Əsl şairlər qar kimi yox olmur, əriyib gedir, yenidən dünyaya gəlmək üçün...
AZpress.AZ AYB Sumqayıt Bölməsinin "Facebook" sosial şəbəkəsindəki paylaşımını təqdim edir:
Bayırda qar yağır.Qar təmizlikdi, ağlıqdı.Qar ölümün ağ rəngini bizə xatırladır.Adama elə gəlir ki, bizdən gedənlərin ruhu qar şəklində bizə qayıdır . Pəncərəni döyəcləyən külək duyanların duyğusuzlara mesajını ötürür sanki. Qar ürkək- ürkək küçə fənərlərinə sığınıb isinməyə çalışır elə bil.İnsan da elə göy üzü kimidir.Hərdən bulud alır üzünü, hərdən leysan ələyir, hərdən də gün doğur üzündə.
Bəlkə şairlər də elə göylərin bir parçasıdı. Bilmirəm.Amma onu bilirəm şair olmaq zülümdü, əzabdı, işgəncədi, ömrü fəda etməkdi.
Bizim taleyimiz tanrılıq deyil,
Bizim taleyimiz qələm ucunda.
Ömrümüz ölçülmür il hesabıyla,
Toplanıb çıxılsa qələm uzunda.
İnsan dünyaya gələndə yaddaşı ağ vərəq kimi olur.Ömür boyu yaşadıqları, gördükləri onun yaddaşına həkk olur.Niyə yad daş deyilir ki, adına? Onu da bilmirik.Bəlkə elə ilk fürsətdə bizi tərk edən də yaddaş olur?!
Məmməd müəllim köhnə kişilərdəndi.İndiki, qloballaşan dünyanın naqolay işləriylə işi olmayan, barışmayan ayrı kişilərdəndir.
Hər nisgili bölərsiniz,
Hər müşgülü bilərsiniz,
Siz ayrı kişilərsiniz-
Var olun,ayrı kişilər!
Bu dünyada çox adam kimisə özünə dost seçir, doğma bilir, simsar sanır.Amma dost da gərək dost ola, ürəyini gözlərindən duya, bir işarətdən mətləbi anlaya. Məmməd İlqarın dostları da, dostluğu da alayı cürdü.İki dostuna yazdığı şeirləri var qarşımda.Ağamalı Sadiq Əfəndi və Sabir Sarvana.İlahi, o nə zülümdü, o necə alışmaqdı, o necə yanmaqdı dost taleyinə, dost itkisinə.Sabir Sarvanla birlikdə onu dostunun uğuruna öz uğuru kimi sevinən, saatlarla dərdləşən, şeirləşən gördüm həmişə. Bir canda iki ürəkdilər sanki. Eyni ruhun ayrı balalarıydılar elə bil.Bəlkə yağan qar Sabir Sarvanın ruhudu elə.Dostunun doğum günününü təbrik üçün yerə enir asta- asta, ləngərli yerişlə.Axı o, bəylərlə plov yeməyən ağırtaxta kişilərdən idi.
Elə dərd var ki,onu dosta deməsən belə dosta mərhəmdi, dosta əyandı.Necə ki, Məmməd İlqara Sabir Sarvanın dərdi gün kimi əyan idi.
Ərən şair,ozan şair,
Öz içində azan şair
Balasının baş daşına,
Sevgi şeiri yazan şair.
Və ya dostu Ağamalı Sadiq Əfəndiyə yazdığı:
Bax,bu ömrü sən yaşadın,
Köksü körük,dərdi- barıt
Torpaq deyə baltalanan,
Torpağa sərilən palıd-
Əhməd Əfəndinin oğlu.
Kəcavəni el götürür,
Heyim yox haxlayım səni.
Sözümmü var urvatına,
Nə dildə ağlayım səni-
Əhməd Əfəndinin oğlu?
Mənzil başına yorulub çatan dostların ağrısına, dərdinə poetik yanmaqdı bu.Məmməd İlqar sayağı misra- misra, heca- heca hönkürməkdi,için- için hıçqırmaqdı...
Yol var getmək üçündü.Yol da var yetmək üçün.
Dərviş yol aldısa,yoldaş aparmaz
Dərki dərin olan çox baş aparmaz
Yüz il yol gedəsən yol başa varmaz-
Yollar yar olmasa yol gedənlərə.
Bilmirəm...Şairlik mözücədi bəlkə..
İgid- igid oğulları çiynində son mənzilə yola salan Vətənə:
Vətən başa çox iş gələr
Baş əymə,başın sağ olsun!
Biz ölməyə doğuluruq,
Torpağın- daşın sağ olsun!
Ancaq Məmməd İlqar belə təsəlli verə bilərdi, ancaq Məmməd İlqar Vətəni belə ovutmağı bacarardı.Çünki
Məmməd İlqar heç vaxt vətən ağrın alım, Vətən səni sevirəm, -deməzdi, Məmməd İlqar Vətəni hay- harayla sevə bilməzdi.Vətən onun sınan yeri, əzilən yeri, uman yeri, güman yeriydi çünki...
Şəhid də onun üçün elə Vətən deməkdi.Belə olmasaydı:
Bu qırmızı kəcavədə
Gələn oğlana yol verin.
Vətən deyib,Vətən üçün
Ölən oğlana yol verin-,
deyib susa- susa hayqırmazdı...
Bilmirəm niyə qarla başladım.Qar təmizlikdi, saflıqdı.Əsl şairlər də elə qar kimidi.Yox olmur, əriyib gedir, yenidən dünyaya gəlmək üçün.Bəlkə Məmməd müəllim də nə vaxtsa qar olub, ona görə qar kimi tərtəmiz, saf enib dünyaya və çirkaba bulaşmamaqçün çəkilib özünün tərtəmiz göy üzünə...
Bu gün onun günü, bu il onun ilidi.
Ömrün o başından dönüb gəlmişəm,
Mənəm,
Başınıza dönüm,gəlmişəm.
Bəs məni yandırıb,nə yaxırsınız,
Belə matdım- matdım nə baxırsınız.
Bax,bu palıdların budaqlarında
Yellənən oğlanam,a dağ yolları.
...Almazdım eynimə çəni,çiskini,
Dolu da yağsaydı- qənd deyildimi?
Sizdən küsən günü qəzəbim,kinim
Bir titrək səsinə bənd deyildimi?
Gözümə çıxardı könlümün varı,
Mən həmən oğlanam,a dağ yolları.
...Sinəmdə bir belə sevgi var ikən
Bu səfeh səbrimlə dil tapammadım.
Daşın da qəlbinə yol tapar ikən
Bir şəhər qəlbinə yol tapammadım...
Gəlmişəm- ətək boş, ömür- gün yarı,
Mən həmən oğlanam, a dağ yolları.
Bax, burda sizinlə qəti razılaşmıram, barışmıram , Məmməd müəllim!Siz əli uzun, ətəyi boş deyilsiniz. Azərbaycan ədəbiyyatına gözəlim şeirlər bəxş eləmiş ustad şairlərimizdənsiniz...Bu dünya durduqca yaşayın.Ömrünüz uzun olsun,atamanam!
Başınız ərşə dəysin,
Dağ olun atamanam!