Ayxan Cavadov Avropa çempionu olub
Yunan-Roma üzrə U-20 millimiz AÇ -də ikinci yeri tutub
Şimali Makedoniyanin paytaxtı Skopyedə 20 yaşlılar (U-20) arasında idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Avropa çempionatında dünən medallar uğrunda baş tutan görüşlərlə yunan-Romacilarin yarışına yekun vurulub. Əvvəlki günlərdə üç gümüş medal qazanan Azərbaycan millisinin üzvləri dünən isə biri qızıl, ikisi bürünc əyarlı olmaqla, daha üç medala sahib olublar. Qızıl medal finalda Adam Silverinə xal prinsipi (1:1) ilə qalib gələn Ayxan Cavadovun (60 kq) aktivinə yazılıb. Bürüncləri isə çıxışını üçüncü yerdə bitirən Fərahim Mustafayev (67 kq) və Elmin Əliyev (82 kq) qazanıb. Əvvəlki gümüş medallar isə yalnız həlledici finalda büdrəyən Davud Məmmədov (77 kq), Tural Əhmədov (63 kq) və Turan Daşdəmirovun (55 kq) payına düşüb.
Bununla da Azərbaycan komandası çıxışını 6 (1-3-2) medal və 129 xalla başa vurub . Bu göstərici isə komandamiza ümumi komanda hesabında Gürcüstandan (135 xal) sonra Avropada ikinci olmaq imkanı verib. Bu yarışda ilk üçlüyü Ukrayna (129 xal) tamamlayıb.
Çempionat davam edir.
İNTİQAM Məmmədov


