Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallılı karateçi qardaşlar respublika turnirinin qalibidir    

 

Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate Federasiyası və “Full Kontakt Kyokoşin Federasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə Fullkontakt Kyokuşin/Şinkyokuşin karate idman növü üzrə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan respublika turniri keçirilib.
Balaxanı Olimpiya İdman Kompleksində yeniyetmə, gənclər və böyüklər arasında təşkil edilən yarışlarda ölkənin rayon, şəhər və müxtəlif idman klublarını təmsil edən idmançılar birincilik uğrunda güclərini sınayıblar.
Gərgin və maraqlı mübarizə şəraitində keçən turnirin yekun nəticələrinə əsasən qaliblər təşkilat komitəsinin təsis etdiyi müvafiq dərəcəli diplom və medallarla mükafatlandırılıblar.
Masallılı idmançılar – Soltan (55 kq) və Rüfət (25+kq) Gəncizadə qardaşları respublika turnirində ən yüksək nəticə əldə ediblər. Belə ki,  hər iki karateçi yarışların qızıl medalına sahib olub. 
Qeyd edək ki, çempion qardaşları yarışlara “Mehdi” (Bakı) idman klubunun məşqçi-müəllimi, 4-cü dan qara kəmər sahibi, Avropa və dünya çempionatlarının qalibi Mehdi Əhmədov hazırlayıb və hazırda idmançılar bu klubda məşqlərini davam etdirirlər.   
Məlumat üçün bildirək ki, altı yaşından kyokuşin karate növü ilə məşğul olan Soltan Elsevər oğlu Gəncizadə altıqat respublika çempionudur. On iki yaşlı idmançı iki (kyu) qəhvəyi kəmərə sahiblənib.
Dörd il öncə məşqlərə qatılan doqquz yaşlı Rüfət Gəncizadə isə qısa müddət ərzində beş dəfə respublika çempionu adına, dörd dəfə (kyu) yaşıl kəmərə sahiblənib. 
İlk məşqçi-müəllimləri 2-ci dan qara kəmər sahibi Sabir Lətifov olub. 

 

 Akif AĞAYEV