Bəybala Mirzəyev:
Bir xalqın əcəli...
Və yaxud, xalqların payızı kontekstində ermənilərlə bağlı müşahidələrim...
Bu yazının başlığına və yarımbaşlığına baxan şəxslərin yəqin ki, bir çoxu təəccüblə düşünəcək ki, əcaba, xalq hara, əcəl hara? Və yaxud da ki, xalqların payızı nə deməkdir? Xalqların da payızı ola bilərmi?
Bəli, fərdlərin doğuluşu və ölüm günləri olduğu kimi, xalqların da yüksəlişi və çöküşü baş verir. Bu və ya digər xalqın (məsələn, qədim latınların) çöküşünə, tarix səhnəsindən çəkilməsinə o xalqın əcəli kimi baxan tarixçilər, filosoflar, sosioloqlar, kulturoloqlar da var.
Və onların məntiqinə görə, hər bir insan kimi hər bir xalqın da öz ömür müddəti, öz əcəl günü var. Bu alimlər hesab edirlər ki, hətta XALQLARIN (MİLLƏTLƏRİN) YÜKSƏLİŞİ VƏ TƏNƏZZÜLÜ qanunu da var. Onlar məhz bu qanundan çıxış edərək nəyə görə bəzi xalqların hüzur içində yaşadığı, inkişaf etdiyi, böyük nailiyyətlərə imza atdığı bir zamanda, digər xalqların isə get-gedə söndüyünü, öldüyünü, tarixin dərin "səbət"ində yoxa çıxdığını araşdırmağa səy göstərirlər. Və onlar belə bir suala da cavab tapmağa çalışırlar: bir millət nə etməlidir ki, öz əcəlindən yan keçsin, öz mövcudluğunu qoruyub saxlaya bilsin?
Xalqların psixologiyasını (etnopsixologiyasını) araşdıran mütəxəssislər bilirlər ki, bu suala doğru-düzgün cavab tapmaq heç də asan məsələ deyil.
Bəlli olan budur ki, irqlər və sivilizasiyalar da təbiətdə olduğu kimi əvvəlcə uzun bir zaman tərəqqi edir, çiçəklənir və bir müddətdən sonra isə payız çiçəkləri kimi solur. Buna irqlərin çürüməsi və çökməsi də demək mümkündür.
Yüzillər boyu davamlı şəkildə tərəqqi edən bir sivilizasiya (bir xalq, bir dövlət, bir imperiya) birdən-birə çox böyük sürətlə qısa müddət ərzində tənəzzülə uğraya və iflas da edə bilər. Bu mənada, bəzən bir xalqa tərəqqinin lap zirvəsinə yüksələ bilmək üçün olduqca uzun zaman tələb olunduğu halda, lakin həmin zirvədən dığırlanıb dibə enməsi isə bəzən bir göz qırpımında (tarixi təqvim baxımından bir neçə il ərzində) baş verir. Və bu zaman həmin xalqın və ya dövlətin çöküşünün başlıca səbəbi isə məhz onun xarakterinin deqradasiyasından, çürüməsindən qaynaqlanır.
Əksər xalqların, sivilizasiyaların, dövlətlərin çöküş prosesinin ilkin simptomlarından biri məhz onların xaraktercə çürüməsi, eqolarının şişməsi, təşəbbüskarlığın azalması, kollektiv iradənin zəifləməsi, hədəfsizliyin yaranması, dəyərlərin aşınması, mənəvi böhranın gündən-günə dərinləşməsidir.
Hazırda bu simptomların hamısını ermənilərdə də müşahidə etmək mümkündür. Bu gün ermənilərin dərin siyasi-psixoloji böhran vakuumunda çabalamasının əsas səbəblərini məhz az öncə qeyd etdiyim simptomlarda axtara bilərik.
1089/90-cı illərdə özünü tapmaq, sovet "şinel"indən çıxaraq müstəqil bir millətə çevrilmək yolunda çaba göstərmək əvəzinə başı işğalçılığa qarışan və bizim torpaqlarımızı işğal etməklə bərabər, reallıq hissini də itirən ermənilər 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük müharibə və 19 sentyabr 2023-cü il tarixdə başlayıb cəmi bir gün davam edən antiterror tədbirləri nəticəsində ağır hərbi-siyasi məğlubiyyətə uğramaqla eyni zamanda, həm də dərin mənəvi-psixoloji böhrana yuvarlanıblar. Bu mənada, ermənilərin bu günkü durumunu "xalqların payızı" sindromunun yaşanması kimi dəyərləndirmək olar.
Bəli, indi ermənilər öz tarixi mövcudluqlarının növbəti payızı mərhələsinə qədəm qoyublar. Və bu payız bu gedişlə erməni qışına da körpü ola, daha sonra isə ermənilərin əcəl günü ilə (dövlətçiliklərinin itirilməsi, dünyaya səpələnib başqa xalqların içində əriməsi ilə) də yekunlaşa bilər.
Bütün bunlar həqiqətən də baş verə bilərmi?
Əlbəttə ki, baş verə bilər.
Və onu da qeyd edim ki, belə bir dağıdıcı prosesin qarşısının alınması artıq ermənilərin iradəsindən asılı olmayacaq. Heç Fransa, İran, Hindistan kimi geosiyasi oyunçuların prosesə müdaxiə etməsi, Zəngəzurda konsulluq və ya hərbi baza açması da erməniləri və "Ermənistan" adlı baş tutmamış layihəni xilas edə bilməz...
(ardı var)
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.