Məşhur modeli döyməkdə təqsirləndirilən iş adamına hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə dələduzluqda təqsirləndirilən Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib. O, müdafiə etdiyi şəxsə bəraət hökmünün çıxarılmasını istəyib.
Buna baxmayaraq, məhkəmənin hökmü ilə Ziya Hüseynzadə 2 il 6 ay müddətinə müəyyən vəzifə tutması qadağan edilməklə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Yada salaq ki, istintaqda “PKF Audit Azerbaijan” MMC-nin və “PKF Audit Consultinq”in təsisçisi Ziya Hüseynzadənin dələduzluq və vəzifə saxtakarlığı kimi əməllərə yol verməsində şübhələr var. Müəyyən edilib ki, o, 2022-2023-cü illərdə digər şirkət rəhbərləri ilə əməkdaşlıq edərək Avropa Yenidənqurma və İnkişaf Bankına etdikləri müraciətlər əsasında obyektlərinin fəaliyyətinin genişləndirilməsi üçün kreditlər hesabına qanunsuz olaraq külli miqdarda vəsait əldə edib.
Bundan başqa, təqsirləndirilən şəxs 2022-ci ildə təsisçi şirkətin bank hesabındakı vəsaiti nağdlaşdırmaq məqsədilə saxta rəsmi sənədlərdən istifadə edərək, MMC-nin direktorunun razılığı olmadan biznes xərcləri adı altında onun tapşırığı ilə şirkətin depozit hesabından külli miqdarda vəsait çıxarıb.
Qeyd edək ki, Ziya Hüseynzadə məşhur model Rəziyyət (Razi) Əliyevanı döyməkdə də ittiham olunur. Hazırda bununla bağlı başlanmış cinayət işi üzrə məhkəmə prosesi davam edir.APA