-bilə canını tapşırmağa hazırlaşan dostuna yalvarmağa başladı:
- Dayan, Müşfiq, dayan, qardaşım, nə olar, dayan! Bu saat səni xəstəxanaya çatdıracağam.
Dostunun ağladığını görən Müşfiqin qaşları çatıldı, kövrək səsiylə pıçıldadı:
- Mənim... günümə ağlamayın, öz gününüzə... ağlayın ki, sabah...
- Sabah nə? De, Müşfiq, de!
Müşfiqin nəfəsi təngiməkdə idi. Bunu anlayan Elxan yaralı dostunu çiyninə götürərək stadionun kənarı ilə addımlamağa başladı. Bu zaman Elxanın gözləri uzaqdan siqnal verə-verə gələn “Təcili yardım” maşınına sataşdı. Müşfiqi qolları arasına alaraq “Təcili yardım” maşınına yüyürdü. Dostunu tibb işçilərinin köməyi ilə maşına qoydu. Hadisə başlayandan bəri yaralı daşıyan “Təcili yardım” maşını Müşfiqi də Semaşkoya çatdırmağa tələsirdi. Onun başıucunda oturan Elxan Müşfiqin ayaqlarını, ürəyini, qarnını ovxalamağa davam etməklə onu sakitləşdirməyə çalışırdı... Artıq gec idi, güllə öz işini görmüşdü: Müşfiqin daxili orqanlarını parça-parça etmişdi. Həyata qaytarılacağına güman yox idi. Kürəyi namərdcəsinə yerə vurulmuş igid pəhləvanın taqəti tükənməkdə idi...
Ağrıların təsirindən qovrulan Müşfiq əlini ürəyinin başına qoyaraq gözlərini açıb yumdu. Çətinliklə də olsa, bu kəlməni deyə bildi:
- Ana!... Ana!... Ana!...
Son nəfəsində anasını arzulayan igid pəhləvan gözlərini əbədi yumdu.
Dostunun keçindiyini görən Elxan hıçqırıqlarla başını onun köksünə əyərək çarəsizcəsinə bağırdı:
- Bağışla, Müşfiq, bağışla məni, qardaşım, səni xilas edə bilmədim.
Dostunun isti al qanına boyanmış əlləri titrəyirdi... Taleyin qismətinə bax! Məsəl var, deyərlər niyyətin hara, mənzilin də ora. Müşfiqin də əcəl mənzilinin ünvanı özünün seçdiyi bir məkan oldu: Tofiq Bəhramov adına stadionun ərazisi. Əcəl onu bilərəkdən çəkib bu məkana gətirmişdi. İgid pəhləvanın başının üstünü alan bu dəfəki rəqibi ölüm mələyi idi. Onu sonuncu rəqabətə səsləyirdi... Müşfiqlə bərabər həmməsləki Oqtay da Şəhid olur. Ondan bir azca aralıda qırğın başlayandan 5 saylı xəstəxanaya dəfələrlə yaralı daşıyan Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun ikinci kurs tələbəsi Ələsgər, avtomobil parkında sürücü işləyən Bəhruz da düşmən gülləsinə tuş gəlirlər. Güllə Ələsgərin qolundan dəyib qarın boşluğuna sürüşmüşdü. Yaralı vəziyyətdə olmasına baxmayaraq, dostlarının taleyindən narahat idi: “Görəsən uşaqlar necə oldular?”
Bəhruz isə yaralı yoldaşlarını avtomobili ilə xəstəxanaya çatdırmaq istəyərkən güllə onu da haqlamış, öz yerindəcə canını tapşırmışdı. Beləliklə, onlar bir-birini tanımadan eyni ərazidə bir məslək, bir əqidə uğrunda mübarizə apararaq Şəhidlik məqamına çatmağa hazırlaşırdılar. Sanki pəhləvanlar mücadilə dolu bu təlatümlü gecədə metronun “Gənclik” stansiyasının ərazisindəki stadionun qarşısında Şəhidlik yarışına çıxmışdılar. Müşfiq başda olmaqla...
Sevinc Ədalətqızı
"Şəhid pəhləvan" kitabından
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.