“Doğma dilimiz milli varlığımızdır” – Masallıda tədbir
Masallıda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Doğma dilimiz milli varlığımızdır” adlı dəyirmi masa keçirilib.
Rayon Mərkəzi Kitabxanası və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir öncəsi Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kitabxananın direktor əvəzi Zamin Məmmədov, rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, kitabxananın əməkdaşı Rasif Dadaşov, muzeyin kiçik elmi işçisi Dilguşə Məmmədova Beynəlxalq Ana Dili Gününün yaranma tarixi və əhəmiyyəti barədə danışıblar.
Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunmasına diqqət çəkən natiqlər dilin qorunması və inkişaf etdirilməsinin cəmiyyətin milli varlığının gücləndirilməsində mühüm faktor kimi səciyyələndiriblər.
Çıxışlarda 1995-ci ildə Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsinin, 2001-ci ildə imzalanan fərmanın əhəmiyyəti diqqətə çatdırılıb, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dilin qorunması sahəsində xidmətləri yüksək qiymətləndirilib.
Akif AĞAYEV

.jpg)
