“Heydər Əliyevin dövlətçilik idealları və müasir gənclik” mövzusunda respublika konfransının açılışı olub
İyunun 22-də AMEA-nın Əsas binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin dövlətçilik idealları və müasir gənclik” mövzusunda respublika konfransının açılışı baş tutub.
4 gün davam edəcək konfrans Azərbaycan Milli Elmlər Akademiyası, AMEA-nın Gəncə Bölməsi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilir.
Tədbirdən öncə konfrans iştirakçıları Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər. Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransı giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Ulu Öndər Heydər Əliyevin daim Azərbaycan gəncliyinə xüsusi diqqət yetirdiyini, onların ali təhsilli, vətənpərvər ruhda, milli kimliklərinin və şəxsiyyətlərinin azərbaycançılıq ideyası işığında formalaşmasına önəm verdiyini bildirib. Qeyd edib ki, Heydər Əliyevin zəngin həyatının, çoxcəhətli fəaliyyətinin, ideallarının mərkəzində Azərbaycanın dövlətin müstəqilliyinin əbədi qorunub saxlanması, inkişaf etdirilməsi dayanırdı və bu siyasətin içərisində daim gənclərə xüsusi önəm verirdi.
Ümummilli Liderin Azərbaycanın gələcəyini gənclərdə gördüyünü, gənclərin irəli vəzifələrə çəkilməsinə dəstək verdiyini deyən akademik İsa Həbibbəyli Ulu Öndərin sovet hakimiyyəti illərində ölkəmizə rəhbərlik edərkən 15 mindən çox azərbaycanlı tələbəni SSRİ-nin 170-dən artıq ali təhsil müəssisəsinə oxumağa göndərdiyini, təhsil aldıqları müddətdə belə onlara qayğı göstərdiyini söyləyib: “Həmin gənclər nüfuzlu təhsil ocaqlarında peşəkar mütəxəssis kimi yetişərək ölkəmizə qayıtdılar və sonralar Azərbaycanın inkişafına öz töhfələrini verdilər. Ulu Öndər müstəqillik illərində də gənclərə olan diqqətini davam etdirdi və 26 iyul 1994-cü ildə Gənclər və İdman Nazirliyini yaratdı. 1996-cı il fevralın 2-də isə Azərbaycan Gənclərinin I Forumu keçirildi”.
Prezident İlham Əliyevin Ulu Öndərin gənclər siyasətini uğurla davam etdirdiyini bildirən AMEA rəhbəri dövlət başçısı tərəfindən 2005-2009, 2011-2015 və 2017-2021-ci illəri əhatə edən Azərbaycan gəncliyi Dövlət proqramlarının qəbul olunduğunu və uğurla yerinə yetirildiyini, 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın, həmçinin Gənclər və İdman Nazirliyinin “İlin gənci” mükafatının təsis edildiyini, hər iki mükafatı alanlar sırasında AMEA-nın gənc əməkdaşlarının da olduğunu diqqətə çatdırıb. Həmçinin “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın qəbul edildiyini, dünya təcrübəsini mənimsəyən, Azərbaycanın müstəqillik dövrü yeni, gənc vətənpərvər nəslin formalaşdırıldığını bildirib. Vurğulayıb ki, həmin vətənpərvər nəsil Ali Baş Komandanın liderliyində 44 günlük Vətən müharibəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsində mühüm rol oynayıblar.
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyətinə də toxunan akademik İsa Həbibbəyli şuranın xətti ilə gənclərin xarici elm mərkəzlərinə təcrübə keçməyə göndərildiklərini, “Gənc tədqiqatçı” jurnalının dövriliyinin il ərzində 4-ə yüksəldildiyini (bir buraxışı ingiliscə olmaqla) diqqətə çatdırıb, konfransın işinə uğurlar arzulayıb.
Sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev “Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin konseptual əsasları və hədəfləri” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, müasir dövrdə gənc nəslin potensial imkanlarının açılması, təzahür etməsi, ictimai önəminin ifadəsi və ümumiyyətlə gənclərin bir şəxsiyyət kimi formalaşmasında elmin və təhsilin yeri böyükdür. Onun sözlərinə görə, Azərbaycan gəncliyinin rifah dolu gələcəyinin təmin edilməsi, gənclərimizin istedadının, potensial imkanlarının aşkarlanması və tətbiqi sahələrinin genişləndirilməsi, onların bir fərd kimi, bir şəxsiyyət kimi formalaşması üçün lazım olan şəraitin yaradılması Heydər Əliyevin idarəçilik siyasətinin prioritet istiqaməti idi.
