Fikrət Şiriyev:
Murtuz Ələsgərov- 95
Sentyabrın 20-də görkəmli ictimai-siyasi xadim, böyük alim, Bakı Dövlət Universitetinin rektoru (1993–1996), Beynəlxalq hüquq kafedrasının müdiri (1957-1965), Dövlət Hüququ kafedrasının müdiri(1965-2012),Azərbaycan Respublikası Milli Məclisinin Sədri (1996–2005), hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar hüquqşünası Murtuz Nəcəf oğlu Ələsgərovun ( 1928-2012) anadan olmasının 95 illik yubileyi idi.
Onun haqqında yazılımış ən mükəmməl yazılardan birini-AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, hörmətli professor Misir Mərdanovun 2018-ci ildə çap olunmuş “Kamil şəxsiyyət”adlı məqaləsini dostlara təqdim edirəm.
Qeyri-adi insanların xarakteri uşaqlıqdan formalaşır deyirlər. Gələcəkdə qazanılacaq bütün uğurların təməli körpəlikdən qoyulur. Bəlkə mərhum professor, alim, ictimai-siyasi xadim Murtuz Ələsgərovun da bütün o parlaq həyat yolu, uğurları lap erkən yaşlarından başlamışdı...
O, 1928-ci il sentyabrın 20-də dahi Nizami Gəncəvinin vətəni Gəncə şəhərində zəhmətkeş bir ailədə anadan olmuşdur. Atasını çox erkən itirmiş Murtuzda hələ kiçik yaşlarından möhkəm iradi keyfiyyətlər, torpağa bağlılıq, vətənpərvərlik ruhu formalaşmış, millətinə və vətəninə dərin məhəbbət hissi bütün həyatı boyu onu müşayiət etmişdir.
O, 1934-cü ildə Gəncə şəhərindəki 28 nömrəli orta məktəbin birinci sinfinə getmiş, İkinci Dünya Müharibəsinin ağır illərində-1944-cü ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. Orta məktəbdə oxuduğu illərdə o, öz qabiliyyəti, elmə, biliyə həvəsi ilə şagird yoldaşlarının və müəllimlərinin hörmətini qazanmışdı.
Seçdiyi ixtisas da onun həyat amalına, gənc və çılğın xarakterinə uyğun idi. Qanunların keşiyində dayanmaq, vətəndaşların hüquqlarını müdafiə etmək arzusu ilə o, 1945-ci ildə respublikanın ən mötəbər ali təhsil ocağı olan Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində hüquq elminə olan dərin marağı, tədqiqatçılıq qabiliyyəti ilə başqalarından fərqlənən Murtuz Ələsgərov gələcəkdə beynəlxalq hüquq və dövlət hüquq nəzəriyyəsi ilə məşğul olacağını qəti qərarlaşdırmışdı.
1950-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirdikdən sonra Murtuz Ələsgərov hüquq elminə daha dərindən yiyələnmək arzusu ilə Moskvaya gedir və orada SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun əyani aspiranturasına daxil olaraq beynəlxalq hüquq sahəsində elmi araşdırmalara başlayır. Həmin illərdə keçmiş Sovetlər İttifaqının paytaxtı Moskvada aspiranturada oxumaq tək-tək adamlara qismət olan, çox şərəfli və ciddi məsuliyyət tələb edən bir iş idi. O, 1950-1953-cü illərdə aspiranturada oxuyarkən bu şərəfli vəzifənin öhdəsindən bacarıqla gəlmiş və təsadüfi deyil ki, vaxtından əvvəl burada “İranın daxili işlərinə müdaxilə-beynəlxalq hüququn açıq pozulmasıdır” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini almışdır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, o, Beynəlxalq