"Sabah" evdə "Levski"yə uduzaraq Avrokubokla vidalaşıb
Bu gün futbol üzrə UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində cavab oyunları keçirilib. Bu turnirdə Azərbaycanı təmsil edən "Sabah" klubu evdə Bolqarıstanın "Levski " klubunu qəbul edib. Təəssüflər olsun ki, bir həftə öncə səfərdə baş tutan oyunda 1:0 (90+8 dəqiqə) hesabla uduzan "Sabah" bu gün Masazirdaki "Bank Respublika Arena"da keçirilən və taleyi ukraynalı referi Nikolay Balakinə həvalə edilən cavab matçında isə meydanı 0:2 hesablı məğlubiyyətlə tərk edib. Vurulan qollara gəlincə, 40-ci dəqiqədə Radoslav Kirilov hesabı açıb - 0:1. Matçın 64-cu dəqiqəsində əvəzləmə ilə meydana çıxan Mazir Sula isə 87-ci dəqiqədə dəqiq zərbə ilə hesabı 0:2-yə çatdırıb.
Bununla da hər iki oyunda məğlub olan və qapısından 3 cavabsız qol buraxan "Sabah" Avrokubokla vidalaşıb.
Daha bir klubumuz, evdə "Omoniya"ya (Kipr) 0:4 hesabla uduzan "Araz-Naxçıvan" isə hazırda Kiprdə cavab matçına çıxıb.
İNTİQAM Məmmədov


