Masallının dünənki rəhbərləri - Ələsgər Qocamanov: “Mənə o vaxt 43 nəfərlik bir siyahı gətirdilər ki, bunların hamısını işdən çıxardım, başqa rayonlardan olanları Cəlilabaddan qovum”
“Masallının dünənki rəhbərlər” rubrikasında yazılarımızı davam etdiririk. Bu günkü müsahibimiz (müsahibə 30 il öncə alınıb) Ələsgər Qocamanovdur. Əvvəlki müsahibənin (Ələddin Həsənovla) linki burada: https://cenub.az/15040-bizim-musahibeler-seriyasindan-masallinin-dunenki-rehberleri-rubrikasinda-eleddin-hesenov-ev-yixmamisam-kiminse-bedbextliyine-revac-vermemisem-kiminse-coreyine-bais-olmamisam.html
Ə.Qocamanov 1938-ci ildə Ağsu rayonunda anadan olmuşdur. Gəncə Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra Şamaxı Zona Təcrübə Stansiyasında direktor müavini işləmişdir. Sonra Azərbaycan Elmlər Akademiyasının aspiranturasında təhsul alıb, kiçik və baş elmi işçi vəzifələrində çalışıb. Daha sonra Bakı Zona Aqrokimya laboratoriyasının və tərəvəzçilik institutunun direktoru, Meyvə və Tərəvəz Nazirliyində müavin,
1983-1989-cu illərdə Masallı RPK-nın 1-ci katibi, Masallıdan getdikdən sonra isə qısa müddətdə Cəlilabad RPK-nin 1-ci katibi və Taxıl Məhsulları Nazirliyinin 1-ci müavini vəzifələrində işləyib. Kənd Təsərrüfatı elmləri namizədidir.
Uzun illər çalışdığı rəhbər vəzifələrdə ən çox təmkinliliyi, səbirliliyi, mədəniliyi və ziyalılığı ilə daha çox yadda qalıb. Lazım gələndə bir çox şeyləri "görməməyi", ən kəskin mübahisələrdə vaxtında dayanmağı bacarmaq, şair demişkən "ev yıxmaqa, qan tökməyə" meyl etməməyi başlıca keyfiyyətlərindəndir. O dövrün rəhbərlərinə xas olan bir sıra müsbət, eləcə də özündən asılı olan və olmayan nöqsanlardanda xali deyildi. Hansı ki, o məqamlar sizə təqdim etdiyimiz müsahibədə geniş açıqlanır.
Sual. Ələsgər müəllim, həyatınızın yaxın və uzaq keçmişinə aid suallardan qabaq bu günkü fəaliyyıtiniz barədə bir qədər ətraflı məlumat verməyinizi xahiş edirəm.
Ələsgər Qocamanov:-Hazırda İsveçrənin "Ayronimpeks" şirkətinin Azərbaycandakı nümayəndəliyinin direktoruyam. 10-dan artıq inkişaf etmiş ölkədə nümayəndəliyi olan bu şirkət Azərbaycandakı nümayəndəliyi vasitəsi ilə Yaxın Şərqlə mal mübadiləsi edir. Bu şirkətin köməyi ilə respublikaya 3 milyon dollarlıq az tapılan dərmanlar gətirilib və nisbətən ucuz qiymətə əhaliyə satılıb. Qaçqınlara 36 min dollarlıq humanitar yardım göstərilib. Odessa limanının yarısını 25 illiyə icarəyə götürən bu şirkət respublikamız üçün çətin günlərdə bizə göndərilən ərzaq məhsullarının, xüsusən taxılın həmin liman vasitəsi ilə daşınmasında əvəzsiz xidmət göstərib və göstərir.
Masallıya rəhbər gələnədək Masallı haqqında nə bilirdiniz?
Əvvəllər direktor işlədiyim Tərəvəzçilik institutunun və müavin işlədiyim Meyvə -Tərəvəz Nazirliyinin xətti ilə Masallıda tez-tez olurdum və buranın problemlərinə də, adamlarına da kifayət qədər bələd idim.
Bir çox rəhbərlər vəzifədən gedəndən sonra "bir üç ay, beş ay da işləsəydim filan-filan işləri görərdim" deyə nisgiliniz?
Yeni iqtisadi prinsiplərə təzə-təzə meydan verilirdi. Bu sahədə mənim də planlarım, arzularım var idi. Bir də... başa çatdırmağa imkan tapmadığım tikinti-abadlıq işləri məni narahat etdi.
Sizdən sonra rayona rəhbərlik edənlərlə münasibətləriniz, əlaqələriniz?
Heç bir əlaqəm olmayıb. Daha dəqiq desəm, o adamlarla heç əlaqə saxlamaq fikrində də olmamışam. Onların fəaliyyəti ilə bağlı bir çox qanqaraldıcı xəbərləri eşidib təəssüflənmişəm. Hər biri haqqında bir xoş söz eşidəndə on mənfi xəbər eşitmişəm. Bəlkə də mənə çatan xəbərlərin hamısı dəqiq deyildi. Ancaq bu gün rayonun dağılmış iqtisadiyyatı, təsadüfü adamlara mühüm postların tapşırılması mənə əsas verir ki, eşitdiklərimə inanım.
