“Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda beynəlxalq konfrans işə başlayıb
İyunun 19-da Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyi və ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda təşkil olunan tədbirdən öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevə həsr olunan sərgi ilə tanış olublar. Daha sonra “Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Ümummilli Liderin təbiət sahəsinin inkişafına hər zaman böyük önəm verdiyini bildirib. Akademik İsa Həbibbəyli qeyd edib ki, bu gün Azərbaycanın bir çox regionlarının dilbər guşələrə çevrilməsinin, yaşıllıq sahələrinin artmasının əsas səbəbi Ulu Öndərin həm Sovet hakimiyyəti illərində, həm də müstəqillik illərində yaşıllaşdırma hərəkatına geniş yer ayırması ilə bağlıdır. AMEA prezidentinin sözlərinə görə, Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş ekoloji qərarlar, qanunlar, sərəncamlar ölkəmizin təbiətinin sağlamlığına yönəlmiş, bu iş ardıcıl, müntəzəm və sistemli şəkildə görüldüyü üçün böyük səmərə vermişdir.
Akademik İsa Həbibbəyli təbiətə yönəlik hər hansı qəsdin Ulu Öndərin böyük etirazına səbəb olduğunu bildirərək Heydər Əliyevin “Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir” ifadəsinin bu fikri bir daha sübut etdiyini bildirib.
1970-ci illərdə molekulyar biologiya istiqamətinin yeni yaranmaqda olduğunu söyləyən AMEA rəhbəri məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda xarici ölkə alimlərinin iştirakı ilə bu istiqamətə həsr olunmuş beynəlxalq konfransın keçirildiyini və respublikamızda molekulyar biologiya istiqamətinin qısa zamanda inkişaf etməyə başladığını deyib.
Alim diqqətə çatdırıb ki, Ümummilli Liderin dünya elminin nailiyyətlərini Azərbaycana gətirmək, Azərbaycanda kənd təsərrüfatı, əkinçilik ənənələrini bərpa etmək istiqamətində atdığı addımlar, verdiyi tapşıqlar bu sahələrin inkişafında mühüm rol oynayıb.
AMEA rəhbəri Akademiya, Elm və Təhsil Nazirliyinin tabeliyində olan müvafiq institutlar və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə hazırlanan “Qırmızı kitab”ın III nəşrinin bu yaxınlarda təqdim edildiyini xatırladaraq, kitabda bir çox nadir, nəsli kəsilmək təhlükəsi altında olan fauna və flora növlərinin öz əksini tapdığını bildirib. Qeyd edib ki, “Heydər Əliyev İli”nə, Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş bu qiymətli elmi əsər onlarla alim və mütəxəssisin gərgin əməyi sayəsində ərsəyə gətirilmişdir.
Çıxışının sonunda akademik İsa Həbibbəyli Ulu Öndərimizin müdrik siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin təbiətə dövlət qayğısını, biomüxtəlifliyin qorunmasını daim diqqət mərkəzində saxladığını söyləyib, dövlət başçısına bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü siyasətə görə Azərbaycan alimləri adından minnətdarlığını bildirib. O, konfransın işinə uğurlar arzu edib.
Konfransda çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib ki, Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycan Respublikasının inkişafı ilə yanaşı, ekoloji vəziyyət, ətraf mühitin mühafizəsinə qayğı ilə yanaşıb. Hələ sovet hakimiyyəti illərində Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə yaşıllaşdırma proqramları həyata keçirilib.
Nazir müavini qeyd edib ki, görkəmli şəxsiyyətin iradəsi ilə 1969-1982-ci illərdə ekologiya, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadəyə dair çox mühum 8 qanun və 32 qərar qəbul olunub. Bəsitçay, Qarayazı, Ağgöl, Hirkan, Abşeron, İsmayıllı və Şirvan Dövlət Təbiət qoruqlarının yaradılması Ulu Öndərin 1969-1982-ci illərdə ölkəyə rəhbərlik etdiyi dövrə təsadüf edir. Eləcə də Zuvand, Daşaltı, Ordubad, Qubadlı, İsmayıllı və Kiçik Qızılağac Dövlət Təbiət yasaqlıqları da həmin dövrdə məhz Ulu Öndərin diqqət və qayğısı ilə yaradılıb.
