Əkbər Qoşalı:
Daş plastikası…
Dünən Daş Salnamə Muzeyini ziyarət etdim. - Nə gizlədim, bu muzey haqqında yetərli bilgim yoxuydu. Ziyarət etdim və hər gün yanından keçdiyim belə bir incəsənət ünvanına (40°20′24″ quzey enliyi, 49°50′28″ gündoğar uzunluğu) daha öncələr gəlmədiyimə, Türk dünyasından qonaqlarımızı indiyədək bu daş gözəlliklərlə tanış etmədiyimə görə özümü danladım.
Soyuq daşların istiliyini bildirən, göstərən, kübarcasına nümayiş etdirən, artıq 10 ildir çalışan bir muzeydən danışıram.
Daş – insanoğlunun ilk sənət materiallarından biridir. Daşın sərtliyi və soyuqluğu insanı paradoksal şəkildə onunla ünsiyyət qurmaq üçün fərqli yollar axtarmağa vadar edib. İnsan daşın dilini “anlayaraq”, onu oyub içində məskən salıb, kəsib silah düzəldib, yonub heykəl yaradıb... Daşın yaddaşı var – üzərindəki hər cızıq, hər bir zərbə, insan əlinin, düşüncəsinin və ruhunun izlərini daşıyır...
Daş plastikasının fəlsəfəsi, əslində, insanla zamanın bənzərsiz dialoqudur. Bu dialoq bəzən monumental heykəllərdə, bəzən incə ornamentlərdə, bəzənsə gizəmli petroqliflərdə özünü göstərir. Hər biri öz dönəminin ruhunu, insanoğlunun dünyaya baxışını və bəzən də kosmik gizlinlərə olan ilgisini əks etdirir.
Qədim Misirdə fironların bəngü yaşama qovuşmaq arzusu daş məbədlərdə və heykəllərdə təcəssüm edirdi. Qədim Yunanıstanın mərmər fiqurlarında isə insan bədəni idealizə edilərək harmoniyanın, mükəmməlliyin simvoluna çevrilirdi. Roma İmperiyası bu sənət gələnəyini davam etdirdi, lakin gerçəkliyi ideallaşdırmadan, həqiqəti olduğu kimi ifadə edərək...
Gündoğarda daş plastikası daha çox ornamentallıq üzərində qurulub – İslam memarlığının incə oyma daş naxışları, türbələrin baş daşlarındakı kaliqrafik yazılar, Asiyanın qədim məbədlərindəki mistik heyvan fiqurları – hər biri fərqli bir anlam qatına sahibdir.
Türkün yaddaşı daşa döyülüb – necə deyərlər, ağızda və kağızda deyil, məhz daşın dözümlülüyündə, bəngülüyündə yaşayıb... Orhun-Yenisey abidələri bu yaddaşın ən möhtəşəm ifadəsidir. VIII yüzilin yadigarı olan bu abidələr türk ulusunun özünüdərk yolunda qoyduğu ilk böyük yazılı möhürdür. Hər bir daş üzərində qazılmış damğalar, hər bir söz qədim türklərin dünyagörüşünü, siyasi idealını, həyat fəlsəfəsini əks etdirir.
Orhun yazıları yalnız epiqrafik sənət örnəyi deyil, həm də bir ulusun öz tarixini daşa həkk etməklə gələcəyə ötürməklə bağlı uğurlu cəhdidir. “Türk budunu üçün gecələrim yuxusuz keçdi, gündüzlərim dinclik bilmədi”… – Bilgə Kağanın bu sözləri, daş üzərində bəngüləşmiş bir öyüd kimi, sanki indi də canlıdır, diridir...
Eyni gələnəyin izlərini Altaydan Sibirin dərinliklərinə, oradan isə Azərbaycanın qəbir daşlarına, türbələrinə, qoç fiqurlarına qədər izləmək mümkündür. Qədim türk xalqlarının daşla olan bağlılığı təkcə Orhun abidələri ilə sınırlanmır – bu bağlılıq onların qəbirüstü abidələrində, damğalarında, daş plastikasında da özünü göstərir.
Azərbaycanın müxtəlif bölgələrində – Naxçıvanda, Ordubadda, Qarabağda, Göygöldə və b. yerlərdə rast gəlinən qoç və at fiqurları türkün döyüş ruhunun, qəhrəmanlıq məfkurəsinin daşlaşmış ifadəsidir. Bu heykəllər, türkün Günbatardan Gündoğara, Gündoğardan Günbatara (İkiçay arasından Altaylara, yüzillər sonra Altaylardan, Türküstandan Anadoluya…) uzanan mədəni kodlarını özündə daşıyan - sükut içində danışan tanıqlardır...