“Dahi lider müstəqil Azərbaycana rəhbərliyinin ilk günlərindən milləti dirçəltmənin əsas çarəsinin gənclikdə və gənc ideyalarda olduğunu görürdü. Gənclərə diqqət və qayğının daha artırılması məqsədilə Heydər Əliyevin 1997-ci il tarixli Sərəncamı ilə 2 fevral “Gənclər günü” kimi qeyd olunmağa başlandı. Ulu Öndər Heydər Əliyev gənclərlə görüşündə Azərbaycanda təhsil sisteminin mövcud vəziyyətinə də toxunaraq, gənclərin yüksək səviyyəli təhsil almasının dövlətin birinci dərəcəli vəzifəsi olduğunu, gəncləri milli-mənəvi dəyərlərimizi, tarixi ənənələrimizi mənimsəməyə, eyni zamanda milli məhdudluğa qapanmamağa, ümumbəşəri dəyərləri mənimsəməyə çağırırdı”, - deyə məruzəçi bildirib.
Konfransda, həmçinin AR Elm və Təhsil Nazirliyinin Mexanika və Riyaziyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxış edərək Ulu Öndər Heydər Əliyevin daim öz uzaqgörənliyi ilə zamanı qabaqladığını, hakimiyyətdə olduğu illərdə peşəkarcasına ölkəmizi idarə etdiyini bildirib. Qeyd edib ki, Heydər Əliyevin Azərbaycana, xalqımıza ən böyük töhfəsi ölkəmizə uğurla rəhbərlik edən, dünya liderləri sırasında adı çəkilən Prezident İlham Əliyevi yetişdirməsi olub.
AR Milli Məclisinin deputatı Səbinə Xasayeva isə çıxışında Ulu Öndərin Azərbaycan gəncliyinin qorunması istiqamətində önəmli addımlar atdığını, gənclərə xüsusi qayğı göstərdiyini deyib. Bildirib ki, hələ sovet hakimiyyəti illərində Ümummilli Lider mühüm tədbirlərdə ana dilimizdə çıxış edərək Azərbaycana olan sevgisini göstərirdi və xalqımızda xoşbəxt gələcəyə inam oyatmışdı.
Sonra çıxış edən şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun qızı, Azərbaycan Tibb Universitetinin tələbəsi Aybəniz Həşimova Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Onun sözlərinə görə, gənc vətənpərvər nəslin yetişdirilməsi siyasətinin nəticəsini xalqımız 44 günlük Vətən müharibəsində gördü və torpaqlarımız düşmən işğalından azad edildi.
Vətən müharibəsi qazisi, gizir Elnur Məmmədov isə çıxışında Azərbaycan gəncliyinin hər zaman dövlətinin keşiyində durduğunu, vətəni uğrunda canından keçməyə hazır olduğunu söyləyib.
Tədbirdə akademik İsa Həbibbəyli Milli Məclisinin deputatı Səbinə Xasayevaya və Milli Qəhrəman Polad Həşimovun qızı Aybəniz Həşimovaya yeni çapdan çıxmış Azərbaycanın “Qırmızı kitab”ının III nəşrini bağışlayıb.
Daha sonra bir sıra institutların Gənc Alim və Mütəxəssislər şuralarının sədrlərinə mükafatlar təqdim olunub.
Sonda çıxış edən İsa Həbibbəyli Heydər Əliyevin zəngin ideyalarının bu gün də yaşadığını, ölkə başçısının gənc nəslin ali təhsilli, ixtisaslı, vətənpərvər ruhda yetişməsi istiqamətində siyasətini uğurla davam etdirdiyini bildirib. Vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın elm, təhsil, mədəniyyət və incəsənət sahəsində həyata keçirdiyi tədbirlər Azərbaycan gəncliyinin inkişafına dövlət səviyyəsində dəstəyin ifadəsinin parlaq təzahürüdür.
Qeyd edək ki, konfrans öz işini bölmə iclasları ilə davam etdirib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.