U.Tağıyeva diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyev müstəqillik dövründə ölkəmizdə flora və faunanın, təbiət abidələrimizin, nadir heyvanlar aləminin qorunması, mühafizə edilməsi istiqamətində konkret dövlət siyasətini müəyyən etmişdir. “Müstəqillik əldə etdikdən sonra Azərbaycanda ilk milli park statuslu qorunan ərazilərin yaradılması təşəbbüsü məhz Ulu Öndərin adı ilə bağlıdır”, - deyən nazir müavini bildirib ki, Akademik Həsən Əliyev adına Zəngəzur, həmçinin Şirvan və Ağgöl milli parkları 2003-cü ildə yaradılıb.
O, bu gün Ümummilli Liderin tövsiyələri rəhbər tutularaq Azərbaycanın zəngin təbiətini, təbii sərvətlərini qorumaq və bərpa etmək üçün vaxtilə başlanılmış işlərin davam etdirildiyini, bu istiqamətdə yeni-yeni layihələrin həyata keçirildiyini söyləyib.
U.Tağıyeva bildirib ki, ekoloji problemlərin həllinə cəmiyyətin, yerli və beynəlxalq təşkilatların diqqəti cəlb olunmaqla dövlətin müəyyənləşdirdiyi ekoloji siyasət reallaşdırılır. 2020-ci ildən etibarən, işğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyətin öyrənilməsi məqsədilə monitorinqlər aparılır, mütəmadi olaraq səfərlər təşkil edilir. Son 3 ildə Qarabağ və Şərqi Zəngəzur ərazisində təbii su hövzələrinə minlərlə çəkikimi və qızılbalıqkimi balıq körpələri buraxılır.
Sonra çıxış edən kənd təsərrüfatı nazirinin müavini, texnika elmləri doktoru, prof. Elçin Zeynalov Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişafında, dövlətçiliyimizin qurulması və möhkəmlənməsində tarixi xidmətlərindən danışıb. Bildirib ki, ölkəmizin stabil və dayanıqlı inkişafının, beynəlxalq təhlükəsizlik sistemində layiqli yer tutmasının əsasında Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən siyasət önəmli rol oynayıb. Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Konfransın mühüm bir mövzuya həsr olunduğunu deyən nazir müavini qeyd edib ki, Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə Azərbaycanın təbiətinin qorunması ilə bağlı gördüyü işlər ölkədə kənd təsərrüfatının sürətli inkişafı üçün baza rolunu oynayıb. Heydər Əliyevin ölkəmizə rəhbərliyinin ilk dövründə Azərbaycan təbiətinin qorunması, torpaq resurslarından səmərəli istifadə istiqamətində mühüm qərarlara imza atılıb. Ulu Öndərin torpaqların erroziyadan qorunması ilə bağlı gördüyü işlər Azərbaycanın əkin balansına yeni torpaq sahələri qazandırıb.
Vurğulanıb ki, Ümummilli Liderin Azərbaycan təbiətinə münasibəti həm də su resurslarının qorunması və səmərəli istifadəsində öz əksini tapır. Su təchizatı ilə bağlı atılan mühüm addımlar, su anbarlarının, dəryaçaların tikintisi, su elektrik stansiyalarının inşası, müasir su qurğularının yaradılması, yeni kəmərlərin çəkilməsi əkin sahələrinin təsərrüfat suyu ilə təmin olunmasına müsbət təsir göstərib. Həmçinin Meşə Fondunun qorunub saxlanması, yeni meşə zolaqlarının salınması, park və yaşıllıqların artırılması Ulu Öndərin təbiətə münasibətdə yürütdüyü siyasətin tərkib hissəsi olub.
Elçin Zeynalovun sözlərinə görə, təkcə 1969-1982-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə ölkədə 51 min hektar sahədə meşə zolağı salınıb. Bu proses müstəqillik dövründə də davam etdirilib, ölkə üzrə milyonlarla ağaclar əkilib, yaşıllaşdırma tədbirləri aparılıb. Bu siyasət ekoloji tarazlığın bərpasına, ekologiyanın qorunmasına hesablanmış kompleks fəaliyyət idi.
Nazir müavini qeyd edib ki, Ulu Öndərin təbiətə münasibəti iqtisadi və sosial əsaslı bir münasibət olub. Melorativ tədbirlər yeni əkin sahələrinin formalaşmasına, əkin sahələrinin təsərrüfat suyu ilə təmin olunmasına, torpağın strukturunun yaxşılaşmasına səbəb olan addımlar idi. On illər öncə başlanan bu siyasət nəticəsində kənd təsərrüfatının qeyri-neft sektorunun aparıcı sahəsinə çevrilməsi üçün baza yaranıb. Bu gün Azərbaycanın kənd təsərrüfatı torpaq, su kimi önəmli resurslar üzərində inkişaf edir.
