Bəybala Mirzəyev:
"Ruslar bizi öz mədəniyyətlərinin içində əritmək üçün əllərindən gələni edəcəklər..."
Ədəbiyyat mənim sahəm olmadığına görə ədəbi mövzular, yazarlar və şairlər barədə fikir bildirməkdən uzağam (hərçənd ki, ədəbi prosesləri daim izləyirəm).
Amma bu gün 95 yaşında vəfat edən məşhur çex-fransız yazıçısı və tərcüməçisi Milan Kunderanın tarix, mədəni tarix, geosiyasət, Qərb sivilizasiyası, rus sivilizasiyası, Stalin rejiminin qeyri-rus xalqları əritmə siyasəti, inqilab, radikal ideoloji cərəyanlar, tolerantlıq, totalitarizm və s. kimi dərin və önəmli məsələlərlə bağlı fikirləri ilə tanış olmaq hamı kimi biz azərbaycanlılar üçün də faydalıdır. Təəssüf ki, bəzi müəlliflər istisna olmaqla bizim yazarlarımızın mütləq əksəriyyəti nə əsərlərində, nədəki müsahibələrində bu cür fundamental, ümumbəşəri məsələlərə toxunmurlar. Çünki ədəbi mühitimiz çoxdan elzalaşıb.
Fürsətdən istifadə edib M. Kunderanın ən maraqlı müsahibələrindən birindən bəzi fraqmentləri diqqətinizə təqdim edirəm.
Bu müsahibə 1980-ci ildə amerikalı yazıçı-novellist Filip Rotun Milan Kundera ilə onun "Gülüş və Unutma" kitabının tərcümə edilmiş əlyazmasını oxuduqdan sonra etdiyi iki görüş-söhbətin əsasında dərc olunub. Görüşlərdən biri Londonda, ikincisi isə yazıçının ABŞ-a ilk səfəri zamanı baş tutub. İki ünlü yazarın bu söhbət-müsahibəsi həmin vaxt dünyada böyük rezonans doğurmuşdu.
Müsahibədən parçalar:
Milan Kundera:
- İndi kimsə desə ki, “bir gün xalqınız yer üzündən silinəcək” - bunu axmaqlıq kimi qəbul edərəm. 1968-ci ildə Rusiya istilasından sonra hər bir çex vətəndaşı düşünürdü ki, ölkə Avropa xəritəsindən silinəcək. Necə ki, son beş ildə 40 milyondan çox ukraynalı dünyanın gözü qarşısında tarixə qovuşmuşdu. Ya da litvalılar. 17-ci əsrdə litvalılar güclü xalq idi. Bugünsə ruslar litvalılara başıpozuq qəbilələr kimi diktə edirlər. Onların turistlərə özləri haqda məlumat verməyinə belə qadağa qoyulub. Bilmirəm, gələcəkdə xalqımın başına nə gələcək. Əminəm ki, ruslar bizi öz mədəniyyətlərinin içində əritmək üçün əllərindən gələni edəcəklər. Hazırda Avropa da bir tükdən asılıdır və ölümə məhkumdur.
Filip Rot:
- Sizcə, Şərqi Avropa ilə Qərbi Avropanın taleyi eynidir?
Milan Kundera:
- Mədəni tarixə baxılsa, Şərqi Avropa elə Rusiyadır ki, öz lövbərini bərk-bərk Bizans torpaqlarına sancıb. Bohemiya, Polşa, Macarıstan da Avstriya kimi heç vaxt Şərqi Avropa olmayacaq. Ta əvvəldən onlar Qərb sivilizasiyasının bir hissəsi olublar. Beşiyi bu bölgədə olan Qotika, Renessans, Reformasiya kimi hərəkatlarla. Çağdaş kültürün ən böyük cərəyanları – psixoanaliz, strukturalizm, dodekafoniya, Bartok musiqisi, Kafka və Muzilin yeni estetik romançılığı məhz burda – Mərkəzi Avropada yaranıb. Müharibədən sonra rus sivilizasiyasının Mərkəzi Avropanı (ən azı, böyük bir hissəsini) caynağına ki aldı, Qərb sivilizasiyası öz cazibəsini itirdi. Bu, XX əsrdə Qərb tarixi üçün ən önəmli hadisə idi.
Filip Rot:
- “Praqa baharı” zamanı sizin “Zarafat” romanınız və “Gülməli əhvalat” hekayələr toplunuz 150 min tirajla çap olunmuşdu. Rusiyanın təcavüzündən sonra kino akademiyasından çıxdınız. Kitablarınız hər yerdən yığışdırıldı. Yeddi ildən sonra həyat yoldaşınızla birgə Fransaya yollandınız və çox oxunan xarici yazıçılardan birinə çevrildiniz. Mühacir olmaq necə hissdir?
Milan Kundera:
- Yazıçı üçün bir neçə ölkədə yaşamaq təcrübəsi əvəzsiz nemətdir. Dünyanı bir neçə istiqamətdən dərk etmək şansın olur. Fransada çıxan sonuncu kitabımda xüsusi coğrafi məkandan bəhs etmişəm: Praqada baş verənlər Qərbi avropalının, Fransada baş verənlər isə praqalı birinin gözündə canlanır. Bu, iki dünyanın qovuşmasıdır. Bir tərəf mənim ana vətənimdir: demokratiya, faşizm, inqilab, dağıdıcı Stalinizm, alman və rus işğalı, kütləvi deportasiya, Qərbin öz yuvasında boğulması... Digər tərəfsə Fransadır: əsrlərdir ki, bu ölkə dünyanın mərkəzidir, bugünsə radikal ideoloji cərəyanlar burda at oynadır. Artıq lirika və həssaslıqla gözlədiyimiz böyük qəhrəmanlıqlar baş vermir və bir də baş verməyəcək...