Hüquq sahəsində ilk elmlər namizədi olmuş azərbaycanlıdır. Aspirantura illərində keçmiş ittifaqın elm və mədəniyyət mərkəzi hesab olunan Moskva mühiti ilə yaxından tanışlıq, dövrün görkəmli hüquqşünas alimləri ilə yaradılmış sıx ünsiyyət gənc alimin dünya görüşünün formalaşmasına müsbət təsir göstərmişdi. Murtuz müəllim Moskvada təhsil aldığı illəri elmi fəaliyyətinin səmərəli dövrlərindən biri kimi həmişə xatırlayırdı. O illərin onun hafizəsində, düşüncəsində necə dərin bir iz buraxdığının şahidi olurduq. Amma bununla belə, o cür vətənpərvər bir insan Azərbaycandan kənarda qala, orda karyerasını davam etdirə bilməzdi. Ona görə 1954-cü ildə doğma universitetə qayıtmış, Dövlət hüququ kafedrasında baş müəllim kimi fəaliyyətə başlamışdır. 1955-ci ildə respublika “Bilik” cəmiyyətinin üzvü olmuş, 1956-cı ildən Dövlət hüququ kafedrasında dosent vəzifəsində çalışmışdır. Son dərəcə dərin savada, qeyri-adi erudisiyaya malik olan bu gəncin karyerası da xeyli uğurlu başlayır. Murtuz müəllim 1957-ci ildə 29 yaşında Azərbaycan Dövlət Universitetinin Beynəlxalq Hüquq kafedrasının müdiri vəzifəsinə seçilir, 8 il həmin kafedraya rəhbərlik edir, 1965-ci ildə isə Dövlət Hüququ kafedrasına müdir seçilir və ömrünün sonuna qədər - 47 il bu şərəfli işini uğurla davam etdirir.
1960-1970-ci illərdə Murtuz Ələsgərov həm respublikamızda, həm də onun hüdudlarından kənarda görkəmli hüquqşünas alim, fəal ictimai-siyasi xadim kimi tanınırdı. Ölkəmizin ictimai-siyasi həyatında, elm aləmində onun böyük nüfuzu və özünəməxsus dəst-xətti vardı. Yaşlı və orta nəsil hələ 1950-1960-cı illərdə Murtuz Ələsgərovun Azərbaycan televiziyasının beynəlxalq məsələlər üzrə şərhçisi kimi fəaliyyətini, “Qitələr və hadisələr”, “Planetimizin mənzərəsi” proqramlarının yaradıcısı və aparıcısı kimi tanıyır, onun dünya hadisələrinə dair maraqlı, elmi təhlillə zəngin verilişlərini yaxşı xatırlayır. Mən özüm də Murtuz müəllimi ilk dəfə televiziya verilişlərindən tanımışam. Onun beynəlxalq icmalları bizi dünyada baş verən hadisələrlə yaxından tanış etməklə bərabər, həm də onun yüksək alim hazırlığı və şərhçi səriştəsi haqqında dolğun təsəvvür yaradırdı.
1957-1965-ci illərdə, o, universitetin Beynəlxalq Hüquq kafedrasına rəhbərlik etməklə yanaşı, bu sahə üzrə tələbələrə mühazirələr oxumuş, elmi tədqiqat işlərini davam etdirmişdir.
Murtuz Ələsgərov 1968-ci ildə Azərbaycan Dövlət Universitetində “Asiya və Afrika gənc müstəqil dövlətləri ilə SSRİ-nin beynəlxalq hüquqi münasibətləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsi almışdır. Bir çox ilklərə imza atan Murtuz müəllim bu məqamda da tarixə düşürdü. O, ölkəmizdə bu şərəfli ada layiq görülən ilk azərbaycanlı alim olmuşdur. 1969-cu ildə ona Beynəlxalq hüquq ixtisası üzrə professor elmi adı verilmişdir.
Murtuz müəllim 1970-ci ildən Azərbaycan Respublikası prokurorluğunun, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin elmi məsləhət şuralarının üzvü olmuşdur.