“Əminəm ki, konfransda müzakirə olunacaq əsas elmi istiqamətlər həm Heydər Əliyev irsinin dərindən öyrənilməsində, həm də təbiətə münasibətimizin günün çağırışlarına uyğun formalaşmasında mühüm rol oynayacaq”, - deyə Elçin Zeynalov bildirib.
Tədbirdə Elm və Təhsil Nazirliyinin nümayəndəsi Samir Həmidov, Bakı Dövlət Universitetinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, Vəhşi Təbiəti Mühafizə Fondunun Azərbaycan ofisinin rəhbəri Elşad Əsgərov, Kembric şəhərində yerləşən Tibbi Tədqiqatlar Şurasının Molekulyar Biologiya İnstitutunun Hesablama struktur biologiyası qrupunun rəhbəri, ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının müdiri, professor Qərib Mürşüdov çıxış edərək Azərbaycanın elm və təhsil ictimaiyyətinin ətraf mühitin qorunması, ekoloji və bioloji təhlükəsizliyin təmin edilməsi də daxil olmaqla bütün istiqamətlərdə Ümummilli Liderin əsasını qoyduğu və cənab Prezidentin uğurla davam və inkişaf etdirdiyi siyasi kursu tam dəstəklədiklərini bildiriblər. Çıxış edənlər konfransın yekununda əldə olunan nəticələrin, qəbul olunan qərarların Azərbaycanda təbiət elminin inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə ediblər.
Daha sonda çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova ölkəmizdə molekulyar biologiya elminin inkişafı istiqamətində görülən işlərdən danışıb. O, Ulu Öndərin rəhbərliyi dövründə gənc kadrların bu istiqamətdə təhsil almaq üçün dünyanın aparıcı universitetlərinə göndərildiyini xatırladıb. Akademik İradə Hüseynova bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin molekulyar biologiya sahəsi üzrə dövlət proqramları qəbul etdiyini, bu istiqamətdə artıq bakalavr hazırlığının həyata keçirildiyini vurğulayıb.
AMEA-nın vitse-prezidenti Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun 14 məzununun hazırda fəaliyyətlərini dünyanın aparıcı elmi müəssisələrində davam etdirdiklərini qeyd edib.
Akademik İradə Hüseynova Ulu Öndərin qətiyyəti və uzaqgörənliyi sayəsində təbiətin mühafizəsi istiqamətində görülmüş işlər barədə də məlumat verib, 1969-cu ildə Heydər Əliyevin sərəncamı ilə milli parka çevrilmiş Şirvan qoruğu, 1978-ci ildə Ağ göl, 1981-ci ildə İsmayıllı qoruqları, 1974-cü ildə Bəsitçay qoruğunun yaradıldığını diqqətə çatdırıb.
Vitse-prezidentin sözlərinə görə, Azərbaycan müstəqillik qazandıqdan sonra da ətraf mühitin və ekologiyanın mühafizəsi sahəsində dövlət siyasətinin əsası məhz Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə formalaşmağa başlamış, 1993-cü ilin ikinci yarısından Bakı və Abşeronun yaşıllaşdırılmasına, pozulmuş ekoloji tarazlığın bərpasına, təbiətə vurulmuş zərərin aradan qaldırılmasına daha böyük əzmkarlıqla başlanılmış, 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. Alim, həmçinin Azərbaycanın flora və faunasının zəngin genefondunun mühafizəsi üçün “Qırmızı kitab”ın təsis edilməsi haqqında ilk hökumət qərarının qəbul olunmasının da məhz Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf etdiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının ətraf mühit və biomüxtəlifliklə bağlı çoxsaylı beynəlxalq konvensiyalara qoşulduğunu xatırladan akademik İradə Hüseynova biomüxtəlifliyin, nadir və təhlükədə olan növlərin mühafizəsi və bərpasının Azərbaycanda dövlətin ekoloji siyasətinin mühüm istiqamətlərindən olduğunu vurğulayıb. O, Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi tərəfindən respublikamızda nadir və həssas növlərin bərpası məqsədilə əhəmiyyətli layihələrin həyata keçirildiyini bildirib.
Daha sonra Azərbaycan Respublikası “Qırmızı kitab”ının III nəşrinin hazırlanmasında xüsusi fərqlənmiş şəxslər təltif olunublar.
Konfrans işini bölmə iclasları ilə davam etdirib. İclaslarda mövzu ətrafında məruzələr dinlənilib, müzakirələr aparılıb.
Beynəlxalq tədbir işini iyunun 20-də başa çatdıracaq.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.