Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib
Bu gün Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım üçün nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yükün birinci hissəsi Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Yardım Prezident İlham Əliyevin 11 avqust 2025-ci il tarixli sərəncamına əsasən Energetika Nazirliyi tərəfindən göndərilir.
AZpress.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə idarənin mətbuat katibi Cahid Mikayılov məlumat verib.
Onun sözlərinə görə, humanitar yardıma ümumilikdə 90 min metrə yaxın elektrik kabeli və naqilləri, həmçinin 25 generator və 7 transformator daxildir.
Ukraynanın davam edən müharibədən zərər çəkmiş rayonlarının elektrik enerjisi ilə sabit təchizatının bərpasına dəstək məqsədi daşıyan bu avadanlığın birinci hissəsi 10 yük maşınından ibarət karvanla yola salınıb.
Qeyd olunub ki, Ukrayna tərəfinin müraciətləri əsasında təşkil edilən ümumi dəyəri 2 milyon dollar olan humanitar yardımın növbəti hissəsinin yaxın günlərdə göndərilməsi planlaşdırılır.


