Bəybala Mirzəyev:
Avropalılar dəyişsə də, “Quran”a münasibət dəyişmir. Səbəb?
İki gün öncə İsraildən olan tanınmış ilahiyyatçı-politoloq Mixail Finkelin sosial şəbəkədə olduqca maraqlı bir paylaşımına rast gəldim. Yəhudi dostumuz sözügedən paylaşımında orta əsrlərdəki inanclı (dindar) Avropa ilə günümüzün inancsız (ateist) Avropası arasında paralel aparmışdı. Və bu müqayisənin sonunda düşündürücü bir nəticəyə gəlmişdi.
M.Finkelin tarixdəki (inanclı) Avropa ilə bağlı fikirləri xüsusilə maraqlı və həm də paradoksal idi. O, tamamilə haqlı olaraq qeyd etmişdi ki, Avropanın allahı, tanrısı olanda bu qitə, bu sivilizasiya heç də mərhəmətli, humanist olmayıb. Bəli, həmin vaxt kilsənin cəmiyyətdə rolu, nüfuzu və səlahiyyəti çox güclü idi, lakin buna rəğmən avropalıların davranışında mərhəmət və şəfqət gözə dəymirdi. Əksinə, hamının hamıya qarşı savaşı, təqibləri, qırğınları baş alıb gedirdi, qan su yerinə axırdı.
Ancaq indi xristian tanrısı avropalıların əksəriyyəti üçün ölüb. Kilsələr boşdur və inanc yoxdur. İndi Avropada inancsızlar (ateistlər) çoxluq təşkil edir və onların sayı getdikcə daha da artır. Lakin buna rəğmən Avropanın İslama, “Quran”a, müsəlmanlara qarşı əvvəlki münasibəti yenə də dəyişməz olaraq qalır.
Dünən “Quran”ı əsas təhlükə mənbəyi kimi görən və müsəlman ölkələrinə qarşı dağıdıcı Səlib yürüşləri təşkil edən inanclı Avropanın bugünkü davamı olan inancsız Avropa da “Quran”ı Qərb sivilizasiyası üçün təhlükəli hesab edir və onu yandırır.
Bu, həqiqətən də paradoksal haldır. Ortada dərin bir təzad var.
Yaxşı, qatı dindarlıq dönəminin, Katolik kilsəsinin və Roma papalarının qılıncının dalının da, qabağının da kəsdiyi orta əsrlər Avropasının müsəlman düşmənçiliyini haradasa başa düşürük. Bəs, özünü dini buxovlardan tamamilə azad etmiş çağdaş Avropa nə üçün müsəlmanlara və onların əsas kitabına qarşı eynilə dindar Avropa kimi aqressiv və dözümsüz yanaşır?
Əslində burada təəccüblü heçnə yoxdur. Çünki dünənki avropalılar “Quran”ı xristianlığın düşməni hesab edirdilərsə, bugünkü avropalılar da bu kitabı ateizmin, eynicinslilərlə nikahın, vətəndaş nikahının, insan azadlığının, abortun, evtanaziyanın, intiharın, narkotiklərin, qlobalizmin və liberalizmin düşməni hesab edirlər.
Bir sözlə, “Quran”ın önəm verdiyi dəyərlər indiki avropalıların dəyərləri ilə qətiyyən üst-üstə düşmür. Ona görə də “Quran”ı bütün Avropa paytaxtlarında qadağan etdirmək, yasaqlamaq istəyirlər. Buna nail olmağın ən səmərəli, tez effekt verən üsulunu “Quran”ı yandırmaqda görürlər. Yandırıb da bu yolla bütün diqqətləri öz üzərlərinə çəkmək istəyirlər.
Onlar bu yolla öz hökumətlərini fakt qarşısında qoymağa və yaxud, öz hökumətlərinə təzyiq göstərməyə çalışırlar. Və həm də müsəlmanları qarşılıq verməyə, konfliktə təhrik edirlər. Beləliklə də, Fukuyamanın məşhur tezisində yer alan proqnozu gerçəkləşdirmək, sivilizasiyaları toqquşdurmaq istəyirlər.
Bəs, onlar bu məqsədlərinə nail ola biləcəklərmi?
Avropada müdrik siyasətçilər və ictimai xadimlər bu məsələdə fəal mövqe nümayiş etdirməsələr, şübhəsiz ki, Avropa-müsəlman (Qərb-Şərq) qarşıdurması get-gedə real prosesə çevrilə bilər. Lakin Danimarkanın XİN rəhbəri Lars Løkke Rasmussenin “Quran”ın yandırılmasına görə müsəlmanlardan üzr istəməsi və onun gələcəkdə bu kimi halların qarşısının alınmasına imkan verən qanun layihəsinin hazırlanmaqda olduğunu bəyan etməsi kövrək ümid üçün az da olsa əl yeri qoyur.
P.S.
Birdəki, Avropa ölkələri qitənin mənəvi-siyasi liderliyini islamofobiyanın, Səlibçiliyin tarixi mərkəzi sayılan Fransadan almağı bacarsalar, bu da avropalıların İslama və müsəlmanlara münasibətində, “Quran”a yanaşmasında müəyyən müsbət dəyişikliklərin baş verməsinə gətirib çıxara bilər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.