1960-cı ildən Beynəlxalq Hüquq Assosiasiyasının üzvü olan Murtuz Ələsgərov, 1961-ci ildə Fransada-Beynəlxalq konfransda “Azərbaycanda hüquq elminin nailiyyətləri”, 1976-cı ildə ABŞ-da ətraf mühitin hüquq mühafizəsinə dair Beynəlxalq konfransda “Azərbaycan Respublikasında ətraf mühitin qorunması qanunları”, 1978-ci ildə Böyük Britaniyada “İnsan hüquqları və azadlıqlarının beynəlxalq hüquqda tanınması”na dair elmi simpoziumda, 1984-cü ildə Yaponiyada vətəndaşlıq problemlərinə dair Beynəlxalq elmi konfransda “Azərbaycan Respublikası vətəndaşlarının Konstitusiya hüquqları” mövzularında etdiyi dərin məzmunlu məruzələri ilə Beynəlxalq hüquq sahəsində dünyada tanınmış alimlərdən biri olduğunu sübut etmişdi.
1954-cü ildən başlayaraq tədris prosesi Murtuz müəllimin elmi-pedaqoji fəaliyyətinin mühüm tərkib hissəsini təşkil etmişdir. Bu illərdə onun bilavasitə rəhbərliyi və iştirakı ilə kafedranın profilinə uyğun fənlər üzrə “Bərabərhüquqlu əməkdaşlıq”, “Təbiət və qanun”, “Asiya və Afrikanın gənc dövlətlərinin beynəlxalq hüquq subyektliyi”, “Konstitusiyanı gözləmək bütün vətəndaşların borcudur”, “Milli-dövlət quruluşu”, “Dövlət orqanları”, “Burjua ölkələrinin dövlət hüququ” adlı dərs vəsaiti, dərslik, monoqrafiya və metodik göstərişlər hazırlanmışdır.
Murtuz müəllim 1966-cı ildən Azərbaycan Ensiklopediyasının tarix, fəlsəfə və hüquq redaksiyası elmi şurasının üzvü olmuş, Ensiklopediyanın ayrı-ayrı cildlərində onun 60-dan çox elmi məqaləsi çap olunmuşdur.
Hüquq elmləri doktoru, professor Murtuz Ələsgərov 1965 və 1971-ci illərdə Moskvada çap olunan “Siyasi nəzəriyyələr tarixi” dərsliklərinin müəlliflərindən biri olmaqla “Azərbaycanda siyasi nəzəriyyələr” bölməsini yazmış, 1982-ci ildə Moskvada çap olunmuş “SSRİ-nin milli dövlət quruluşu” monoqrafiyasında Azərbaycanın milli dövlət quruluşu bölməsinin müəllifi olmuşdur.
O, respublikanın praktiki hüquq orqanları ilə daim sıx əlaqə saxlamış, qanun və digər hüquqi sənədlərin layihələrinin hazırlanmasında onlara yaxından kömək etmiş, Azərbaycan Respublikasının suverenliyi, Vətəndaşlıq və Mülkiyyət haqqında, seçki sistemi haqqında, Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya aktının və bir sıra digər qanun layihələrinin müəlliflərindən biri olmuşdur.
Murtuz müəllim Azərbaycan Dövlət Universitetinin və onun ən nüfuzlu fakültələrindən biri olan hüquq fakültəsinin ictimai həyatında daim fəal iştirak etmiş, fakültə ilk partiya təşkilatının rəhbəri kimi vacib dövlət tapşırıqlarının icra edilməsində, ictimai tərbiyə işinin dövrün tələbləri səviyyəsində qurulmasında, müxtəlif istiqamətli dövlət proqramlarının reallaşdırılmasında yaxından iştirak etmişdir.
Beynəlxalq hüquq sahəsində görkəmli alim kimi tanınan Murtuz Ələsgərovun onlarla dərslik və monoqrafiyası ilə yanaşı, 200-dən çox elmi əsəri çap olunmuş, rəhbərliyi ilə iyirmi nəfər namizədlik dissertasiyası müdafiə edib elmlər namizədi alimlik dərəcəsi almışdır. Onların arasında 8 nəfəri Çin, Vyetnam, İraq, İran, Banqladeş və digər Afrika ölkələrindən olan xarici ölkə vətəndaşları idi.
