Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Dəfələrlə uğurları ilə azarkeşlərini sevindirən “Qarabağ” futbol klubunun Ağdama nə vaxt qayıdacağı ilə bağlı son zamanlar tez-tez suallar yaranır.

Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağa dünənki səfəri, bir sıra infrastruktur obyektlərinin tikintisi, yaşayış kompleksində görülən işlərlə yaxından tanış olması yerli ağdamlıların doğma yurdlarına, onlarla birgə “Qarabağ” klubunun da doğma yurdlarına qayıdacağı günün yaxınlaşmasından xəbər verir.

Məlum olduğu kimi, “Qarabağ” Bakıda “Azərsun Arena”da məşq edir və əksər oyunlarını burada keçirir. Bəs “atlar” evə qayıdanda paytaxt stadionunun aqibəti necə olacaq?

Klubun mətbuat katibi Anar Hacıyev Oxu.az-ın bununla bağlı sualına cavab olaraq bildirib ki, bu məsələyə yalnız komanda Ağdama köçəndən sonra baxıla bilər.

“Bu barədə nəsə demək tezdir. Gələcəkdə Qarabağ Ağdama köçəndən sonra bu mövzu qaldırıla və müzakirə oluna bilər”, - deyə A.Hacıyev bildirib.

Yada salaq ki, dövlət başçısı 2024-cü il sentyabrın 19-da Ağdamda “İmarət” stadionunun təməlini qoyub. Bu arenanın UEFA-nın 4-cü kateqoriya tələblərinə uyğun qurulması planlaşdırılır.

11700 tamaşaçı üçün nəzərdə tutulmuş tribunalara malik stadionun oyun meydançası təbii ot örtüyünə malik olacaq.

UEFA-nın tələblərinə uyğun olaraq, stadionda VVIP və VİP istirahət zonaları, konfrans zalı, iclas otaqları, hakim otaqları, komandadəyişmə otaqları, media otaqları, muzey, şərh otaqları, inzibati və yardımçı otaqlar olacaq. Onun ərazisində əlavə məşq meydançası, qaçış yolu, dayanacaqlar, keçid məntəqələri, texniki bina və tikililər tikiləcək. Şəhər əhalisi stadionun ərazisindən park və əyləncə zonası kimi istifadə edə biləcək. Bu məqsədlə stadionda fitnes zalı, kafe, restoran, idman malları mağazaları və digər ictimai yerlər yerləşəcək.