Ermənistan parlamentinin spikeri: Sülh sazişinin imzalanması prosesi çıxılmaz vəziyyətdə deyil
Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması prosesi dalana dirənməyib.
Bu barədə jurnalistlərə ölkə parlamentinin spikeri Alen Simonyan məlumat verib.
“Mən prosesin dalana dirəndiyini düşünmürəm".
A.Simonyanın sözlərinə görə, hər iki ölkənin öz taleyini həll etmək üçün kifayət qədər gücü var.
Xatırladaq ki, martın 13-də Azərbaycanın Xarici İşlər Nazirliyi iki ölkə arasında sülh sazişinin mətninin razılaşdırılması üçün Ermənistanla danışıqların başa çatdığını elan edib.
Eyni zamanda, Bakı dəfələrlə bəyan edib ki, sülh müqaviləsi imzalamaq üçün İrəvan iki şərti yerinə yetirməlidir: Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarını aradan qaldırmalı, həmçinin ATƏT-in Minsk Qrupunun və onunla əlaqəli qurumların buraxılmasını dəstəkləməlidir.