Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Fevralın 21-də  Azərbaycan İstiqlal muzeyində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Əbədi qayıdış” adlı tədbir-sərgi keçirildi.  
Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və məkirli soyqırım siyasətinin davamıdır. Xocalı soyqırımı nəticəsində 613 nəfər qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 1275 nəfər əsir və girov götürülüb. Bu tədbirə  dəvət olunanlar arasında 5 yaşında olarkən Xocalını tərk etmiş , dəhşətli faciənin canlı şahidi olan Nəbi Əliquliyev də iştirak etdi. O, öz çıxışında faciə haqqında  məhz 5 yaşlı uşağın yaşadığı və uşaqlığından qalan acı xatirələrini bölüşdü.  Daha sonra   sabiq millət vəkili, professor, tarix elmləri doktoru  Həvva Məmmədova və Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi, Xocalı Hava Limanı Xətt Daxili İşlər Bölməsinin rəisi Əlif Hacıyevin bacısı Zeynalova Şükufə xanım öz çıxışlarında erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər haqqında danışdılar.     
Azərbaycan İstiqlal Muzeyində 2017-ci ildən başlayaraq “ Mədəniyyət xeyriyyəçiliyi” layihəsi həyata keçirilir. Bu layihə nəticəsində ölkəmizin tanınmış rəssamları, heykəltaraşları, ictimai-siyasi xadimləri tərəfindən 200-dən artıq şəxsi əşyalar, əl işləri, rəsm əsərləri muzeyimizə hədiyyə edilib. Bunların arasında heykəltaraş Xanlar Əhmədovun, rəssam Nazim Məmmədovun, rəssam Əşrəf Heybətovun və digərlərinin  adlarını çəkmək olar. Bu il layihə çərçivəsində Xocalı faciəsinə həsr olunmuş Azərbaycan rəssamı Fəxrəddin Qəhrəmanlının  “Fəryad” adlı rəsm əsəri növbəti dəfə muzeyə hədiyyə edildi və onun da ictimaiyyətə təqdimatı həyata keçirildi. Muzeydə təşkil olunan sərgidə 35-dən çox rəsm əsərləri və heykəltaraşlıq nümunələri nümayiş olundu. Bu eksponatların toplanmasında bizə dəstək olan rəssam Ülkər Əbülfətə muzeyin kollektivi adından öz dərin təşəkkürümüzü bildirdik.
Tədbirin keçirilməsində əsas məqsəd gələcək nəsillərin keçmişinə sadiq vətənpərvər ruhda böyüməsi və  milli iradəmizin zəfər çaldığı o günü heç vaxt unutmamalarıdı.
Tədbirdə BDU-in tarix və filologiya fakültəsinin tələbələri, H.Əliyev adına Hərbi İnstitutun hərbiyyəliləri və digər qonaqlar iştirak etdilər.