Məmməd Əvəzoğlu:
20 ilin məzunlarına
Qaytara bilmərik o illəri biz,
Hər gün addım-addım uzaqlaşırıq.
Bəzən bəyənməzdik bir-birimizi,
İndi hər görəndə qucaqlaşırıq.
Bizə elə gəlir illər də uçur,
Ötdü ömrümüzdən iyirmi il də.
Uşaqlıq fəslini yola salmışıq,
Cavanlıqda keçən səksən fəsildə.
Donub xatirələr yaddaşımızda,
Bizim yerimizə illər tələsib.
Sanki aramızda məktəb illəri,
Qardaşlıq, bacılıq kəbini kəsib.
O şirin uşaqlıq tərk eləsə də,
Bir olub ayrılıq acılarımız.
Atalı oğlanlar ata olublar,
Çoxdan ana olub bacılarımız.
Biz nələr görmədik iyirmi ildə,
Hərənin həyatı bir serialdır.
O qədər görüşlər arzulamışıq,
Elə bilirik ki, bu da xəyaldır.
Gəlin yorulmadan gülək, danışaq,
Körpə məktəblitək uşaqlaşaq biz.
Onsuz da hamının öz dünyası var,
Bir az o dünyadan uzaqlaşaq biz.
Kimin yadındadır, danışsın yenə,
Məktəb illərinin zarafatların.
Dərsə gəlməyəndə bayram edərdik,
Bəzi müəllimlərin dərs saatların.
Kitablar, dəftərlər, çantalar belə,
Sinif otağında uçardı bəzən.
Məktəb direktoru xəbər tutanda,
Başımıza oyun açardı bəzən.
Yaş yaş üstə gəlir, qayğılar artır,
Fikirlər, duyğular dərinləşirlər.
Artdıqca həyatın ağrı-acısı,
Uşaqlıq illəri şirinləşirlər.
Belə şən məclislər həmişə olsun,
Məzarlar başında biz görüşməyək.
Düzdür, hər görüşün bir vağzalı var,
Elə ayrılaq ki, ayrı düşməyək.
Məmməd Əvəzoğlu.10.06.2026.


