Kişi voleybolçular 12-ci, qadınlarsa 13-cü tura çıxacaqlar
Bu gün kişi voleybolçulardan ibarət klubların mübarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında sayca 12-ci olan növbəti turun oyunları keçiriləcək. 6 komandanın çıxış etdiyi çempionatın bu turunda iki oyun olacaq. Saat 14:00-da Bakı Voleybol Mərkəzində nominal ev sahibi olan MOİK yarış cədvəlində ikinci yeri tutan "Xilasedici" ilə qarşılaşacaq. Saat 18:00:da isə yarış cədvəlinə vahid liderlik edən "Murov Az Terminal" ortabablardan sayılan "Neftçi"-ni elə həmin məkanda sınağa çəkəcək.
Fevralın 27-də isə qadınların analoji yarısında 13-cu turun oyunları keçiriləcək.
Həmin günə və tura Bakı Voleybol Mərkəzində yarış cədvəlinə başçılıq edən "Abşeron"un cədvəldə ikinci yeri tutan "Milli Aviasiya Akademiyası" klubuna qarşı oyunla start veriləcək (saat 16:00). Saat 18:00-da isə həmin məkanda "Murov Az Terminal"la "Gəncə" qarşılaşacaq. Daha bir oyun isə UNEC-in idman zalında eyniadlı klubla "Azərreyl" arasında olacaq (17:00).
İNTİQAM Məmmədov
.jpg)
.jpg)
.jpg)
.jpg)