O, zəngin və dərin daxili aləmə məxsus bir şəxsiyyət idi, hansı sahə ilə məşğul olsaydı, orda ən üst səviyyədə özünü göstərməli idi. Bütün şüurlu həyatı Bakı Dövlət Universiteti ilə bağlı olmuş Murtuz müəllim bütövlükdə ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamış, zəngin və peşəkar müəllimlik fəaliyyəti, siyasi-tərbiyəvi işlərlə yanaşı, eyni zamanda, yüksək elmi-nəzəri dəyərə malik elmi tədqiqat işləri aparmış alim, xalqımızın milli şüur və təfəkkürünün formalaşmasında da misilsiz xidmətlər göstərmişdir.
Həmçinin, gerçək bir vətənpərvərliyi, millət təəssübkeşliyi də onun bioqrafiyasında açıq-aydın görünür. 1988-ci ildə erməni təcavüzkarları xarici dayaqlarının köməyi ilə torpaqlarımıza qəsd etməyə başlayanda professor Murtuz Ələsgərov susmamış, öz qəti ziyalı mövqeyini bildirmiş, keçmiş ittifaqın mərkəzi və respublika mətbuatında obyektiv və hüquqi cəhətdən əsaslandırılmış məqalələrlə çıxış etmişdir. 1988-ci il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sessiyasına müraciətində Dağlıq Qarabağ Muxtar Vilayətinin və Ermənistan Ali Sovetinin DQMV-ə dair qərarlarının Konstitusiyaya zidd olduğunu göstərmiş və bunu Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qəsd kimi qiymətləndirmişdir. Həmin ildə o, Dağlıq Qarabağ konsepsiyasının tezislərini hazırlamış, Moskvada Dövlət Hüquq İstitutunda keçirilmiş “Hüquq, qanunçuluq və milli siyasət” problemlərinə həsr olunmuş beynəlxalq konfransda çıxış etmiş və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasını əsaslandırmışdır. 1990-cı ilin yanvar qırğını ilə əlaqədar BMT-nin İnsan hüquqları komissiyasına Azərbaycan hüquqşünasları adından müraciəti də Murtuz Ələsgərov tərtib etmişdir. Onun Qarabağ savaşının başlanmasına xeyir-dua vermiş Qorbaçovun yaxın adamı sayılan Aqanbekyana kəskin cavabları hamımızın yaxşı yadındadır. Hadisələr gözlənilən axarından çıxıb təhlükəli istiqamət aldıqda Moskvadan Bakıya gələn emissarlarla Murtuz müəllimin ciddi diskussiyaları da onun prinsipial vətənpərvərliyindən xəbər verir. O zaman Bakıya gəlmiş yüksək rütbəli dövlət xadimlərini, xüsusilə də Pyotr Demiçevi Murtuz müəllimin əsaslı dəlillərlə ittiham etməsi çox böyük cəsarət və qətiyyət tələb edirdi.
Yaxşı xatırlayıram, 1990-cı illərin əvvəllərində Ümummilli liderin Naxçıvanda yaşamağa məcbur olduğu və Azərbaycanın taleyinin həll olunduğu bir zamanda Murtuz müəllim dəfələrlə Naxçıvana gedib Heydər Əliyevlə görüşmüş, onun rəhbərliyi ilə yeni bir partiyanın yaradılmasının təşəbbüskarlarından biri olmuş, Yeni Azərbaycan Partiyasının yaranmasında yaxından iştirak etmiş, 1992-ci ildə Prezident seçkilərində yaş həddinin ləğv edilməsi ilə əlaqədar Milli Məclis qarşısında keçirilən mitinqə rəhbərlik etmişdi.