Masallıda gördüyünüz hansı işlər sizə daha doğmadır, sizə daha çox fərəh verir?
Mən Masallıda gözə gül üfürmək, necə deyərlər, partizanlıq etmək üçün populist hərəkətlərə çalışmırdım. Köklü, perspektivli məsələlərin həllinə, inkişafına daha çox səy göstərirdim. Çalışıram ki, Işi iş bilənə tapşırım. Bu mənada kadrlarla apardığım iş, sosial iqtisadi inkişaf sahəsində göstərdiyim fəaliyyət, həmin illərdə istifadəyə verilən məktəblər, uşaq bağçaları, çay fabrikləri, mərkəzi xəstəxana, inzibati binalar və s. Işlər mənə daha doğmadır.
Sizin çalışdığını illərdə idarə müdirləri demək olar ki, dəyişmirdi, hətta bəzi müdirlərin vəzifədə saxlanılması mümkünsüz olanda 2, hətta 4 gedişli yerdəyişmələr edilib əvvəlki müdirin ona bərabər vəzifədə saxlanılması təmin edilirdi. Bütün bunlar doğrudanmı belə olmalı idi?
Yaxşı səriştəli kadrı yetişdirmək uzun prosesdir. Belə kadrları ciddi və bağışlanmaz səbəb olmadan sıradan çıxarmağı düzgün hesab etmirəm. Belə kadrlar qorunmalı, onların səhvləri islah olunmalıdır. Bunlarla yanaşı işlədiyim dövrdə gələcəyinə inandığım bir çox gənclərin irəli çəkilməsinə ciddi səy göstərmişəm.
Masallıda işlədiyiniz illərdə sizin üçün ən gərgin gün?
Əsassız artırılmış planların yerinə yetirilməsi üçün təzyiqlər, ittihamlar olan günlər.
Masallıda rəhbər partiya işinə göndərilənədək siz heç bir partiya işində işləməmisiniz. Necə deyərlər, heç partkom da olmamısınız. Necə oldu ki, birdən-birə belə rəhbər partiya işinə göndərildiniz?
Yuxarıda qeyd etdiyim kimi tərəvəzçiliklə bağlı institutda direktor, o sahə üzrə nazirlikdə müavin işləmişəm, həmin illərdə isə raykomlar partiya işindən, siyasi işdən çox
idarəetmə və təsərrüfat işlərinə rəhbərlik edirdilər. Bu mənada məni bura, yəni respublikanın ən iri tərəvəzçilik rayonlarından birinə bu sahədə mütəxəssis alim kimi göndərmişdilər.
Bu gün bir alim kimi fəaliyyətiniz?
İnstitutdan çıxandan sonra demək olar ki, alimlik fəaliyyətim dayandırmışam.
Heç olub ki, iradənizin ziddinə hərəkət edəsiniz?
Olub. Yuxarıda qeyd etdiyim həmin şişirdilmiş rəqəmlərlə bağlı.
Kommunist partiyasına qarşı irəli sürülən ittihamlara münasibətiniz?
Mənfi. Partiyanı yox, partiya daxilindəki qüsurlu adamları, partiya ideallarına kobud şəkildə xəyanət etmiş adamları ittiham etmək lazımdır.
Siz Masallıdan Cəlilabada, eyni vəzifəyə qəfil getdiniz. Bu bizə belə göründü, yaxud sizin üçün də qəfİl idi?
Mənim üçüm də qəfİl idi. Çağırdılar, məsləhət bildilər, razılaşmadım, etiraz etdim, təkid etdilər. O vaxt kı, partiya etikasına görə etirazların da bir həddi var idi. Hər şey 1 saatın içində həll edildi.
Bəs Cəlilabaddan, oradakı 1-ci katib postundan tez getməyinizin səbəbi?
Onların əsassız tələblərini yerinə yetirə bilməzdim. Özünə hörmət edən hər kəs təkcə vəzifə xətrinə orada qala bilməz. onlarla işləyə bilməzdi. Məsələn, mənə o vaxt 43 nəfərlik bir siyahı gətirdilər ki, bunların hamısını işdən çıxardım, başqa rayonlardan olanları Cəlilabaddan qovum. Xatırladım ki, məndən əvvəl də, sonra da Cəlilabada rəhbərlik edənlərin fəaliyyət müddəti çox qısa olub.
Bu gün yenidən Masallıya və yaxud digər rayona rəhbər göndərilsəniz, əvvəlkilərdən fərqli olaraq nələri edərdiniz, yaxud da etməzdiniz?
İndi əvvəlki kimi işləmək mümkün də deyil, lazım da deyil. Günün, zamanın tələblərini, reallıqlarını dərk etməliyik. Həmin tələblərlə də ayaqlaşmalıyıq.
Siz Masallıya rəhbər gələndə "konserva işi" hələ qurtarmamışdı, sonra "palıdgilə" məsələsi başlandı. Siz rayonu tərk edəndə isə süd "perepiskaları" az qala kütləvi şəkildə davam edirdi. Bütün bunlara münasibətiniz?
