Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Əlisahib Hüseynov:
İdmanı siyasiləşdirən məkrli qüvvələr əsla istəməzdilər ki, Azərbaycan qalib gəlsin

Hər bir soydaşımızın uğuru bütövlükdə ölkəmizin uğuru deməkdir. İdmançılarımızın komanda şəklində uğuru isə həm də birliyimizin, həmrəyliyimizin göstəricisidir. Bu mənada Azərbaycan idmanının qazandığı son uğuru xüsusi olaraq qeyd etməliyik. Güləş üzrə Avropa çempionatında komanda hesabında birincilik qazanmağımız doğrudan da çox böyük uğurdur. Bunu sadəcə təsadüfi nəticə kimi, bəxtimizin gətirməsi kimi izah etmək əsla mümkün deyil. Bu uğur uzun illərdir aparılan dövlət siyasətinin və komanda mübarizəsinin, peşəkar məşqlərin nəticəsidir. Ona görə də bizim idmançılarımız Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında ölkəmizi ləyaqətlə təmsil edirlər. Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələr arasında da son illərdə ən parlaq nəticələri məhz Azərbaycan və Özbəkistan idmançıları göstərirlər.

Ötən gün Prezident İlham Əliyevin Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş üzrə medal qazanmış idmançıları və onların məşqçilərini şəxsən qəbul etməsi də Azərbaycanda idmana diqqət və qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu göstərir. Onu da nəzərə alsaq ki, dövlətimizin başçısı eyni zamanda həm də Milli Olimpiya Komitəsinin rəhbəridir, o zaman idmançılarımıza dövlət səviyyəsində qayğının ötəri hal yox, davamlı proses olduğu bir daha öz təsdiqini tapmış olur. Cənab Prezidentin güləşçilərlə görüşündə səsləndirdiyi fikirlər də bu həqiqəti təsdiqlədi.

Belə ki, qalib güləşçilərimizi təbrik edən dövlətimizin başçısı bu qələbənin bizim hamımızı sevindirdiyini dedi: “Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə, nəzərə alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi. Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər. Bu, əlbəttə, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir”. Göründüyü kimi dövlət başçısı bu fikirlərində idmançılarımızın ədalətli mübarizə ruhunu xüsusi olaraq vurğulayıb. Bizim idmançılarımız doğrudan da Avropa, dünya və Olimpiya oyunlarında müxtəlif idman növləri üzrə çətin mübarizə şəraitində yüksək əzmkarlıqla qalib adını qazanaraq üçrəngli bayrağımızın ucaldılmasına və himnimizin səsləndirilməsinə nail olurlar.

Təsadüfi deyil ki, ötən il Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı iki min medalın 600-dən çoxu məhz qızıl medaldır. Bu, qalib dövlətin və qalib xalqın təmsilçiləri olan idmançılarımızın mətin mübarizəsinin nəticəsidir. Prezident İlham Əliyevin Avropa çempionatında komanda hesabında çempion olan güləşçilər və onların məşqçiləri ilə görüşündə bildirdiyi kimi bizim idmançılarımızda qələbə əzmi həqiqətən də çox güclüdür. Və sevindirici haldır ki, tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu da onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulub.

Dövlətimizin başçısı onu da vurğuladı ki, güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq. İdmanın güləş növü həqiqətən də Azərbaycanın tarixi, milli rəmzlərindən birinə çevrilib. Prezidentin qeyd etdiyi kimi, "görün, neçə nəsil dəyişib, amma bu gün biz yenə də uğurlarla fəxr edirik. Əsas budur və əminəm, həm Güləş Federasiyası, həm bizim digər federasiyalarımız gələcəkdə öz işlərini elə quracaqlar ki, Azərbaycan xalqı idman yarışlarına baxanda daim sevinc hissləri keçirsin".

Azərbaycan güləşçilərinin Avropada birinciliyi qazanmalarının əsas səbəblərindən biri kimi mənəvi-psixoloji amili də mütləq vurğulamaq lazımdır. Prezident İlham Əliyev də güləşçilərimizlə görüş zamanı bu vacib məqamı xüsusi olaraq qeyd etdi: "Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir". 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər bu gün doğrudan da hər bir insanımızın, o cümlədən idmançılarımızın da həyatına, karyerasına, uğurlarına bu və ya digər şəkildə yansıyır. Bu gün beynəlxalq yarışlara qatılan hər bir azərbaycanlı böyük Zəfərimizin təmsilçisi kimi çıxış edir. Qalib dövlətin, qalib xalqın nümayəndəsi olmaq həqiqətən də çox mühüm bir ayrıcalıqdır.

Xalqımız da idmançılarımızın uğurlarına qələbələrimizin davamı kimi yanaşır. Prezidentin qeyd etdiyi kimi, "hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir". Doğrudur, bu gün Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir. İdmanı siyasiləşdirən məkrli qüvvələr əsla istəməzdilər ki, Azərbaycan qalib gəlsin. Ancaq əsas budur ki, idmançılarımız göstərdilər ki, biz hər yerdə qalib gəlməyi bacarırıq. İdmançılarımızı və xalqımızı təbrik edirik!

Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komittəsinin sədri

Best coffeeshop in Berlin