Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Əşrəf Veysəlli:

GECƏLƏR

Ömrümün gülşəninə neylədisə yar elədi,

Könlümə nur çiləyən günlərimi tar elədi.

Yarımın hicri məni dostuma əğyar elədi,

Gözlərim yatmamağa eylədi vərdiş gecələr ,

Bir mənəm, bir də sükut, bir də bu müdhiş gecələr.

 

Vəslini dərd eləməkdən ürəyim xəstə düşər,

Yarımın cövrü yenə zülm ilə üst- üstə düşər

Könlümün yaddaşına bir yaralı bəstə düşər,

Durub Məcnunsayağı eylərəm gərdiş gecələr.

Bir mənəm, bir də sükut, bir də bu müdhiş gecələr.

 

Qərarım yoxdu daha, tutmusan hər yerdə qərar,

Məni söz dərgahına hər gecə vəslin aparar.

Bəsdi bunca dözərək hicrinə tablaşdım, a yar,

Ayrılıq taleyimi eylədi təftiş gecələr.

Bir mənəm, bir də sükut, bir də bu müdhiş gecələr.

 

Parçalanmış qəlbimin sənsiz ötən bir dəmi yox,

Könlümün nəğməsinin zili yoxdur, bəmi yox.

Xəlqə həmdəm olanın indi daha həmdəmi yox.

Yan, ey tənha ürəyim, qovrularaq biş gecələr,

Bir mənəm, bir də sükut, bir də bu müdhiş gecələr

* * *

Usta Fəxrəddin Orucoğlu

Adamın könlünü oxşayan şeir.Allah ömrünüzə bərəkət versin

Ələsgər Əlioğlu

Xoş hisslər üstə köklənmiş bir şeir!

Lilpar Cəmşidqızı

Dəyərli Ustadımız, əruzda nə gözəl şeir yazmısınız, könlümü oxşadı. Var olun, həmişə!

Miraslan Bağırov

ALLAH sizi qorusun Çox gözəl.

Ustadın hər bir əsəri poeziya nümunəsi...

İbrahim Babayev

Həm klassik,həm müasir ədəbiyyatımızın ustad şairi,yaşayın,yaradın,biz də bu gözəl şeirlərinizdən zövq alaq.

Mirzecan Agabalayev

Var ol, ustad. Həzin axan çay kimi gözəl, bulaq kimi dumduru şeir. Əsl ustad şeiri. Allah təbini həmişə rəvan eləsin. Əllərindən öpürəm !!!

Mədaxil Cavadlı

Gözü, könlü söz acısı, söz möhtac olan böyük yazarımız Əşrəf Veysəlli, ömürdə də bir şərbət kimidir, hər gün bir qurtum içirik.

Allah təala saglam və bərəkətli ömür qismət etsin sizə.

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.