Çox mənfi. Bunlar sovet idarəetmə sisteminin paradoksları idi. Bunlar sistemin xəstəliyi, bəlaları idi. Əlaqələrimdən istifadə edib, maksimum ona çalışırdım ki, bu bəlalar həmin işdə heç bir günahı olmayan zəhmət adamlarından ağrısız sovuşsun. Hər halda o işlər ürək ağrıdan, qanqaraldan, rəhbər nüfuzuna xələl gətirən işlər idi.
Siz Masallıda 6 il işlədiniz. Onun ilk illəri durğunluq, sonrakı illəri yenidənqurma dövrünə, sonuncu illər isə xalq hərəkatının yüksəlişi illərinə təsadüf edir. Bu bir-birinə bənzəməyən illərə münasibətiniz?
O illərə ki, durğunluq deyirlər, bununla razılaşmıram. Bunu iqtisadi rəqəmlərlə də sübut etmək olar. Yenidənqurma isə avantura idi. Qaldı ki, xalq hərəkatına, ona münasibətim çox müsbət olub. O vaxt az da olsa, açıq şəkildə olmasa da, imkanlarım çərçivəsində bu işlərə kömək etmişəm. Heyf ki, bu hərəkatda xalqın intellekt səviyyəsindən lazımınca, səmərəliliklə istifadə olunmadı. Qarışıqlıq salıb bundan istifadə edib, çoxlu xoşagəlməz əməllər edənlər oldu. Beş-on nəfər faydalansa da, əzablara, münasibətlərə düçar olanlar da az olmadı.
(Söhbətin bu məqamında son illər başımıza gələn və gətirilən bir çox bəlaları yada saldıq. Ələsgər müəllimin Qanlı Yanvar şəhidi olan qardaşını xatırladıq).
Ələsgər müəllim, siz həm də Ali Sovetin deputatısınız və rayonun keçmiş rəhbərlərindən yeganə adamsınız ki, rayondan gedəndən sonra buradan deputat seçilmisiniz. Seçicilərə verilən vədlərin taleyi, bu günkü Milli Məclisə münasibətiniz?
Seçicilərə verdiyim vədlərin çoxuna əməl edə bilməmişəm. Bütünlükdə Ali Sovetin normal fəaliyyəti, eləcə də son illər bir sıra məsələlərdən təcrid olunmağımın bu işlərə təsiri olmayıb.
Deyirlər, Masallıda tez-tez olursunuz? Bu təkcə qohumlarla görədir, ya...
Əvvəla tez-tez olmuram. Amma tez-tez olmaq istərdim. Masallıda yaxşı adamlar, xətir-hörmət bilən, yaxşıya-pisə layiqincə qiymət verməyi bacaran adamlar çoxdur. Onlarla görüşmək, ürək dolusu söhbət etmək, mənim üçün həmişə xoşdur. Lakin elə rəhbərlər, elə adamlar var ki, ola bilsin rayona tez-tez gəlişimə başqa rəng versinlər.
Ailə qayğılarınız barədə
Oğlum evlənib. İndi bir nəvəm var. Qızım isə masallılı ilə ailə həyatı qurub, məni bir daha Masallıya bağlayıb.
Masallılara sözünüz?
Masallılar yaxşı adətlərini, dəyərli ənənələrini daha da qorusunlar. Onlara yaraşmayan bekarçılığa və buna bənzər əməllərə uymasınlar. Həmişə xoş soraqlarını eşidim. Hər bir Masallılıya daha xoşbəxt həyat arzulayıram. Çox rahatam ki, masallılar qarşısında həmişə üzüm ağdır.
Gələcək hədəfləriniz?
Onu gələcək göstərər.
Müsahibə üçün hazırladığım suallar sona yetəndən sonra Ələsgər müəllim dedi:
- Sualların qurtardı, amma sözüm qurtarmayıb. Birincisi, qəlbən çox rahatam ki, hər bir masallının qarşısında üzüm ağ, alnım açıqdır. Heç bir mübaliğə etmədən, sözə rəng vermədən deyə bilərəm ki, orada işlədiyim 6 il müddətində, elə əməl etməmişəm ki, bu gün, yaxud sabah mənə xəcalət olsun.
İlk gündən çox ağır yükün altına girdiyimi hiss edirdim. Uzun illər bir sıra rəhbər işlərdə çalışsam da, 1-ci katib seçiləndən sonra 2-3 ay az qala qızdırmalı kimi işləyirdim. İndi tam təsadüfi, təcrübəsiz adamların belə ciddi, məsuliyyətli vəzifələri boynuna götürməsi açığı məni təəccübləndirir və heyrətləndirir. Elə bilirəm ki. zaman tərəzisində, zaman güzgüsündə hər kəsin çəkisi də aydın bilinəcək, əməlləri də daha aydın görünəcək.
Musahibəni apardı:Zahir Əmənov.
Müsahibə 1993-cü avqust ayında həmin vaxtlar rəhbərlik etdiyim “Masallı xəbərləri” qəzetində çap olun.
Ələsgər Qocamanov bir neçə il öncə dünyasını dəyişib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.