BƏYBALA MİRZƏYEV:
Müstəqillik nəyə görə vacibdir?
Biz bəzi şairlərin, yazarların, alimlərin doğum günlərini də, ölüm günlərini də məxsusi olaraq xatırlamalıyıq və xatırlatmalıyıq. Çünki o insanların doğum-anım günləri tariximizin qan daman səhifələrini unutmağa qoymur.
Mikayıl Müşfiq də həmin abidə-insanlardan, tarix-insanlardan biridir.
5 iyun - Müşfiqin anım günüdür.
O, repressiya qurbanıdır.
Qanlı repressiyanın "ət maşını"ndan keçən (keçirilən) minlərlə, on minlərlə sovet ziyalılarından biri də Mikayıl Müşfiqdir.
Müşfiqdən qabaq onun ən yaxın dostları - Əhməd Cavad və Hüseyn Cavid də repressiyanın güdazına getmişdi.
Cavadı güllələmişdilər, Cavidi isə gedər-gəlməzə (dəhşətli Sibir çöllərinə sürgünə) göndərmişdilər.
Növbə Müşfiqin idi.
Və Müşfiq özü də bunu yaxşı bilirdi.
Gözləyirdi.
1937/38-ci illərdə az-çox milli mövqeyi, türklük düşüncəsi, Azərbaycan təssübkeşliyi olan hər bir ziyalı öz növbəsini gözləyirdi.
Qanlı NKVD-nin qara geyimli xəfiyyələri gecə saatlarında qara maşınlarda gəlib o ziyalıları bir-bir ölümün ağuşuna aparırdılar.
Mikayıl Müşfiqi də 1938-ci il 4 iyununda həmin məşum qara geyimlilər həbs edib aparmışdılar.
Adam nə şeirlərində, nə məqalələrində, nədəki dərs dediyi auditoriyalardakı mühazirələrində sovet rejiminin əleyhinə heç bir tənqidi fikirlər səsləndirmir, bolşevik-sovet rejiminin liderləri olan Lenini, Stalini tənqid hədəfinə çevirmirdi. Yəni ki, Müşfiqi antisovet təbliğatında ittiham etmək mümkün deyildi.
Lakin buna baxmayaraq onu qətlə yetirdilər.
Niyə?
Çünki o, 1918/20-ci illərdə Müsavat ideyalarına rəğbət bəsləmişdi, müstəqil Azərbaycan Cümhuriyyətinin (ADR) qurulmasına ürəkdən sevinmişdi.
Vəssalam, sadəcə, bu amilə görə bu cürə istedadlı qələm adamını aradan götürdülər.
Onun əleyhinə "donos" yazan, mətbuatda "ifşa" xarakterli yazılarla çıxış edən miskin şairlər, tənqidçilər, ədəbiyyatşünaslar da hamısı Stalin-Mircəfər Bağırov rejiminin buyuruq qullarına çevrilmiş manqurtlar idi.
O illərdə mənfur Stalinin xəstə və cılız, qisasçı təfəkküründən doğulan repressiya kampaniyası təkcə Azərbaycanın ziyalı elitasını yox, bütün türk xalqlarının (özbək, qazax, qırğız türklərinin, Krım tatarlarının) düşünən beyinlərini məhv etdi.
Ümumiyyətlə, 20-ci əsr Türk dünyasının ən faciəli əsri hesab olunur. Bu da ilk növbədə türk xalqlarının öz müstəqilliklərini itirməsindən qaynaqlanırdı.
Müstəqil dövləti olmayan, böyük imperiyaların caynaqları altında inləyən xalqların başlarına hər cürə müsibətlərin gəlməsi, repressiya və deportasiyaların baş verməsi təbiidir.
Necə ki, bu gün Güney Azərbaycan türkləri İranın fars-molla rejiminin basqısı altında, uyğur türkləri isə qəddar Çin dövlətinin assimilyasiya siyasəti altında eyni acı aqibəti yaşayır.
Odur ki, qarşıdakı illərdə Türkiyə və Azərbaycan başda olmaqla Türk Dövlətləri Təşkilatı (TDT) bütün türk xalqlarının bağımsızlığına qovuşmaları istiqamətində səylərini artırmalıdır.
Zaman-zaman İran, Rusiya və Çin imperiyalarının sömürgəçiliyinə, repressiyalarına məruz qalan türk xalqlarının indi öz superBirliyini - Turanı qurmaq şansı var. Müstəqillik bax buna görə vacibdir.
P.S.
Müşfiq də qanlı sovet imperiyasının vətəndaşı yox, müstəqil Azərbaycan dövlətinin vətəndaşı olsaydı repressiyaya məruz qalmayacaqdı. Bu həqiqəti güneyli soydaşlarımız da nəzərə almalıdırlar - bu gün İranın qatil molla rejimi tərəfindən edamlara məruz qalan güneyli soydaşlarımızı deyirəm.
P.P.S.
Bəli, müstəqillik ona görə vacibdir ki, Müşfiqlər öldürülməsin!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.