HƏBİB MİSİROV:
Xalqımızın çoxəsrlik dövlətçilik ənənələri
Dövlət müstəqilliyi hər bir vətəndaş üçün ən böyük sərvətdir. Məlum olduğu kimi, çarizmin dağılmasından sonra vətənini sevən, onu qoruyan qabaqcıl ziyalılarımız 1918-ci ildə Azərbaycanın istiqlaliyyətini elan etdilər. Atılan ilk addım Azərbaycan Milli Şurasının yaradılması oldu. Belə ki, 1918-ci il mayın 27-də Zaqafqaziya Seyminin azərbaycanlı üzvləri bölgədə yaranmış mürəkkəb və ziddiyyətli vəziyyəti nəzərə alaraq ayrıca yığıncaq keçirdilər və onlar bütün idarəçiliyi öz üzərlərinə götürərək Azərbaycan Milli Şurasını yaratdılar. Mayın 28-də isə Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. Burada iştirak edən Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli və digər görkəmli dövlət xadimləri, vətənpərvər ziyalılar Azərbaycanın "İstiqlal Bəyannaməsi"ni qəbul etdilər. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin, respublikamızın müstəqilliyinin əsası qoyuldu.
İstiqlal mübarizəsi tariximizdə bu bəyannamənin bütün Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq ən obyektiv tarixi qiymətini Ulu öndər Heydər Əliyev vermişdir: "Azərbaycan Milli Şurasının qəbul etdiyi tarixi bəyannamə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. Bəyannamədə elan edilmiş prinsiplər - Azərbaycan xalqının öz müqəddəratını müəyyən etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsipləri Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq nüfuzunu artırdı".
Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafının, milli oyanışının nəticəsi idi.
Qısa müddətdə Azərbaycan Xalq Cümhuriyyəti bir sıra dövlətlərlə ikitərəfli diplomatik münasibətlərin qurulmasına nail ola bildi. Bunların nəticəsi olaraq 1920-ci ilin yanvarında Azərbaycan dövlətinin müstəqilliyi artıq de-fakto tanınırdı. Dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Şərqdə ilk demokratik respublika olan Azərbaycan özünün parlamenti, hökuməti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlət idi.
Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.
Belə ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxdı, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynadı. Cümhuriyyətin ömrü qısa olsa da, xalqımızda azadlıq, müstəqillik ideyalarını daha da gücləndirdi. Buna görə müstəqillik hissləri azərbaycanlıları sonrakı dövrdə heç zaman tərk etmədi, azadlıq ideyaları şüurlara hakim kəsildi. Ancaq respublikanın süqutu onu göstərdi ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha da çətindir.
XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq.
Fransız mütəfəkkiri Jan-Jak Russo demişdir ki, dövlət onun inkişafı ilə bağlı yeni fikir və ideyalar tükənəndə uçuruma yuvarlanır. Müstəqil Azərbaycan isə bu təhlükədən birdəfəlik qurtulub: Azərbaycanın dayanıqlı və sabit inkişafı üçün nəinki proqressiv proqram və konsepsiyalar mövcuddur, eyni zamanda, Ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanaraq ölkəmizin intibahının təminatına çevrilmiş sosial-iqtisadi inkişaf strategiyası uğurlu nəticələr verir. Xalqın sosial sifarişi əsasında Azərbaycanda Heydər Əliyev siyasi kursunu davam etdirmək kimi çətin və məsuliyyətli bir missiyanı üzərinə götürmüş cənab İlham Əliyev öz siyasətini məhz bu prinsip çərçivəsində qurur.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk günlərdən etibarən dövlət, ordu quruculuğu, iqtisadiyyatın dirçəldilməsi, region və dünya dövlətləri ilə münasibətlərin demək olar ki, sıfırdan qurulması, beynəlxalq təşkilatlarla əməkdaşlığa başlanılması dövlətin qarşısında duran təməl prinsipləri olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə 20 ildə bu məsələlər daha da genişləndirilmiş, həyata keçirilən uğurlu daxili və xarici siyasət Azərbaycanın beynəlxalq aləmdəki reytinqini getdikcə artırmışdır. Elə bunun məntiqi izahıdır ki, daha əvvəlki illərdə dünya Azərbaycanı məğlub ölkə kimi tanıyırdısa, bugün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı qalib və qürurlu xalq kimi tanınır.
Bugün ölkəmizin demokratik, hüquqi, dünyəvi dövlət kimi əldə etdiyi bütün uğurlar, əlbəttə ki, dövlət müstəqilliyinin bəhrəsidir.
Bakıda xalq cümhuriyyətinin şərəfinə ucaldılan abidənin açılması Azərbaycan hakimiyyətinin dövlətçilik tariximizə verdiyi qiymət kimi olduqca diqqətəlayiqdir. İstiqlaliyyət küçəsində qoyulan bu abidə adları Azərbaycan dövlətçiliyi ilə birgə tarixə düşən istiqlal mücadiləsi iştirakçılarının xatirəsinə ən böyük ehtiramdır. Xalqımızın çoxəsrlik dövlətçilik tarixində mühüm yer tutan, onun parlaq və şərəfli səhifəsini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 105 il ötür.
Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan vətəndaşları qalib xalq olaraq bu bayramı təntənə və qürurla qeyd edir.
Yaşasın Azərbaycan!
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.