Ümumiyyətlə, vətəni üçün həlledici məqamlarda Murtuz müəllim heç vaxt kənarda qalmayıb, sinəsini qabağa verib, ağlı, erudisiyası, qələmi, iti məntiqiylə ölkəsinin müdafiəsində durub. Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi dövrdə ölkə üçün tarixi əhəmiyyət kəsb edən taleyüklü hadisələrin fəal iştirakçısı olan Murtuz Ələsgərov həmişə əsl vətəndaş mövqeyi nümayiş etdirmiş, respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda aparılan mübarizədə qətiyyət və əzmkarlıq göstərmişdir. Yeni Azərbaycan Partiyasının təsis edilməsi və formalaşmasına fəal şəkildə qoşulan, məşhur 91-lər hərəkatının fəallarından biri olan Murtuz Ələsgərov ömrünün sonunadək partiyanın sədr müavini kimi ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmişdir.
1993-cü ilin dekabrın 7-də Murtuz Ələsgərov Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edildi. Universitet kollektivi bu təyinatı razılıqla qarşıladı. Həmin dövrdə mən BDU-nun tədris işləri üzrə prorektoru vəzifəsində çalışırdım və üç ilə yaxın müddətdə sıx ünsiyyətdə olduğum Murtuz müəllimin tanınmış alim, səriştəli siyasətçi olmaqla yanaşı, böyük elm və təhsil təşkilatçılığı məharətinə, rəhbər keyfiyyətlərinə malik kamil mütəxəssis, səmimi insan olduğunun şahidi oldum.
Həmin dövr Azərbaycanın müstəqillik tarixinin ən ağır illəri idi. Xalqın tələbi ilə hakimiyyətə yenicə gəlmiş Ulu Öndər ölkədə siyasi stabillik yaratmaq, öz havadarlarının köməyi ilə torpaqlarımızı işğal etməkdə davam edən erməni silahlı qüvvələrinin qarşısını almaq üçün səfərbərlik elan etmişdi. Bütövlükdə ölkədə olduğu kimi, Bakı Dövlət Universitetində də vəziyyət gərgin olaraq qalırdı. Qısa müddət ərzində Ümummilli liderin uzaqgörən və müdrik siyasəti nəticəsində ölkədə vətəndaş qarşıdurması dayandırıldı, erməni hərbi hissələrinin davamlı hücumlarının qarşısı alındı, siyasi stabillik bərpa edildi, iqtisadi inkişafın təməli qoyuldu.
Bütün sahələrdə həyata keçirilən ciddi tədbirlər vəziyyətin kökündən dəyişdirilməsinə səbəb oldu. Azərbaycanın ən mötəbər ali məktəbinin əvvəlki nüfuzu özünə qayıtdı. Tədris intizamı möhkəmləndirildi, yaradıcılıq mühiti bərpa edildi. Mən tam məsuliyyət hissi ilə demək istəyirəm ki, bütün bunların hamısı Murtuz müəllimin şəxsi nüfuzunun və təşkilatçılıq səriştəsinin sayəsində mümkün olmuşdu. Murtuz Ələsgərov Azərbaycanın dövlət müstəqilliyinin ideoloqlarından biri olmaqla yanaşı, onun qorunub saxlanılması yolunda da xüsusi xidmətləri olan şəxsiyyətdir. Bununla əlaqədar mən iki fakt üzərində dayanmaq istərdim. 1994-cü ilin oktyabrında Azərbaycan dövlətçiliyi üçün təhlükə yarananda Murtuz Ələsgərov rəhbərlik etdiyi Bakı Dövlət Universitetinin çoxminlik kollektivi ilə birlikdə dövlətçiliyin müdafiəsinə ilk qalxanlardan oldu. Eynilə də 1995-ci ilin qorxulu mart günlərində Murtuz müəllim rəhbərlik etdiyi kollektivlə birlikdə böyük qətiyyət göstərərək, gərginliyin zəiflədilməsi, böhranın aradan qaldırılması istiqamətində cəsarətli addımlar atan Heydər Əliyevin ətrafında sıx birləşməklə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması işinə dəyərli töhfə verdi.
