Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Milli Azərbaycan Tarixi Muzeyində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Fevralın 25-də Milli Azərbaycan Tarixi Muzeyində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş  tədbir keçirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə  Şəmsi, İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Aynur Babayeva, Azərbaycan Fotoqraflar Birliyinin təsisçilərindən biri, peşəkər fotoqraf Mirnaib Həsənoğlu, Azərbaycan  Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şairə Zərəngiz Dəmirçi və b. çıxış ediblər. Çıxışçılır Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri olduğunu bildiriblər. Qeyd olunub ki, bu soyqırımı aktı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələrinin 7 min əhalisi olan Xocalı şəhərində törətdiyi soyqırımı aktı nəticəsində 613 nəfər öldürülüb, 1000 nəfər dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb. Onlardan 150 nəfərin taleyi bu günə qədər məlum deyil. Çıxışlarda diqqətə çatdırılıb ki, bu faciəyə ilk dəfə hüquqi-siyasi qiyməti Ümummilli Lider Heydər Əliyev verib. Ulu Öndər Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Bu gün dünyanın bir çox ölkələrində erməni millətçilərinin törətdikləri bu qırğın soyqırımı aktı kimi tanınır. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, bu qanlı hadisəyə obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası bu soyqırımının təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından mühüm işlər həyata keçirməkdədir. Artıq bu təbliğat kampaniyası Amerikadan Avropaya, Mərkəzi Asiya, Yaxın və Uzaq Şərq ölkələri, Avstraliya, hətta Afrikaya qədər geniş bir coğrafiyanı əhatə edir: “2020-ci il xalqımızın başına gətirilən faciələrin qisasının alındığı il oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 44 gündə parlaq Qələbəyə imza atdı, ərazi bütövlüyümüz təmin olundu. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan tamamilə təmizləndi. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində üçrəngli bayrağımızı ucaltdı. Bu gün bütün torpaqlarımız kimi, Xocalıda da həyat yenidən canlanır, yaralarımız sarınır.

Tədbirdə Zərəngiz Dəmirçinin “Cavab ver” poeması əsasında “Günay” Uşaq  teatrı tərəfindən səhnələşdirilmiş “Unutmadıq Xocalı” tamaşası nümayiş olunub  (rejissor Larisa Tarusova).

Tədbirdə həmçinin Xocalı faciəsinə həsr olunmuş "Xocalı yaddaşımız" adlı foto sərginin də açılışı olub. Sərgidə Azərbaycan Fotoqraflar Birliyinin (AFB) foto arxivinə məxsus 36 fotoşəkil nümayiş olunub. Fotoların müəllifləri: Mirnaib Həsənoğlu, Şahvələd Eyvazov, Xalid Əsgərov, İlqar Cəfərov və Oleq Litvindir. Bu sərgi AFB-nin "36 kadr" layihəsinin bir hissəsidir. 

Tədbirdə C.Naxçıvanski adına Hərbi Liseyin  kursantları,  məktəblilər, muzey işçiləri iştirak ediblər.

Fotolar fotomüxbir Mahir Əhmədova məxsusdur