Daş türkün yadına nəyi salır,
türkü nəyə səsləyir? - Cavab:
Ortaq keçmişdən ortaq gələcəyə uzanan ulu yoldur, Bəngülükdür,
Üfüqötəsidir!
Çünki türkün tarixi xaqanların, başçıların, qamların səfərləri ilə yazıldığı kimi, həm də daşlara həkk edilən qayıdışlarla, düşüncələrlə yoğrulub. Bu gün çağdaş Azərbaycan heykəltəraşları (öfnəyi, Hüseyn Haqverdi) bu gələnəyi davam etdirərək, daşın yaddaşı ilə insan yaddaşı arasında bənzərsiz bir bağ qurub.
Türk öz tarixini daşa yazdı - o daşlar bugün yalnız ağız deyənləri, kağız bilənləri deyil, unudulmamağı, öyrənilməyi haqq edənləri danışır, göstərir, öyrədir, ötürür...
Azərbaycanın daş plastikasına baxdıqda burada həm Qobustan petroqliflərinin arxaik simvolizmi, həm orta yüzilliklər türbələrinin bəzək elementləri, həm də qəbir daşlarındakı nəqqaşlıq sənəti diqqəti çəkir.
Bəli, daş həm keçmişdən söz açır, həm bu günün estetik dəyərlərinə zənginlik qatır, həm də mədəni kodları gələcəyə ötürən bir vasitə kimi çıxış edir.
Daş plastikası, əslində, insana xas olan bir yaradıcılıq impulsunun – daimi iz buraxmaq istəyinin təntənəsidir. Hər yonulan daş parçası, hər işlənən mərmər lövhə insanın özünü tarixə həkk etmək cəhdidir. Sanki insan daş üzərində öz varlığını ölümsüzləşdirmək istəyir – bir gün özü yox olacaq, lakin yaratdığı izlər qalacaqdır, qalacaqdır…
Bəlkə də, buna görə daş plastikası bizə həm doğma, həm də gizəmli görünür – çünki o, həm əllə yaradılıb, həm də zamanın və doğanın öz hökmünü yürütdüyü bir sənət formasıdır.
Çağdaş Azərbaycan daş plastikasında gələnəklə dialoq öz gərəkli səciyyə və dərəcəsini alır. Qobustan irsinə biganə qalmayan heykəltəraşlarımız daş abidələrdən ilham alaraq, onları yeni ifadə formalarına çevirir. Belə sənətkarların əsərləri, sanki, keçmişdən tapılmış artefaktlar təsiri bağışlayır; lakin bu, təsadüfi olmayıb, (artıq vurğuladığımız kimi) zamanla dialoqa girən sənət yanaşması təsirindədir.
Sənəti bir dönəmin qan dövranı kimi izah edən sənətkarlarımız, insanın qan yaddaşı, daşın elə daş yaddaşı olduğu kimi, sənətin estetik yaddaşı olduğunu idrak edərək, onun öz içində keçmişin izlərini (daşıyaraq) gələcək nəsillərə ötürdüyünə inanır.
Keçmişdə daş plastikasının ritual və dini funksiyası vardısa, çağdaş sənətkarın məqsədi fərqli ola bilər – elə fərqli də olmalıdır; günümüzün sənətkarı öz yaradıcılığı vasitəsilə insanın iç dünyasını, yaşamın qanunlarını və kainatın sirlərini dərk etməyə çalışırsa, bu alqışa layiqdir.
Ustad Məmməd Araz qırx il öncə belə haray - “Daş harayı” çəkirdi:
Bəlkə daşdan doğulubdur insanlar elə,
İndi-indi çox hikməti ağlım əridir.
Bəlkə sönmüş sandığımız vulkanlar elə
Nə zamansa dəfn olunmuş haqq səsləridir!
Sənət yaşayır və yaşadır…
Sənət - Ürək daşıdır - dar gündə ona, onun qurtarıcılığına inanırıq… Tanrı necə haqdır!
Əkbər QOŞALI
* * *
Hikmet Fərzəli
"Bu daşlar rəngbərəng, bu daşlar əlvan,
Qaraca daşlar var, göy, ağca daşlar.
Daşlar da atadı, anadı məncə,
Bəs necə yaranır balaca daşlar "
Möhtəşəm bir yazı oxudum.
Təşəkkürlər, sayın Başqan..
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)