1994-cü il sentyabrın 3-də Prezident Heydər Əliyev Bakı Dövlət Universitetinin 75 illik yubileyinin keçirilməsi haqqında fərman imzaladı. Maraqlıdır ki, həmin fərmana əsasən yaradılmış yubiley komissiyasına Ulu Öndərin özü rəhbərlik edirdi, Murtuz müəllim isə yubiley komitəsinin sədr müavini idi. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, Universitetin 50 və 60 illik yubileyləri də məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə qeyd olunmuş, 70 illik yubileyi isə həmin dövrdə Azərbaycana rəhbərlik etmiş şəxslərin diqqətindən kənarda qalmışdı. Onu da yaxşı xatırlayıram, 75 illik yubileyin həmin çətin illərdə (1994-cü il 26 noyabr), indiki Heydər Əliyev adına sarayda yüksək səviyyədə keçirilməsi üçün Murtuz Ələsgərov bütün qüvvələri səfərbər etmişdi, qısa bir zamanda onun rəhbərliyi ilə Azərbaycan, rus və ingilis dillərində “Bakı Dövlət Universiteti-75” adlı kitab da hazırlanıb çap olunmuşdu. Onun rəhbərliyi dövründə (1993-1996) Bakı Dövlət Universitetinin beynəlxalq aləmdə nüfuzu artmış, elmi-pedaqoji kadrlarının elmi konfrans və simpoziumlarda iştirakı keyfiyyət və kəmiyyət baxımından çoxalmış, xarici ölkələrin nüfuzlu ali məktəbləri ilə münasibətlər yeni mərhələyə daxil olmuş, bu sahədə dövlət əhəmiyyətli mühüm işlər görülmüşdür.
1995-ci ilin noyabr ayının 12-də ölkəmizdə ilk dəfə olaraq demokratiya şəraitində, majoritar və proporsional seçki sistemləri əsasında Milli Məclisə seçkilər keçirildi. Murtuz Ələsgərov Yeni Azərbaycan Partiyasının nümayəndəsi kimi müstəqil dövlətimizin ilk parlamentinə deputat seçildi. O, Milli məclisdə qanun yaradıcılığı işində fəal iştirak edir, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatların hüquqi bazasının yaradılmasına və təkmilləşdirilməsinə öz layiqli töhfəsini verirdi. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının sədr müavini kimi siyasi fəaliyyətini də davam etdirirdi.
1996-cı il oktyabrın 16-da Murtuz Ələsgərov Azərbaycan Respublikası Milli Məclisinin sədri seçildi. Ölkə ictimaiyyəti bu hadisəni ötən dövrdə Azərbaycanda həyata keçirilən peşəkar parlament quruculuğu proseslərinin məntiqi davamı kimi qarşıladı. İlk dəfə idi ki, qanunvericilik hakimiyyətinə peşəkar hüquqşünas, Konstitusiya hüququ sahəsində görkəmli mütəxəssis və alim, eyni zamanda, bacarıqlı təşkilatçı və istedadlı siyasətçi başçılıq edirdi. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin silahdaşı kimi çətin sınaqlardan keçmiş Murtuz Ələsgərov parlamentin sədri vəzifəsində etimadı layiqincə doğruldaraq özünün işgüzar və insani keyfiyyətləri ilə qısa müddətdə böyük nüfuz qazandı. O, yüksək vəzifəyə seçildiyi ilk gündən parlamentin fəaliyyətini keyfiyyətcə yeni səviyyəyə qaldırmaq istiqamətində lazımi tədbirlər gördü və qanun yaradıcılığı sahəsində böyük dəyişikliklərə nail oldu. Milli Məclis onun rəhbərliyi dövründə (1996-2005) Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmlənməsində, dönməzliyinin təmin edilməsində fəal rol oynadı, ölkəmizdə həyata keçirilən geniş miqyaslı islahatların hüquqi bazasının yaradılması kimi çətin və mürəkkəb işin öhdəsindən ləyaqətlə gəldi.
Bir cəhəti də qeyd etməyi lazım bilirəm. Onun rəhbərliyi dövründə Milli Məclis Azərbaycan dövlətçiliyinin inkişaf etdirilməsində, demokratik, sivil idarəçilik metodlarının daha da möhkəmləndirilməsində yaxından iştirak etmiş, müstəqilliyimizin sarsılmaz bünövrəsinin yaradılması işinə son dərəcə müsbət təsir etmişdir.
