Bəybala Mirzəyev:
Təbrizdə böyüyən Babək xalqımızın bağrından qopmuş bir şəxs idi...
Hörmətli Fazil Mustafa deyir ki, "Babək sovet dövrünün formalaşdırdığı qəhrəman obrazıdır. Azərbaycan xalqı ilə o qədər də əlaqəsi olmayan bir qəhrəmandır. Bu tarixə baxış fərqliliyindən doğan məsələdir. Kimsə onu qəhrəman saya bilər, amma mən bu obraza ümumiyyətlə Azərbaycan tarixində müsbət obraz kimi yanaşmıram”.
Sözsüz ki, bu yanaşma qeyri-obyektiv yanaşmadır. Daha doğrusu, tarixə qeyri-tarixçi yanaşmasıdır.
Birincisi, Babək sovet dövrünün formalaşdırdığı qəhrəman obrazı deyil. Çünki Güney Azərbaycan türkləri də Babəki tarixi qəhrəman hesab edirlər. Güneylilər isə heç vaxt sovet vətəndaşı olmayıblar.
İkincisi, Babəkin haqqında sovet dövründən əvvəlki mənbələrdə də çoxlu məlumatlara rast gəlmək mümkündür. Sadəcə olaraq Azərbaycanda müasir tarixşünaslıq elminin akademik inkişafı sovet dövrünə təsadüf etdiyinə görə, bu baxımdan Babəklə bağlı elmi tədqiqatların çoxluq təşkil etməsi də tamamilə anlaşılandır.
Əgər Cümhuriyyətimiz 1920-ci ildə bolşeviklər tərəfindən süquta uğradılmasaydı və Azərbaycan müstəqil dövlət kimi inkişaf etsəydi, sözsüz ki, milli tarixşünaslığımız yenə də inkişaf edəcək və Babək ilə bağlı elmi araşdırmaların sayı da sovetlərin vaxtında olduğu kimi yenə çox olacaqdı. Odur ki, Babək haqqında elmi tədqiqatların sovet dövründə çoxluq təşkil etməsi daha çox texniki məsələdir. Bunu Babəkin məhz sovet dövrünün formalaşdırdığı qəhrəman obrazı kimi təqdim etmək düz deyil. Tarix məntiqi, tarix ağlı bu cür subyektiv şərhləri, yanaşmaları qəbul etmir.
O ki qaldı "Babəkin Azərbaycan xalqı ilə o qədər də əlaqəsi olmayan bir qəhrəman" olması məsələsinə, bu da yanlış fikirdir.
Maraqlıdır, hətta Babəkə nifrət yağdıran ərəb tarixi qaynaqları da Bilalabadda (Güney Azərbaycan) doğulan, Təbrizdə sənətkarlıq öyrənən Babəkin məhz Azərbaycandan olduğunu qeyd edir, ancaq bizim bəzi müəlliflərimiz isə israrla Babəki özgələşdirməkdən əl çəkmək istəmir.
Fakt budur ki, heç bir tarixi mənbədə, ərəb və Qərb qaynaqlarında Babək fars mənşəli bir şəxs kimi təqdim olunmur. Yalnız bəzi fars tarixçiləri və yazarları Babəki qəsdən fars kimi qələmə verməyə çalışıblar. Onların məqsədi isə Babəkin ərəblərə qarşı mübarizəsini onun guya qədim fars dövlətçiliyini (Əhəmənilər, Sasanilər) dirçəltmək istəyi ilə əlaqələndirməkdir. Bu da panfarsistlərin, paniranistlərin sərsəm iddiasıdır. Biz belə cəfəng iddialara aldanmamalıyıq.
Hə, onun atəşpərəst kimi, zərdüşti kimi, xürrəmi kimi təqdim edildiyi qaynaqlar çoxdur. Ancaq atəşpərəstlərin hamısı fars mənşəli deyildi ki. İslamdan öncəki dönəmlərdə Xristian dinini qəbul edən və ya Tenqriçi inancını davam etdirən azərbaycanlılar çox olduğu kimi, Azərbaycan türklərinin mühüm bir qismi də məhz zərdüştilik inancına bağlı idi.
Hələ Zərdüştün özünün də fars deyil, azərbaycanlı (türk) olduğu versiyasını əsas kimi götürsək, onda Babəkin zərdüştiliyə bağlılığı, xürrəmi etiqadlı olması onun fars yox, türk olduğu ehtimalını daha da gücləndirir.
Birdəki, "Babəkin Azərbaycan xalqı ilə o qədər də əlaqəsi olmayan bir qəhrəman" olması iddiasını darmadağın edən danılmaz faktlardan biri də budur ki, Güney Azərbaycan türkləri məhz İranın fars-molla rejiminin acığına hər il Babəkin əsas oylağına - tarixi Bəzz qalasına anım və sayğı yürüşü təşkil edirlər. Bu yürüşlər isə öz növbəsində molla rejimini ciddi şəkildə narahat edən əsas məsələlərdən biridir. Çünki mollalar Bəzz qalasına yürüşlərin güneylilərin milli şüurunun oyanmasına dərin təsirini hiss edirlər.
Babək artıq Bütöv Azərbaycançılığın simvollarından birinə çevrilib. Belə bir halda biz Babəkin "Azərbaycan xalqı ilə o qədər də əlaqəsi olmayan bir qəhrəman" olduğunu necə iddia edə bilərik? Bu nə dərəcədə obyektiv, realist və məntiqli yanaşmadır?
P.S.
Təbrizdə böyüyən Babək bu xalqın bağrından qopmuş bir şəxs idi. Babəki tariximizdən zorla qoparıb atmaq cəhdləri Don Kixotun yel dəyirmanı ilə boşuna savaşına bənzəyir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.