Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR:

Vaqif Bəhmənli: 

Qar

Səhərdən bayırda qar yağır; təmiz…

Ağlıqdan gözlərim qamaşır yenə.

Səpilir yollara ayağımdan iz,

Titrək addımlarım dolaşır yenə.

 

Orda qalaq-qalaq soyuq qar durub,

O döşə, yamaca yazığım gəlir.

Əlində qartopu...

oğlanlar durub,

Qızlara yamanca yazığım gəlir.

 

Ona bax,

qar üstə atıb dizini,

ovçudu, ceyranın izinə düşüb.

Yaşara-yaşara qırpır gözünü,

qar gülü bulağın gözünə düşüb.

 

Sındırır çığırı, süpürür yolu,

Göllərdə fit çalan külək dəlidir.

Uzanıb qarşıma üstü qar dolu –

budaqlar o qızın bəyaz əlidir.

 

Yer itib, göy itib,

birləşib aləm,

Səmadan bir ağ yol çəkirlər yerə.

Yağır quşbaşı qar, bəlkə deyirəm,

yağışı qurudub tökürlər yerə!?

 

Dalğası ürəktək titrəyən, vuran

göllər hamarlaşıb, şüşəyə dönüb.

Bir ana çağıran, bir ana soran

dərələr tərtəmiz beşiyə dönüb.

 

Bu qarlı havada, ay subay oğlan,

sənin də çin çıxan muradın ola.

İsti otaq ola, tək sən olasan,

isti çay gətirən arvadın ola...

 

Özgədi ləzzəti soyuq qarın da,

Sirr dolu aləmdi, möcüzədi bu.

Əsəbi bir qızın barmaqlarında

didilir elə bil oğlan məktubu!

 

Deyirəm binadan gəlin yaranıb

Bürünüb ağappaq dona təbiət.

Yarpaq qopub düşən neçə yaranı

tənziflə sarıyır ana təbiət...

1977

Best coffeeshop in Berlin