Murtuz Ələsgərov Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Milli Məclisin sədri olaraq Azərbaycan dövlətinin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasına, ölkədə parlament ənənələrinin təşəkkül tapmasına sanballı töhfələr vermişdir. Onun hüquqi dövlət quruculuğu sahəsində, həmçinin, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasında böyük xidmətləri olmuşdur. O, Azərbaycan Respublikasının bir çox qanunlarının və qanunvericilik aktlarının işlənib hazırlanmasında və qəbul edilməsində bilavasitə iştirak etmişdir.
Murtuz Ələsgərovun geniş ictimai-siyasi fəaliyyəti, əlbəttə, təkcə Milli Məclisin sədrliyi ilə məhdudlaşmır. Onun şəxsi insani keyfiyyətləri haqqında bəzi təəssürat və düşüncələrimi də deməyi özümə borc bilirəm. Mən birgə işlədiyimiz dövrün təcrübəsi əsasında deyə bilərəm ki, o, insanpərvərlik, səmimilik və xeyirxahlıqla yanaşı, böyük prinsipiallıq, obyektivlik, əqidəsindən dönməzlik, millətsevərlik kimi müsbət keyfiyyətləri ilə də fərqlənən böyük bir şəxsiyyət idi.
Murtuz müəllimin xalqımız, Dövlətimiz və Dövlətçiliyimiz qarşısında əvəzsiz xidmətləri layiqincə qiymətləndirilmiş, o, 1998-ci il sentyabrın 19-da Prezident Heydər Əliyevin fərmanı ilə ölkənin ən yüksək ordeni olan İstiqlal ordeni ilə, Müstəqil Dövlətlər Birliyinin fəaliyyətində yaxından iştirakına görə 2001-ci ildə MDB Parlamentlərarası Assambleyasının “Sodrujestvo” ordeni, 2008-ci ilin sentyabrında Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu”, Azərbaycanla Rusiya arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində böyük xidmətlərinə görə 2003-cü ildə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Fərmanı ilə “Dostluq” ordeni ilə təltif olunmuşdur. Elə bu sadalanan mükafatlar da onun gerçək bir ziyalı, həm də ağsaqqal xarakterindən, missiyasından, birləşdiricilik xüsusiyyətindən xəbər verir.
Görkəmli hüquqşünas-alim, ictimai siyasi xadim, pedaqoq, Vətənini və millətini hədsiz məhəbbətlə sevən Murtuz Ələsgərov həm də gözəl ailə başçısı idi. Vəfalı həyat yoldaşı Nabat Abbas qızı ilə üç övlad böyütmüşdü. Nabat xanım Azərbaycan Dövlət Tibb Universitetini bitirmiş, uzun illər səhiyyə orqanlarında çalışmış, hazırda təqaüddədir, oğlu Fuad Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, hazırda Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsində işləyir, qızı Fəridə Azərbaycan Dövlət Tibb Universitetini bitirmiş, endokrinologiya sahəsində mütəxəssisdir, oğlu Fəxri Bakı şəhəri Xəzər rayonunun prokuroru vəzifəsində çalışır. Düşünürəm ki, Murtuz müəllimin xalqımıza bəxş etdiyi gözəl əsərləri, kitabları, unudulmaz nəcib əməlləri ilə bərabər, ən böyük hədiyyəsi, xidməti elə bu ailədir, övladlarıdır.
Murtuz Nəcəf oğlu Ələsgərov 6 avqust 2012-ci ildə vəfat etmiş, birinci Fəxri xiyabanda dəfn edilmişdir. Amma bu, sadəcə cismani ölümdür. Uzun illər elmə, Azərbaycanın ali təhsilinə böyük töhfələr vermiş görkəmli alim-pedaqoq, xalqına sədaqətlə xidmət etmiş dəyərli ictimai-siyasi xadim, dövlət adamı Murtuz Nəcəf oğlu Ələsgərovun əziz xatirəsi onu tanıyanların xatirəsində əbədi yaşayacaqdır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.