İttifaq Mirzəbəyli:
Mətbuat da hansısa bir dağ kimidir, İlqar Həsənov...
Bilirsən bu fikir hardan ağlıma gəldi? Sənin haqqında sonuncu yazını (İraq olsun!) qələmə almaq istəyəndə ( sənin ad günlərində on il ardıcıl olaraq nə isə yazan mərhum qardaşımız Məmməd Nazimoğlu rəhmətə gedəndə razılaşmışdıq ki, həmin yazıları növbəti on ildə İttifaq Mirzəbəyli davam etdirsin. Razılaşdıq, yazdım və dünən məlum oldu ki, Məmmədin vəfatından artıq 15 il keçir, Mirzəbəyli isə hələ də yazır. Yəni, kifayətdir. Yetər!) Jurnalistikamız haqqında xəyalən qurduğum bir piramidanı hansısa dağla müqayisə etmək istədim. Niyə?
Çünki dağın önü tarlalar, əkin-biçin yerləri, yalı otlaqlar, yaylaqlar, yamacı meşələr, bir az yuxarısı alp çəmənlikləri, sonra qayalıqlar, daha sonra daş-çınqıl, ovulan süxurlar, lap yuxarıda isə küləklərin, tufanların min illər boyu sındıra bilmədiyi əlçatmaz zirvələrdir. ( Milli mətbuatımızdakı zirvələrin cəmi 150 yaşı olsa da...). Mən hələ canavarlar ulaşan dərələri, daşqınlar törədən, evlər yıxan çayları, dağ "anadan olandan bəri" yaxasından axıb gələn, hərənin bir ovuc da olsa içmək istədiyi bulaqları, zirvələrdən əskik olmayan qarı, buzu, gündə bir istiqamətə gedən buludu, dumanı, çəni demirəm... Təbii ki, bu böyük sistemdə hər jurnalistin öz yeri var və nə yaxşı ki, həmin yeri heç kəs müəyyən etmir, Allah necə yazıbsa, o da baş verir.
İndi mən müəyyən edə bilmirəm ki, İlqar Həsənov mətbuat dağımızın hansı relyefi, yaxud elementi, amili, faktorudur ki, onun söhbətlərinə, hazırcavablılığına, nikbinliyinə, xoş ovqat yaratmaq imkanlarına hamı şərik olmaq istəyir? Hardasa oxumuşdum. Ernest Heminquey deyibmiş ki, mütaliə insanı bilikli, söhbətcil və hazırcavab edir. Diqqət et, savadlı demədi haaa! Amma mən elə bilirəm ki, burada gen və ailə tərbiyəsi də az rol oynamır. Tarixdə o qədər genişmütaliəli adamlar olub ki. Biri oxuyub, oxuyub, sonra hansısa müharibəni başlayıb, biri geniş mütaliə nəticəsində kütləvi qırğın törədən silah yaradıb. Biri də... məlumatlı, söhbətcil, hazırcavab insan kimi tanınıb.
İndi oxucu fikirləşir ki, bu müəllif öz həmkarı haqqında onbeşinci dəfə nə isə yazırsa, mütləq arqumentləri tükənib və artıq nələrisə təkrar edəcək. Amma elə olmayacaq. Mən bu yazıda İlqar Həsənovun işdən və redaksiyadan kənarda şahidi olduğum bəzi keyfiyyətlərini qələmə alacağam.
... Beynəlxalq təşkilatlardan biri bizi - 10-15 nəfər azərbaycanlı jurnalisti öz vəsaiti hesabına kənd rayonlarımızdan birində tikilmiş obyektin açılışına dəvət etmişdi. Gedib gördük ki, İlqar Həsənov da oradadır. Tədbirin rəsmi hissəsindən sonra rayon rəhbərliyi Bakıdan gələn qonaqları nahar yeməyinə dəvət etdi. Bizi aparan maşınlar iaşə obyektinə çatanda mənim tanımadığım, qara kostyumlu bir adam İlqar Həsənovun qoluna girdi və söhbət edə-edə onu jurnalistlərdən ayırdı.
