U-23 güləş yığmamız AÇ-da 16 medal qazanıb
Albaniyanın paytaxtı Tiranada 23 yaşlılar arasında (U-23) idman güləşi üzrə (hər üç növdə) keçirilən Avropa çempionatı Azərbaycan millisi üçün uğurlu olub. Belə ki, güləşçilərimiz üst-üstə 16 (4-5-7) medal qazanıblar. Bu medallardan 9-u (1-4-4) sərbəst güləş üzrə yığmanın, 3-u (2-0-1) qadınların, 4-u (1-1-2) isə yunan-Romaçıların aktivinə yazılıb.
Qeyd edək ki, göstərdiyi uqura görə komanda hesabında dördüncü dəfə dalbadal Avropada birinci olan sərbəst güləş üzrə millimizin heyətində Arsney Djoyev (86 kq) qitə çempionu adını qazanaraq qızıl, yalnız həlledici finalda büdrəyən Ceyhun Allahverdiyev (61 kq), Kənan Heybətov (70 kq), Aqanəzər Novruzov (74 kq) və Fərid Cabbarov (79 kq) gümüş, Rəhman İmanov (57 kq), Murad Haqverdiyev (65 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunovsa (125 kq) bürünc medala layiq görülüb.
Qadınlardan Elnurə Məmmədova (53 kq) və Günay Qurbanova (59 kq) Avropa çempionu adını qazanıb. Əsmər Canqurtaran (50 kq) isə üçüncü yeri tutmaqla bürünc medalla kifayətlənib.
Yunan-Romacilarimizdan isə Ruslan Nurullayev (72 kq) qitə çempionu olmaqla qızıl medala layiq görülüb. Yalnız final görüşündə büdrəyən Ziya Babaşov (64 kq) gümüş, çıxışını üçüncü yerdə bitirən Elmir Əliyevlə (55 kq) Xasay Həsənli (77 kq) isə bürünc medal qazanıb.
Dünən komandamız Vətənə dönüb.
İNTİQAM Məmmədov