Vaqif Bəhmənli:
Araz səsi
Allah-təala hər iki usdad sənətkara –Məmməd Araza və Eldar Baxışa min-min rəhmət eləsin…
Fevral ayının 14-də Məmməd Arazın 90 yaşı tamam oldu. Milli poeziyamızın Məmməd Araz Bayramı mübarək olsun
Mətbuat evinin uzun dəhlizi,
Qapılar önündən ötür adamlar,
Buna bax, bu oğlan tanımır bizi? -
Mən ki, tanıyıram:
– Eldar, ay Eldar!
Ya qartal şığıyır dağlar qoynundan,
Ya da ki, üstümə qaya yeriyir.
Lay-divar oğlanın şümal boyunda
Qanacaq yeriyir, həya yeriyir.
Deyirəm:
– Eloğlum yəqin yol azıb, –
Sonra görüşürəm Eldar Baxışla.
– Səsini yazıram Məmməd Arazın,
Qardaş, tələsirəm, məni bağışla!
Baş alıb uzanmır məzəli söhbət,
Nə də dostlar düşən hala yanırıq.
Qoşa baxışlarda eyni məhəbbət;
O səsin xətrinə aralanırıq.
Bəs nədi, Arazın səsi yazılır...
O böyük Arazın, qəmli Arazın.
Bir az da biz kəssək ömrü azalar,
onsuz da taleyi kəmdi Arazın!
O səsi bizlərə tale pay verib,
Düşməz özgə səda, nəfəs üstünə.
Necə ki, yüyürər yurduna qərib,
uçur Eldar Baxış o səs üstünə.
Atıb bir tərəfə utancaqlığı,
azca aralayıb qapını bu vaxt,
deyirəm, o səsə yaxından baxım…
Qoyarlar, qoymazlar, ya tale, ya baxt!
Dumanlı fikriylə dünya nə sayır? –
Gərdişin işindən yuxalır şair.
Əlimi sıxmağa gücü çatmayır,
Heysiz “xoşgəldindən” sıxılır şair.
Bu suçdan mənim də payıma yazın,
Dartın günahkar tək qulaqlarımı.
Titrək barmaqları Məmməd Arazın
sanki hədələyir günahlarımı!
Keçib otururam sakit, kirimiş,
Tufan gözləyəntək hər nə var susur.
Necə çətin imiş, ağırmış bu iş –
axır Eldar Baxış düyməni basır.
Bu da Araz səsi,
qəm dolu nəfəs...
Azalır,
titrəyir,
qırılır hərdən.
İnsan dodağından üzülmür bu səs,
yüksəlir minillik sərdabələrdən!
Dərd yıxan ağaclar təzədən bitir,
Sözlərlə sağalır hicran yarası.
Arazın səsiylə bölünən Vətən
səsində birləşir Məmməd Arazın.
Çatıb dadımıza ağır, pis gündə
Allahmı danışır,
adam danışır?
Anam layla deyir başım üstündə,
gorundan dikəlib atam danışar?
Səs... Araz suyuyla ləbələb dolan
bir qaynar samovar dızıltısıdır.
Babam Füzulinin qürbətdə donan
qərib sümüyünün sızıltısıdı!
Ürəyi yumşaqdır göz yaşı kimi
Amma vüqarlıdı, məğrurdu, dikdi.
Qocaman tarixin üst-başı kimi
bu səs tikə-tikə, didik-didikdi.
Qədim naxışları bənnanın əli
necə yaraşdırar, yan-yana düzər,
Qardaşım Eldar da eləcə, elə
calayır diqqətlə kəlməni sözə.
Təntiyir, yorulur Arazın səsi,
Dayanar səs yazan azı on dəfə.
Tale gülləsinə tuş gələn kəsin
bəzən söz vurğusu dəymir hədəfə.
Bu qəmə dözərmi səsyazan yazıq...
– İndi düzəldərik, indi... bağışla...
Zülmün əlindədəir lentin yaxası,
çəkir bu zilləti Eldar Baxış da!
İnsan piyadadır, istəklər atlı,
Bu lentlər kədəri yazan ki deyil.
Milyon fəsillərin bircə saatda
səsini köçürmək asan ki deyil!
Vətən torpağıma, yurd torpağıma,
bir qış ayağına, bir yaz ağzına,
yarpız qanadına, gül yarpağına,
sünbül buğumuna, dəryaz ağzına,
qaya sinəsinə yazılan səsi
çətindi, çətindi lentə köçürmək!
Bu səs gülləndirir duyğunu, eşqi,
Qeyrətdən, namusdan, həyadan çıxır.
Narınca-narınca qumluğu eşmir,
zəhmətkeş bulaqtək qayadan çıxır.
Almasın üzünü, Eldar, qəm, qüssə,
demə ki, taleyin üzünə gülmür.
Müqəddəs duyğular, müqəddəs səslər
əzəldən belədir,
yazıya gəlmir!
Qədimdi yurdumun qəmi, fərəhi
De kimin taleyi yoxdan yazılıb?!
Xalis səsyazandı xalqın ürəyi,
ora Araz səsi çoxdan yazılıb!
Məmməd Araz səsi haqqdan yazılıb!
Vaqif Bəhmənli
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.