Sonra məlum oldu ki, hörmətli qonaqlar üçün açıq havada, jurnalistlərə isə restoranın anbarında süfrə açıblarmış. İlqarı da həmin alçaldıcı məqamdan uzaqlaşdırırlarmış. Anbarda əyləşdik və mən soğan kisələrinin yanında oturmağı özümə açıq təhqir hesab etdim. Ona görə də səhhətimi bəhanə edərək oradan çıxıb xeyli aralıda, bir kölgədə dayandım. Mənim həmin hərəkətimdən sonra bütün jurnalistlər çıxıb arxamca gəldilər. İcra başçısının müavini dərhal mənim başımın üstünü kəsdirdi ki, nə üçün təxribata yol verirsiniz? Qayıdın mətbəxə. Dedim, ora mətbəx yox, anbardır. Bu məqamda icra başçısı ilə xarici qonaqların arasında əyləşmiş İlqar Həsənov qalxıb bizim yanımıza gəldi və… başçının müavininin israrına baxmayaraq, biz ambara qayıtmnadıq, İlqar isə başçının sol tərəfindəki stuluna. Tək mən yox, bütün jurnalistlər onun həmkar təəssübkeşliyini alqışladılar.
...Bilgəhə, Xalq artisti, professor Ağaverdi Paşayevin atasının, ya da anasının dəfn mərasiminə getmişdik. Mən Ağaverdinin hər iki valideyninin hüznündə iştirak etdiyimə görə indi xatırladacağım faktın hansı yasda olduğunu dəqiq bilmirəm. Qərəz, biz yas məclisinə girəndə Tofiq Bakıxanov dedi ki, xanəndə Tələt Qasımov bir neçə dəfə mənə deyib ki, Abbasqulu Ağadan yazan jurnalistlə tanış olmaq istəyirəm. Gedək, onu görək. Getdik, görüşdük və sonra Sahib Paşazadə məni AZTV əməkdaşlarının əyləşdiyi masaya apardı. Bu məqamda İlqar Həsənov da öz dostları ilə yas yerinə gəldi. Yenicə oturmuşdum ki, xidmətçi oğlan mənim bizdən xeyli aralıda olan bir stola çağırıldığımı dedi. Orada ən mötəbər musiqi təhsili ocaqlarından birini rəhbəri əyləşmişdi və həmin adam məndən öz kitabına rəy yazmağı xahiş edirdi.
Yəni məni iki adamın xahişi ilə başqa stola çağırdılar. İlqar Həsənovu isə... Orada olduğumuz saat yarımda beş, ya da altı adam qalxıb bizim stola gəlib İlqarla görüşdü, öpüşdü və xahişini edib getdi. Məclisdə, demək olar ki, onu tanımayan yox idi.
Yaxud, mərhum həmkarımız Rafiq Hacıyevin qırx məclisinə getmişdik. Yas yerinə gələnlər Rafiqin övladları ilə yanaşı İlqara da başsağlığı verirdilər. Mən sadəcə "Əstağfürullah!"-deməklə kifayətlənirdim.
Elə onun dəvətiylə getdiyimiz başqa bir tədbirdə - Yazıçılar Birliyinin 85 illiyi münasibətiylə Opera və Balet Teatrında keçirilən mərasimdə də olduqca mühüm məqamların şahidi olmuşduq.
Qərəz, bir məclisdə demişdim ki, İlqar Həsənov ölkənin ən yaxşı beş-on qələm sahibindən və ən tənbəl iki-üç jurnalistimizdən biridir. Mənə dedilər ki, İlqar inciyə bilər. Bir-iki saat sonra hansısa rayondan zəng edərək dedi: Hacı, əhsən! Öz canım üçün sən həmişə düz danışmısan.
... Beləcə, həm Məmmədin, həm də İlqarın xatirinə üzərimə götürdüyüm vəzifəni köhnə "partkom" olaraq, 150 faiz yerinə yetirdim. Yeri gəlmişkən, iyulun altısı geridə qaldı və Məmmədin anım gününü qeyd edə bilmədik. Amma sentyabrın 28-də onun doğum gününü məhz "Sarı qaya" restoranında qeyd etməyi planlaşdırırıq. Allah Məmmədə rəhmət eləsin, İlqara isə cansağlığı arzulayırıq. Deyəsən ona, ...hələ çox ehtiyacımız var.
İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist, kənd Xırdalan,
20 avqust, 2023-cü il.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.