Filip Rot:
- Əsərlərinizin birində Stalinist terror erasını cəllad və şair hökmranlığı kimi dəyərləndirmişdiniz.
Milan Kundera:
- Totalitarizm təkcə cəhənnəm deyil, həm də cənnəti xəyal etməkdir – qocaman dünya səhnəsində hər kəs harmoniya içində, iradə və inancları eyni şəkildə, bir-birlərindən heç nə gizlətmədən yaşayırlar. Andre Breton da bu cənnəti arzulayırdı, şüşədən evdə yaşamaq istəyirdi. Əgər totalitarizm bizim içimizdə və bütün dinlərdə kök atan arxetiplərdən faydalanmasaydı, əvvəldən ətrafına bu qədər insan cəlb edə bilməzdi. Cənnət arzusu reallaşsa, nə olur-olsun, insanlar burda ya da orda, fərqi yoxdur, yollarına çıxan hamını öldürərlər və cənnət hakimləri Edendə də “Qulaq düşərgələri” yaratmağa məcbur olarlar. Zamanla “Qulaq düşərgələri” böyüyər, möhkəmlənər, cənnəti də çərçivələyər.
Müharibədən sonra Pol Elüar sürrealizmi tərk etdi və mənim “totalitarizm poeziyası” adlandırdığım xəttin aparıcı nümayəndəsinə çevrildi. O, qardaşlıq, sülh, ədalət, daha gözəl sabahlar, yoldaşlıq, əmin-amanlıq üçün oxuyurdu, ayrı-seçkiliyə və həyasızlığa qarşı fikirlər səsləndirirdi.
1950-ci ildə həmin o cənnət hakimləri Elüarın praqalı dostu sürrealist Zavis Kalandranı həbs etdilər. Elüar da suprapersonal idealları uğrunda bütün dostluq hisslərini ört-basdır etdi və ictimaiyyətə dostu haqqında çıxarılmış edam qərarıyla razılaşdığını dedi.
Və şair mahnı oxuya-oxuya başından oldu. Onu edam etdilər. Amma təkcə şairi yox. Stalin terrorunun bütün periodları kollektivizmin lirik sayıqlamaları idi. Bu, indiyə qədər tamam unudulmuşdu, amma mövzunun düyün nöqtəsi də elə budur. İnsanlar “inqilab gözəldir” deməyi xoşlayır. Amma elə deyil. Bu sadəcə şərdən qaynaqlanan terrordur. Şər onsuz da həmişə gözəlliklərin içində mövcuddur, cəhənnəm həmişə cənnət xülyalarının içindədir. Biz cəhənnəmin nə olduğunu bilmək istəyiriksə, öncə cənnətin nədən yarandığına baxmalıyıq. “Qulaq düşərgələri”ni qınamaq çox asandır, o düşərgələri himayə edən totalitarizm poeziyasına qarşı çıxmaq isə həmişə çətin olub. Bugünsə bütün dünya əhalisi bu düşərgə ideyalarını rədd edir. Lakin hələ də insanlar totalitar poeziyanın hipnozundan tam çıxa bilmirlər; Kalandranın tüstüsü krematoriya bacalarından göyə yüksələrkən, onlar Elüarın böyük lira mələyi kimi Praqa üzərində süzərək zümzümə etdiyi mahnıları yenidən yazırlar və yeni düşərgələrə doğru sürətlə irəliləyirlər...
Hansısa böyük güclər xırda ölkənin milli şüurunu məhv etməyə çalışanda planlı şəkildə unutqanlıqdan istifadə edir. Hal-hazırda Bohemiyada baş verən də elə budur. Çağdaş Çex ədəbiyyatına indi heç bir dəyər verilmir – 12 ildir ki, heç nə çap edilmir. Çoxdan ölmüş Frans Kafka daxil olmaqla, 200 çex yazıçısının əsərləri qadağan olunub. 145 çex tarixçisi işindən uzalaşdırılıb. Tarixi yenidən yazırlar, abidələri uçururlar. Tarixi özünüdərkini itirən bir millət az sonra özünü də itirəcək. Beləcə, siyasi situasiya unutqanlığı, - bəsit metafizik problemi hər gün bu cür üzümüzə vurur. Və biz bunun qətiyyən fərqində deyilik. Siyasət şəxsi həyatın pərdələrini yırtır, şəxsi həyat da siyasətin maskalarını çıxarır...
Totalitarizm insanları yaddaşından məhrum edir və yeni bilgilər diktə edir, bir növ, yeni yaddaş yazır. Bütün totalitar sistemlər bunu edir. Və bəlkə, indiki texnika dövrü də gələcək kultu ilə, keçmişə laqeydliyi ilə və şübhəli düşüncəsi ilə buna təkan verir.
Xalqımın məhv olub-olmayacağını bilmirəm, obrazlarımı düzgün seçdiyimə də əmin deyiləm. Mən əhvalatlar uydururam, onları qarşılaşdırıram, bu da o deməkdir ki, suallar verirəm...
(Tərcümə: Mənsut Matt və Malik Atilay)
P.S. Milan Kunderanın 43 il öncə səsləndirdiyi bu fikirlər bu gün də dünyanın əksər ölkələri, xalqları üçün, o cümlədən Azərbaycan üçün də aktualdır. Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə də bu həqiqəti təsdiqləyir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.