YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
Azər Həsrət:
Hər qısqanan həyat yoldaşını öldürməlidirmi?
Yenə də qadın qətli haqqında xəbər tirajlanır. Həyat yoldaşının öldürdüyü deyilir. Hətta xəbəri bir az da şişirtmək üçün başının kəsilib küçəyə atıldığını uyduran IP dilənçiləri fürsəti fövtə vermir. Amma bilinən odur ki, qətl kəsici-deşici alətlə törədilib, sadəcə zərbələr yuxarı nahiyəyə endirilib. Yəni baş kəsilərək atılmayıb.
Lakin sözümüz bunda deyil. Ondadır ki, hadisənin qısqanclıq zəminində baş verdiyi iddia edilir. Ər həyat yoldaşını qısqanıb, ona görə də öldürüb. Əslində bu qədər sadə deyil məsələ. Öldürmək çıxış yoludurmu? Ümumiyyətlə hər qısqanan həyat yoldaşını öldürməlidirmi (döyməli, incitməlidirmi)? Əgər alınmırsa, yola getmirsinizsə, aranızda sevgi bitmişsə, ayrılın, boşanın da. Gərək elə mütləq əlinizi qana batırasınız? Həm də, ay qısqanclıq zəminində qadınına qıyan kişilər, bəlkə günah onlarda deyil, sizin özünüzdədir? Bəlkə siz yetərincə kişi deyilsiniz deyə qadınınızın gözü orda-burda olur? Bunu heç düşünmüşünüz? Axı heç bir qadın yanındakı kişi kimi kişini qoyub başqa yerdə kişi axtarmaz. Əgər axtarırsa, əvvəlcə kişilər bir özlərinə baxsın ki, nəyi düz etmirəm ki, həyat yoldaşım özünə başqa kişi axtarır? O qadın öldürənlər bu sualı özlərinə verməzlər. Çünki adamların “namusu”, “qeyrəti” var axı.
Etməyin belə, kişilər, etməyin. 21-ci yüzildə yaşayırıq. Hər bir problem danışaraq, anlaşaraq həll edilməlidir bu çağda. Edilmirsə, hörmət-izzətlə ayrılmaq da var. Ayrılın, özünüzə daha uyğun birini tapın, yaşamağa davam edin. Yoxsa sizə əmanət edilmiş qadınları öldürməklə millətin adını da dünyada biabır edirsiniz. Ki, bizə sizin kimilərə görə barbar kimi baxır bəzi millətlər...
.jpg)
.jpg)
.jpg)
.jpg)